Məzarınız üstdə güllər açacaq...

mezariniz-ustde-guller-acacaq
Oxunma sayı: 2106

Seymur Verdizadə

Erməni hərbçilərinin qəhrəman əsgərlərimizin qarşısında dabanlarına tüpürüb qaçdıqları tarix arxada qaldı. Amma üç günlük müharibənin nəticələri hələ uzun müddət müzakirə olunacaq. Bu tarixlə öyünməyə haqqımız var. Azərbaycan xalqı gözünü qırpmadan canını vətən uğrunda fəda edən qəhrəman övladları ilə fəxr edə bilər.

Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hərəkətlərinin qarşısını almaq məqsədilə başlayan hərbi əməliyyatlar qısa müddət davam etsə də, ortaya əhəmiyyətli nəticələr qoydu. Üç günlük müharibə sübut etdi ki, Vətənin başının üstünü qala buludlar alanda Azərbaycan xalqı yumruq kimi birləşməyə qadirdir. Ordumuzun düşmənin təxribatlarını dəf etdiyi günlərdə Azərbaycan cəmiyyəti əsl birlik və həmrəylik nümunəsi göstərdi. Mən həmin günlərdə təkcə redaksiyada yanaşı əyləşdiyim həmkarlarımın deyil, uzaq Zaqatalada yaşayan həmvətənlərimin də Vətən üçün döyünən ürəyinin səsini eşidirdim...

2-4 aprel tarixlərində davam edən hərbi əməliyyatlar zamanı biz bir daha əmin olduq ki, Azərbaycan Ordusu yağı düşmənin burnunu ovmağa qadirdir. İnanıram ki, Azərbaycan Ordusuna məxsus müasir hərbi texnikanı və ağır artilleriya qurğularını görən düşmən tezliklə özünü yığışdıracaq. Kədərli günlər arxada qaldı. İndi bizi qalib əsgər qoruyur. Azərbaycanın cəsur oğulları öz qanları bahasına məğlub ordunu qalib orduya çevirdilər.

Yaxın keçmişdə baş verdiyinə görə, nəinki yaşlı insanlar, hətta mənim kimi orta nəsli təmsil edən adamlar da Birinci Qarabağ Müharibəsini yaxşı xatırlayırlar. Etiraf edək ki, həmin vaxt müxtəlif bəhanələrlə ordu sıralarına qatılmaqdan imtina edən adamlar az deyildi. Amma bu dəfə biz bunun əksini gördük. Gənc və orta nəsli təmsil edən kişilərlə yanaşı, ağsaqqallar da Vətən uğrunda döyüşmək üçün Ali Baş Komandana müraciət etdilər. Ölkədə fəaliyyət göstərən universitetlər dəniz kimi dalğalanırdı. Tələbə oğlan və qızlarımız döyüşə atılmaq üçün əmr gözləyirdilər. Döyüşə can atanların arasında 15-16 yaşlı yeniyetmələrimiz də vardı. Onların qisas eşqi ilə alışıb-yanan çöhrələrini görəndə, göz yaşlarımı boğa bilməmişdim...

Haşiyə: 1990-cı ildə qanlı yanvar hadisələri baş verəndə, orta məktəbin 9-cu sinfində oxuyurdum. Dövlət televiziyasinin enerji bloku partladıldığı üçün əyalətdə yaşayan insanlar informasiya blokadasına düşmüşdülər. Şaiyələr payızda ağacdan qopan yarpaqlar kimi havada uçuşurdu. Hamı qorxu və səksəkə içərisində idi. Dəqiq yadımdadı, o vaxt sinfimiz iki yerə bölünmüşdü. Uşaqların yarısı Türkiyənin, yarısı isə İranın tabeliyinə keçməyimizi istəyirdi. Böyükləri deyə bilmərəm, Azərbaycanın müstəqil dövlət ola biləcəyi biz uşaqların ağlının ucundan belə keçmirdi. Ötən gün bu hadisəni 10-cu sinif şagirdi olan oğluma danışanda, xeyli güldü. Müstəqillik dövründə qazandığımız ən böyük nailiyyət məhz budur. Azərbaycanın öz müstəqilliyini hansısa dövlətə güzəştə gedəcəyini indi nəinki böyüklər, heç 15-16 yaşlı uşaqlar da ağıllarının ucundan keçirmirlər. 2-4 aprel tarixlərində həyata keçirilən uğurlu hərbi əməliyyatlardan sonra Azərbaycan Ordusu bu qənaəti daha da möhkəmləndirdi.

Üç günlük müharibə nəticəsində iki kənd və bir neçə strateji yüksəklik işğaldan azad olundu. Azərbaycan əsgəri 22 il sonra qədəm basdığı Vətən torpağını öz müqəddəs qanı ilə suladı. Əsgərlərimizin qanı axan bu torpaqlarda bir-birindən gözəl güllər bitəcək. Uşaqlar həmin gülləri dərib, şəhidlərimizin məzarları üstünə düzəcəklər. Məzarların üstdə güllər açacaq...