“Qara şəhər”in “qara günlər”i - - Fotolar

qara-seherin-qara-gunleri-
Oxunma sayı: 3087


“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumata görə, “Ağ şəhər” adlı bu projenin gerçəkləşdirilməsi üçün rayonun “Xətai” metrosunun yaxınlığında yerləşən və “Qara şəhər” adlanan ərazidə söküntü işləri davam edir.

"Qara şəhər"in sakinləri evlərinin sökülməsi qarşılığında istədikləri məbləğin verilməsini tələb edirlər. Rəsmilər isə onlara vəd ediləndən artıq heç nə verilməyəcəyini deyir.

Ərazidə yaşayan sakinlərdən bir qismi artıq onlara verilən kompensasiya ilə razılaşaraq köçüblər. Amma sakinlərin böyük bir hissəsi verilən pullarla razılaşmayaraq, evlərindən çıxmaq istəmirlər. 

Ərazidə gedən tikinti işləri sakinlərin gündəlik həyatına mənfi təsir edir. "Qara şəhər"in yolları ağır tonnajlı yük maşınlarına görə bərbad hala düşüb. Hər yer toz-torpaqdır, yollar isə bataqlığa dönüb. 

Ərazinin telefon xətləri uzun zamandır ki, kəsilib. Qaz, su və işıq isə qrafiklə verilir. Sakinlər bütün bunların qəsdən edildiyini düşünürlər.

"Qara şəhər" sakinlərinin sözlərinə görə, onlara verilən kompensasiya ilə razılaşmadıqları üçün bir yolla insanları buradan qovmaq istəyirlər: “Biz bilirik ki, prezidentin sərəncamı var. Evimizin hər kvadratmetrinə 1500 manat verilməlidir. Amma bunlar bizə 1000 manat təklif edirlər. Bu da bizə sərf eləmir. Ona görə də, evlərimizi satmırıq. Bunlar da bizi buradan qovmağa çalışırlar. Əvvəlcə su anbarında olan bütün suyu evlərə axıtdılar. Faydası olmadı. Yollarımızı dağıtdılar, faydası olmadı. İndi də qəsdən toz-torpaq yaradırlar ki, bezib, bunlarla razılaşaq. Amma bu iş baş tutmayacaq. Özlərini boş yerə yorurlar. Bizim pulumuzu normal şəkildə verməsələr, biz buradan köçməyəcəyik”.

Sakinlər iş maşınlarından və dəmir toplayanlardan beziblər: “Baxın qapımın önünə, görün, nə haldadır? Evdən təmiz ayaqqabı ilə çölə çıxan kimi palçığa batıram. İş maşınlarının səsindən evdə oturmaq da olmur. Hər tərəf olub zibilxana, toz-torpaq... Dəmir yığanlar var. Hər gün gəlib, sökülən evlərin dəmirlərini yığırlar. Bəzən də qazımız kəsiləndə bunu fürsət bilib, qaz borularımızı kəsmək istəyirlər. Daha bezmişik...”

“Söküntüyə görə qazımızı kəsiblər. Məcbur qalıb, odun yandırırıq”

Ərazidə gəzərkən qarşımıza balaca bir oğlan çıxdı. Diqqətimizi çəkən onun araba ilə odun daşıması idi. 

Ondan bunun səbəbini soruşduq: 

- Bu odunları hara aparırsan?

- Evə aparıram. 

- Səbəb..?

- Söküntüyə görə qazımızı kəsiblər. Məcbur qalıb, odun yandırırıq. 

"Qara şəhər"dən çıxarkən qarşımıza “Villa Petrolea” adlı bu tikili çıxdı. Diqqətimizi çəkdi və haqqında araşdırma apardıq. 

Məlum oldu ki, bu bina “Nobel qardaşları” muzeyi adlanır və 2008-ci ildə açılıb. Nobel qardaşlarının 1882-ci ildə inşa etdikləri, “Villa Petrolea” adlandırılan kompleksin bərpası, İsveç hüdudlarından kənarda bu məşhur ailənin ilk muzeyinin yaradılması üzrə Nobel nəslinin Bakı fondunun vacib addımlarından biri olub. 

Burada Nobel ailəsinin istifadə etdiyi məişət və interyer predmetləri toplanıb. Söküntülər başa çatdıqdan sonra “Villa Petrolea”nın aqibəti necə olacaq, bax, onu zaman göstərəcək.