Nardaranda açılan güllələr

Nardaranda açılan güllələr
Oxunma sayı: 5580

Xuraman Hüseynzadə

Çexovun “Rotşildin skripkası”nda Yakov, son günlərində həyatının səmərəsiz keçməsi haqda düşünür. Düşünür ki, nə üçün o, bütün həyatı boyu savaşmış, dalaşmış, yumruqlarını sıxıb başqalarına hücum eləmiş, arvadını incitmişdi? Hansı səbəbə görə Rotşildin qəlbinə dəymişdi? Axı nə üçün insanlar ümumiyyətlə, bir-birinin yaşamasına mane olurlar? Bunun nəticəsi çox vaxt dəhşətlə bitir axı... Əgər nifrət və ədavət olmasaydı, insanlar bir-birindən ziyan yox, xeyir görərdi... Yakov, nə qədər mənfəətini güdən biri olsa da son anda nifrətə və ədavətə qarşı çıxır...

Bir məktəblinin qeydlərindən oxumuşdum: “İnsanların içində nifrət və ədavət hissi olmasaydı göy üzündə qırıcılar, bombalar, güllələr yox, göyərçinlər uçuşardı.”

Gözlərimizin önündə, burnumuzun ucunda açılacaq güllələri görməzdən gəlirik. Cəhalətin masştabı genişləndikcə təhlükəsizliyimiz təhlükə ilə daha çox üz-üzə qalır. Niyə açılır o güllələr? Nədir bu ədavət, bu kin-küdurət? Kimə lazımdı?

***

İnsanların çətinliklə yaşadığı, kredit böhranı yaşadığı bu dövrdə korluq çəkmədiyimiz təkcə təmiz-qan iyi gəlməyən havadı. Klişe də olsa, təkrarlayaq: bizim ən çox düşünməli olduğumuz bir mövzu var-Qarabağ.

Evimizin içini bərbad görmək utandırır adamı. Nardaranı belə görmək istəmirik...

Öz millətimizin övladları haqda “ekstremist” sözünü oxumaq ağrılıdı. Çox ağrılıdı...

Polis oğlunun başdaşını öpən atanın fotosu ürək dağlayır.

Ailələr başsız, ata-analar gözü yaşlı, uşaqlar atasız qaldı...

Kimsənin gözləmədiyi, ağlına gəlmədiyi yerdən gəldi Ölüm...

Səhər övladlarını evdən yola salıb, axşam cənazələrini qarşıladı ata-analar. Belə faciə olarmı?

Hamısı bizim qardaşlarımızdı. Niyə qardaş qardaşa güllə atsın axı? Niyə talelər yarıda qırılsın?

Evimizin içində, burnumuzun ucunda insanların qanı axıdıldı...

Niyə? Nə səbəbə?

Niyə imkan vermirlər sosial dərdlərimizlə məşğul olaq?

Fitvaya getmək üçün ayrılan zamana nə qədər səmərəli işlər görmək olardı?!

Ən azından, ölmək olmazdı...

Öldürmək olmazdı...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi