Mollaların inkir-minkir cəfəngiyyatı

mollalarin-inkir-minkir-cefengiyyati
Oxunma sayı: 4459

Nərmin Dadaşova

Son zamanlar heç bir reallıqla, heç bir uğursuzluqla barışmaz olmuşam. Və bu mənə dəhşətli dərəcədə əzab verir, qorxudur. Özümü başımdan yuxarı qaldırıb yerə çırpmağım gəlir. Camaatın əli, qolu, ayağı burxular, mənim isə ürəyim burxulub. Neçə gündür  qəribə bir boşluqda, dibsiz bir qaranlıqda çabalayıram. 

Bir həftə əvvəl babamı itirdik . Hə, oxucu dost, dəhşətli  həqiqətdir, nənələrimiz, babalarımız öldükcə uşaqlığımız da ölür. Dəfnə getmək üçün atam bizi rayonun girəcəyində  gözləyirdi.  Sakitcə bir-birimizə yaxınlaşıb qucaqlaşdıq. Başımı sinəsinə sıxıb “möhkəm ol, ata” dedim. Çünki mən atamı, qəhrəmanımı ağlayan görməyə dözə bilmirdim. Həmin gün vaxt aşırı qadınların yığışıb ağı dediyi otaqdan eyvana çıxıb atama baxırdım. Hər dəfə də eyni cür görürdüm onu- ağlayan...Ürəyim parça-tikə idi. O öz atasına, mən öz atama ağlayırdıq. Günü-günə caladıqca ağrım bir az da artır. Get-gedə itkimizin  yerində yaranmış boşluq məni içinə çəkir. Özü də təkcə babamın ölüm həqiqəti ilə yox, başqa-başqa həqiqətlərlə.  Möhkəm zərbə ilə  ağır yuxudan oyanıb amansız bir reallığın içinə düşmüş kimiyəm. Sən demə mən işıq gələn tərəfi qoyub it hürən tərəfə getmişəmmiş. 

Hə, onu deyirdim axı, qadınların yığışıb ağı dediyi otaqdan tez-tez eyvana qaçırdım. Atama baxırdım, sonra bir az da həyət-bacaya, kombayna, traktora, ağaca, toyuq cücəyə, kirayə çadır gətirmiş yük maşınına, eyvanın kənarına düzülmüş qab-qaşığa əllə toxunula,  gözlə görülə bilən, mücərrəd olmayan hər şeyə baxıb o “ağlaşma”otağına yenidən qayıdırdım.

Bu qadınlar nə danışır axı, ilahi? Babam ölmüşdü, torpağa qovuşmuşdu, məzar olmuşdu, babam yox idi. Biz artıq ona toxuna, onu görə bilməyəcəkdik. Bu həqiqətin üstündən onların uydurduqlarının adı nə idi?  Molla qadın, üzünü məclisə tutub “Mərhum indi körpüdən keçir” deyirdi, “inkir” deyirdi, “minkir” deyirdi, “imtahan, sual-cavab” deyirdi. “İlahi, qəzəblənmə, biz ölümüzə ağlamırıq, imamlara ağlayırıq” deyirdi. Tüklərim ürpəndi,  gözümün yaşı qurudu.  Yəni doğrudanmı hər şeyi görən və bilən Allah ölümüzə ağladığımız üçün bizə qəzəblənə bilərdi?  Niyə vida məclisləri belə xüsusi rituallarla, mütləq qaydalarla keçirilir, anlamıram. Axı hərəmiz başqa cür yaşayırıq kədərimizi, hərəmiz bir cür edirik vidamızı. Atam babamın kombayınına söykənib fikrə getmişdi, biz onu ordan, xatirələrindən ayırıb bazara göndərdik. Kartof-soğan dalıyca, ət dalıyca, göyərti dalıyca qaçdı. Ən müqəddəs varlığını itirmiş birinə bu böyüklükdə zərbəmi olar, əziz adam?  

Mən tanımadığım adamın gözündən axan yaşdan ağrıyacaq qədər həssas adamam, oxucu dost. Niyyətim sənin inancına dil uzatmaq deyil. Nə həddimə? Əslində mənim dediklərim sənin demək istədiklərindir. Dünyadan getmiş birinə ağı demə, onun yoxluğundan beli bükülmüş birinə söykənməyə çiyin ol. Atanın məzarı da atadır, babanın xatirəsi də babadır. 

Ümid isə sənsən.