Qarabağ bloku hökumət üzvlərinin bank hesablarının açıqlanmasını istədi

qarabag-bloku-hokumet-uzvlerinin-bank-hesablarinin-aciqlanmasini-istedi
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, toplantıda ötən həftənin ən önəmli hadisələrinə dair müzakirələr aparılıb və blokun rəsmi mövqeyi açıqlanıb.

İlk növbədə dövlət başçısının ailə üzvlərinin şübhəli biznes fəaliyyətinə dair “Azadlıq” radiosu əməkdaşlarının apardığı jurnalist araşdırmaları və tanınmış Qərb mətbuatında bu mövzuda dərc olunan yazılar diqqət mərkəzində saxlanılıb və blokun İdarə heyəti araşdırmalarla əlaqədar heç bir rəsmi açıqlama verilməməsindən təəssüfləndiyini bildirib. Qarabağ bloku Respublika Prezidentinə müraciət edərək onu, ailə üzvlərinin biznes fəaliyyəti haqqında yazılanlara rəsmən münasibət bildirməyə çağırıb. Eyni zamanda, blokun İdarə heyəti təklif edib ki, ölkədə korrupsiyanın dövlət siyasəti səviyyəsinə qalxmasını, dövlət vəsaitlərinin lazımsız istiqamətlərə və israfçılıqla xərclənməsinə dair çoxsaylı faktların olmasını, habelə iqtisadiyyatın tamamilə qapalı, qeyri şəffaf idarə edilməsini nəzərə alaraq beynəlxalq birliklərə və demokratik ölkələrin hökumətlərinə Azərbaycan hökumətinin rəhbər heyətinin və onların ailə üzvlərinin şəxsi bank hesablarının açıqlanması və əmlakları haqqında Azərbaycan xalqına məlumat verilməsi üçün ölkədə fəaliyyət göstərən bütün siyasi və ictimai təşkilatlar birgə müraciət etsin.

Qarabağ Bloku Bakıda keçiriləcək Avrovision mahnı yarışması ilə əlaqədar yaranmış problemlərə də toxunub və azad mahnı yarışması olan bu tədbirin keçirilməsi zamanı insanların hüquqlarının daha çox pozulması və hətta yarışma ilə bağlı hazırlıq prosesində də vəsaitlərin korrupsiyaya məruz qalması ehtimallarından ciddi narahat olduğunu bildirib.

Qarabağ Bloku Avropa Komissiyasının Avropa Qonşuluq siyasətinə dair açıqladığı illik sənədlər paketində Azərbaycana dair təklif və iradlarla həmrəy olduğunu bildirib və iqtidarı bu tələbləri yerinə yetirməyə çağırıb.

Zaqatala-Balakən bölgəsində baş verən zəlzələ ilə əlaqədar məsələyə diqqət yetirən Blokun idarə heyəti ayrılmış vəsaitlərin təbii fəlakətdən zərər çəkən vətəndaşlara tam həcmdə çatması üçün, vətəndaşlara dəyən maddi zərərlərin müəyyən edilməsi və kompensasiyaların verilməsini parlament və müstəqil ictimai təşkilatların nümayəndələrindən ibarət komissiyanın nəzarəti ilə həyata keçirilməsini təklif edib.

Qarabağ Bloku son zamanlar İranla Azərbaycan arasında yaşanan siyasi gərginliyin tezliklə aradan qalxmasının vacibliyini qeyd edib və İran hökumətini bu ölkənin ərazisində həbs olunmuş Azərbaycan vətəndaşı olan iki gənci dərhal azad etməyə çağırıb.