“O, məni aldatdı” - Fərhad Vəliyev

o-meni-aldatdi
Oxunma sayı: 1714

“Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Qarabağ”a 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Matç və aldığınız qırmızı vərəqə barədə nə deyə bilərsiz?

- Son dəqiqələrdə Pedro Enrike mənimlə təkbətək qaldı. İstədim ki, çıxıb topu uzaqlaşdırım. Həmin epizodda o, məni aldatdı. Həm onu yıxdım, həm də topa toxundum. Düşünürəm ki, düzgün qərar verildi. Qolum Pedronun ayaqlarına dəydi.

- Bu nəticəni "Sumqayıt" üçün müsbət saymaq olar?

- Kubokda səfər matçında 1:2 hesabı ilə uduzmaq pis nəticə deyil. Özü də "Qarabağ" kimi bir komandaya. Evdəki matça hazırlaşacağıq. Yaxşı hazırlaşıb, rəqibi keçmək olar.

- Yarımfinal real görünür?

- "Qarabağ"la oyunumuz heç alınmırdı. Amma bu dəfə pis çıxış etmədik. Cütün qalibi cavab matçında bilinəcək.

- Evdə "Sumqayıt"ın üstünlüyü nə olacaq?

- Evdə güclü komandalara qalib də gəlmişik, xal da qoparmışıq. Azarkeşlərimiz də bizi tək qoymayacaqlar. Bütün stadion dolacaq. Sona kimi mübarizə aparacağıq.

- Həmin görüşdə qapıda Mehdi Cənətov dayanacaq. Onun da oyun praktikası azdı...

- Əlbəttə, o da yaxşı qapıçıdı. Özünü yaxşı tərəfdən göstərmək üçün şansdı. Komandaya köməyi dəyəcək.

- Çempionat yarılanıb. Hazırkı nəticəni "Sumqayıt" üçün uğurlu saymaq olar?

- Keçmişə baxanda, saymaq olar. Dördüncü yer pis nəticə deyil. İkinci dövrədə çox komandalarla evdə oyunumuz var. Daha çox xal toplaya bilərik.

- Qışda heyətinizə daha çox futbolçu cəlb edilməsinə ehtiyac var?

- Buna məşqçilər cavab verə bilər. Cavid İmamverdiyevlə Cavid Tağıyev də zədəlidi. Onlar da komandaya qoşulandan sonra daha yaxşı olacaq. Transfer məsələsi barədə rəhbərlik və məşqçilər qərar verir.