Nədən küsmüsünüz?..

Nədən küsmüsünüz?..
Oxunma sayı: 1771

Fazil Mustafa

Bu ölkədə ümumi kütlənin əzbərlədiyi testdən kənara çıxaraq hansısa görüş bildirmək olduqca risqlidir. Hamını düşündürən əsas məsələ düşüncəmizdə yerləşdirilmiş əsas testlərin dəyişməzliyi qanunudur. Arqument də tavtoloji xarakter daşıyır: Savaş aparırıq, bu səbəbdən də indi həqiqətləri olduğu kimi qabartmaq olmaz. 

Belə anlaşılır ki, adam ciddi xəstəliyə düçar olub, həkimə müraciət etmək istəmir ki, birdən qonşuları xəstəliyini bilmiş olarlar. Qardaşım, tarixdir, ədəbiyyatıdr, elmdir, bunlara hədsiz ideoloji çalarlar qatmayın, daha çox əqli-səlim insanlar yetişdirməək barədə düşünün. İndicə mən də heyrətlə oxudum görüm Nizamini kim fars şairi elan edib, bəlkə doğrudan da qərəz var? 

Oxuyandan sonra həmin mənanın qətiyyən çıxartmadım ki, burada Nizaminin farslığına işarə edirlib. Mətni diqqətlə oxuyun: "Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”. 

Nizami kimdir? Əlbəttə Gəncədə doğulmuş, Azərbaycan Atabəylərinin hamayəsində olan bir türkdür. Türk epik edəbiyyatına aid hansısa əsəri tapılıbmı? Xeyr! Fars epik ədəbiyyatının ən böyük romantik şairi yaxud da farsdilli epik poeziyaya danışıq dili və realistik stil gətirmiş deyəndə Nizaminin fars olduğu mənası çıxmır axı? Həqiqətən də fars dilində ən mükəmməl əsərlər yaratdığına görə dünya poeziyasında tanınır. Gülməlidir, adamları tutub cəzalandırıblar ki, niyə fars dilində şedevr yaratmış şairə fars epik ədəbiyyatının ən böyük romantik şairi adını vermisiniz. Adam türk epik ədəbiyyatının ən böyük romantik şairi bənzətməsini yazmalıydı? Füzuli barədə belə bir ifadə yazılsaydı, bunu anormallıq kimi qəbul etmək mütləq lazım idi, çünki Füzuli ərəbcə, farsca yazdığı qədər türkcə ən mükəmməl əsərlər yaramış bir dühadır. 

Nizami bəlkə də türkcə əsərlər yazmış, ancaq bizə məlum olmadığına görə belə bir iddia irəli sürməmiz ciddi səslənməz. O çağlarda Nizami kimi onlarla türk şairi əsərlərini dövrün ədəbi dili sayılan farsca yazdıqlarına görə onlar fars ədəbiyyatının zənginləşməsinə fayda vermişlər. 

Buradan açığı bəsit bir kampaniyaçılıq qoxusu gəlir. Xatirəmə bir həyat epizodu duşdü. Universitet illərindən tanıdığım bir dostumuz heç bir ciddi əsas olmadan həbs olunmuşdu, beş il də nahaqdan həbsdə yatmışdı. Bir dəfə də olsun söhbət edəndə nahaqdan beş il həbsdə yatdığından şikayət etməzdi, incikliyini büruzə verməzdi. 

Bir dəfə futbol meydançasında əlverişli qol vəziyyətində ona kimsə ötürmə vermədi. Adam qəzəblənərək küsdü və meydançanı tərk edərək çayxanaya getdi. Biz oyuna davam etdik, çıxıb çayxana gələndə həmin dostumuza zarafatla bir söz dedim: Dostum, sən bilirəm ki, beş il əsassız olaraq həbsdə yatmısan, nə hakimdən, nə hökumətdən küsməmisən, mənə anlaşılmaz qaldı, adicə bir ötürmə ala bilməməkdən necə oldu ki, küsdün? 

İndi bizlər də cəmiyyət olaraq böyük itkilərdən, sarsıntılardan, badalaqlardan küsmürük, kiçik detalları özümüzə bir qürur məsələsinə çeviririk. Daha ciddi və taleyüklü məsələlərə diqqət yönəltməmiz daha doğru olmazmı? Yəni kimliyini tanımadığım bu adamlar dəftədəmi, kağızadamı bilmirəm, Nizaminin fars olduğunu yazmayıblar, onun yaradıcılığı ilə bağllı də Vikpediyada yerləşdirilən həqiqəti yazıblar, o zaman nədən küsmüsünüz, bəlkə bizə də anladasınız.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi