“Mən həyəcanlanmıram, ölürəm...” - Zülfiyyə

men-heyecanlanmiram-olurem
Oxunma sayı: 3951

Dünən Bakıda keçirilən “Jara” filminin premyerasında Xalq artisti Zülfiyyə Xanbabayeva da iştirak edib. Məşhur müğənni tədbirdə “Qafqazinfo”nun suallarını cavablandırıb.

Sənətçi işləri olduğu üçün yayda qısa müddət istirahət etdiyini qeyd edib:

“Türkiyədə istirahətdə idim. Hər zaman ən azı bir ay tətil edirəm. Amma bu dəfə Bakıya tez gəldim. İşlərim, layihələrim var. Bitirmişik, hətta yenilərinə belə başlamışıq. Klip və mahnılar üzərində işləmişik. “Oxu” mahnısına klip çəkirik, rejissoru 15 il  əvvəl “Gözümün qarası”nı ekranlaşdıran gürcü rejissor Zazadır. Yəqin ki, 2-3 həftəyə təqdim edəcəyik”.

Z. Xanbabayeva hazırki medianın vəziyyətindən şikayətlənib: “Mən heç vaxt təqdimat etməmişəm. Böyük sponsor olan layihələrin premyerası olub. Bunu istəyənlər də sponsorlar olub, çünki onlar öz reklamlarını düşünüblər. Hətta konsertlərimdən əvvəl də mətbuat konfransı keçirməmişəm. Ümumiyyətlə, əvvəlcədən danışan biri deyiləm. Hər zaman həyatda özümü sığortalamışam. Bunun sonrası da var, dediyimi edə bilmərəm. Mən hər zaman media üzvlərinin ixtiyarına vermişəm ki, öz fikirlərini qeyd etsinlər. Onlardan şikayətçi olmuşam. Sadə informasiya yazırlar, ancaq fikirlərini qeyd etmirlər”.

Bundan əlavə, Xalq artisti özünü konsert verməyə hazır hiss etmədiyini söyləyib: “Hər gün məni görənlər deyir ki, konsert ver. Daxilən hazır olmalıyam. İnanın, hətta konsert günlərini belə müəyyənləşdiriblər, Bakı Konqres Mərkəzindən təklif gəlib. Deyiblər ki, məndən xəbərsiz afişa çıxaracaqlar, hər şeyi özləri hazır edəcəklər. Amma bilmirəm, istəyim yoxdur. Maliyyə problem deyil, düşünürəm ki, bir gün konsert verməyə gücüm çatar. Yorulmamışam, əksinə… Bir balaca kənara çəkilmişdim. Amma konsert çox məsuliyyətli bir şeydir. Müğənni var ki, deyir ki, konsertqabağı həyəcanlanmıram. Amma mən həyəcanlanmıram, ölürəm. Neçə illərin hesabatını verirsən”. 

Müğənni bildirib ki, istər iş, istərsə də evdə yekun olaraq öz rəyini verir: “Başqalarının fikri hər zaman mənim üçün önəmli olur, lakin rəyi, əlbəttə ki, özüm verirəm. Bu nəinki, layihələrdə, həyatda da belədir. Yekun rəyi özüm verirəm. Mən hamını dinləyərəm, məsləhətə qulaq asaram, amma son sözü özüm deyərəm”. 

Zülfiyyə Xanbabayeva çox az sayda həmkarları ilə duet oxuma səbəbini də açıqlayıb: “Mən duet mövzusunda çox xəsisəm. Bir neçə ifaçıyla bir mahnı ifa etmişəm. Yeri gəlmişkən, çox gözəl bir layihəm var. Gənc və istedadlı biridir. Vaxtı gələndə adı bilnənəcək, onunla təzəlikcə duet oxumuşam”.