Mən qorxuram

men-qorxuram
Oxunma sayı: 2867

Azər Qismət

“Azərbaycanda zəlzələ gözlənilir”, “Azərbaycanda kəskin şaxtalar gözlənilir”, “Azərbaycanda analoqu olmayan istilər gözlənilir”.

Mən bu xəbərləri oxuyanda qorxuram. Yox, nevroz deyiləm, nə də sinir sistemim zəngli saat kimi zınqıldamır. Qorxmağımın çox acı səbəbi var. Mən bunları görmüşəm. Soyuğu da, zəlzələni də, az qala adamın dərisini soyan kəskin istini də.

“Kəskin soyuqlar gözlənilir” xəbərindən çox üşənirəm. Bu xəbər ürəyimi deşir, bütün canımı sarır. Məcbur edir ki, tədbirli olum, yaxın keçmişdəkiləri bir daha yaşamayım. Bu qorxu soyuqdan üşüyəcəyimdən, onurğa sütünümda ağrıların qopacağından, başımın menengit olacağı vahiməsindən deyil. Bu qorxu tamam başqa nəsnələrin ucbatından cərəyan edir. Çünki SSRİ dağılandan sonra gördüklərim, yaşadıqlarım beynimdə qalıb, çıxmır canımdan. O günlər ki, tələbə vaxtlarımda Bakıdan rayona gedib iki yorğanla yatırdıq, səhərin açılmasını gözləyirdik ki, gəzişək, qəddimizi dikəldək. Ən azından yerimizdə dövr edək ki, qanımız donmasın. Sonra Kürün sahilinə gedib Tuqay meşələrindən ağaclar, kol-kos qırıb gətirək, odun sobasına odun atıb dünənə qədər elitar sayılan evimizi istiləndirək. Üstümüzdən his iyi, təzək qoxusu gəlsə də, qanımız dövr etsin. Bu qoxularla toylara, yaslara gedək. Və hamı üstündən gələn qoxunu duymasın. Çünki o qoxulara hamı bələnmişdi və daha utanmaqdan keçmişdi.

Odun olmayanda saatlarla sönən işığın yanması üçün elektrik lampalarına həsrətlə baxardıq. O lampaların közərməsindən bir-birimiz güclə görərdik. İşıq yananda cəld çaydanı elektrik qızdırıcısnın üstünə qoyardıq ki, tez qaynasın, yoxsa yenə söndürəcəklər. Həmin günləri görəndən sonra mən hələ də evə çoxlu şam alıram, bir kanistri ağ neftlə doldurub ehtiyat üçün saxlayıram, işıqların sönməməsinə arxayın olmuram, gecələr evin istiliyini aldadıcı hesab edirəm. “Qaz kəsilər” deyə evə elektrik qızdırıcıları alıb ehtiyat tədbiri görürəm. Bəzən elektrik generatoru almaq barədə düşünürəm.

Mən daha qar yağmasını istəmirəm. İstəmirəm onun “xəstəlikləri öldürəcək”, “bərəkət gətirəcək” missiyasını. Bir qartopu oynamaq həvəsinə lazım deyil o sevincli anlar. Hər gün hidrometereloji proqnozları izləyirəm. Aparıcı qızın “sabah Bakıda və Abşeron yarımadasında qar yağacaq” sözündən sonra gözümə yuxu getmir. Ertəsi gün evə 7-8 çörək alıram. Çünki qar yağanda çörək maşınlarının mağazalara gəlib çıxa bilməməsini 90-cı illərin əvvəllərində görmüşəm. Məni qınamayın. Mən sadəcə tədbirliyəm. 7-8 çörək bəs edəcəkmi? Bəlkə, çörək maşını 3 gün gəlib çıxmadı. Onda 10-15 kiloqram un alıram. Hələ altı sürüşməyən çəkmələr də almaq lazımdır. Hələ qum səpilməyən məhəlləarası yollarda “Allah, sən saxla” deyə yerimək lazımdır.
Üstəlik, hava proqnozunu elan edən aparıcı qızın “paytaxtda qar yağacaq” sözləri xəncər kimi ürəyimi deşir. Cibdə ehtiyat pul saxlamaq lazımdır. Çoxlu pul. Çünki, bu qarlı günlərdə sifəti 180 dərəcə dönən sürücülərin gediş haqqını ceyran belinə qaldıracaqlarını, bir kilometrlik yola 20-30 manat istəyəcəklərini çox görmüşəm. Və yenə görəcəyəm. Mən sadəcə qorxuram.

Hər gün avtomobil qəzasında kütləvi şəkildə ölən vətəndaşlarımızın nakam həyatının məni də saracağından qorxuram. Hansısa ata və anasından bixəbərin sükan arxasında heç bir məsuliyyət hissi duymadan ara mahnılarına qulaq asaraq siqaretin tüstüsünü fısqırdıb əyləşməsini, uşaqları yetim qoymasını, aqressiv simasını unutmaq olarmı? Mən sadəcə sığortalanmalıyam. Avtomobildə sürücünün arxasındakı oturacaqda əyləşirəm ki, heç olmasa vücudumun yarı hissəsi salamat qalsın. Gözlərim təhlükəsizlik kəməri axtarır, “bir az yavaş sürün” sözlərimə etinasız yanaşan sürücünün “dayı, heç cavan olmamısan?” sualından çaşıb qalıram. O anda xatırlayıram ki, mən də cavan olmuşam. Amma uzunqulaq olmamışam.

Mən sadəcə qorxuram. Tuneldə hərəkət edən metro qatarının qapılarının tez-tez açılıb-örtülməsindən, eskalatorun qəfildən dayanmasından, androloq qapısında 17-18 yaşlı gənclərin növbəyə dayanmasından, kişilərin qaşlarını aldırmasından, 2 uşaq anasının dünən sosial şəbəkədə tanış olduğuna qoşulub qaçmasından, toy günü tamadaya öz mobil nömrəsini verən gəlindən, məktəb ayaqyolusunda siqaret tüstülədən gələcəyin analarından, fast foodlardan qorxuram.

Mən nevroz deyiləm. Mən sadəcə qorxuram.