Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

memarliq-fakultesinde-buraxilis-islerinin-mudafiesi-davam-edir
Oxunma sayı: 1836

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin bakalavr pilləsində təhsil alan 4-cü kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi prosesi yekunlaşmaq üzrədir. Memarlıq fakültəsində yekun dövlət attestasiyası diplom işlərinin yerinə yetirilməsi və müdafiəsi yolu ilə həyata keçirilir.

AzMİU-dan "Qafqazinfo"ya verilən məlumata görə, buraxılış işlərinin müdafiəsi üçün tərkibi 7 nəfərdən ibarət dövlət Atestassiya Komissiyası yaradılıb. Komissiyanın sədri Bakı şəhərinin baş memarı Akif Abdullayev, üzvləri Memarlıq fakültəsinin dekanı, dosent Zahidə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, Memarlığın əsasları kafedrasının müdiri, professor Nizami Nağıyev, Landşaft memarlığı kafedrasının müdiri, professor Aybəniz Həsənova, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva, dosent Yeganə Hacıyevadır.

Bu gün keçirilən müdafiədə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova da iştirak edib, buraxılış işlərinin məzmunu ilə bağlı diplomantlara  suallar verib, öz tövsiyələrini, dəyərli məsləhətlərini gənc memarlardan əsirgəməyib. Obyektiv və aşkarlıq şəraitində keçirilən müdafiə prosesində tələbələr müxtəlif təyinatlı tikililərin layihələndirilməsini, baş planını təqdim ediblər. Hazır layihələr komissiya üzvlərinə təqdim olunub, tələbələr isə işin məzmununu 7-8 dəqiqəlik çıxışları çərçivəsində proyektorlar vasitəsilə hərtərəfli izah edib, eyni zamanda müəllimlərinin suallarını cavablandırıblar.

Diplomantlardan Əmir Səlimovun Quba hava limanı, türk tələbə Eyyub Altunun Sumqayıt şəhərində İş mərkəzi, Fuad Nuriyevin Bibiheybətdə beynəlxalq kitabxana, Sevda Balayevanın Yeni Yasamalda ticarət mərkəzi layihəsi və başqalarının işləri də maraqla qarşılanıb. 

Məlumat üçün onu da qeyd edək ki, diplom buraxılış işlərinin müdafiəsinin qiymətləndirilməsi 3 mərhələdə aparılır. Buraxılış işi iki dəfə kafedrada müzakirə olunur, müəyyən meyarlar əsas tutularaq işin rəhbəri və rəyçilər tərəfindən ilkin qiymətləndirmə həyata keçirilir. Burada işlər maksimum 50 bala qədər qiymətləndirilir. Üçüncü mərhələdə isə dövlət attestasiya komissiyası üzvlərinin qarşısında diplom işinin məzmunu çatdırılır, onların sualları cavablandırılır və bunların əsasında qiymətləndirmə aparılır. Burada da tələbəyə maksimum 50 bal verilə bilər