“Qoy başına and içim, sənin ayaqlarının...” - Mirşahin

qoy-basina-and-icim-senin-ayaqlarinin-mirsahin
Oxunma sayı: 961







Şahmat

Dağ çək bağrım başına,
Sonra dağlarla oyna!
Gecə mənim, gün sənin,
Götür ağlarla oyna!

Buyur, gediş sənindi,
Onsuz da gedəcəksən!
“Şah!” deyirsən, bilirəm...
Şahı mat edəcəksən.

Sənə yol xətalıdı,
Atı, topu ziyada...
Qaçırıq taxta boyu,
Sən atlı mən piyada.

Elə udardım səni,
Pis oyunçu deyiləm.
Amma sənə, tək sənə,
Uduzmaq istəyirəm.

Təslim olum əlinə,
Gözünə təslim olum,
Baxışınla sehrlə,
Ovsunla, tilsim olum...

Ancaq sənlə açılsın,
Sirri dodaqlarımın...
Qoy başına and içim-
Sənin ayaqlarının...

Hə beləcə oynayaq,
Bir taxta üzərində!!!
Sən şah taxtu-tacında,
Mən piyada yeyində

Uduzduqca uduzum,
Bəxt çətin tapar məni...
Qoy oyunçu aparsın,
Di götür, apar məni!!!

Guya cənnətə...

Guya cənnətə düşürük:
Önümüzə mələk gəlir...
Fələkdi də baş aldadır,
Mənə, sənə kələk gəlir...

Gündüz və gecə ölürük,
Düşürük gücə ölürük
Elə beləcə ölürük,
Kəfən gedir bələk gəlir.

Son mənzilə tək gedirik...
Pak gəlirik, pak gedirik!?
Allaha ki şəkk edirik
Suçumuz min çərək gəlir...

Bir gün halva, bir gün məzə
Tabut, beşik gəzə-gəzə
Candan düşən belimizə,
Cansız çöpdən dirək gəlir

Və beləcə bitir dünya,
Gözümüzdən itir dünya,
İmanından yapış dayan,
Əcəl gələndə bərk gəlir!

Hər şey asılır Allahdan,
İnciyirik vaxtdan, baxtdan!
Anamın çəkdiyi ahdan,
Doğma isti külək gəlir!

Yeyirik bir-birimizi
Gəzə-gəzə qəbrimizi
Qəribədir səbrimizin
Cütü də elə tək gəlir....

Nə toydayam, nə vaydayam,
Sən Allah gör nə haydayam
Qəbrimi salım qaydaya
Kimsə əldə çiçək gəlir

Yerləşmə (Anti təlqin)

Gəldim çatdım...
Yerləşirəm, narahat olma!
Düzdü, bir az darısqaldır
Bir az soyuqdu
Amma burda bundan geniş ,
bundan işıqlı, bundan isti
Bundan rahat otaq da yoxdu!

Burda təkəm, uzanmışam, dincəlir canım
Qarışqalar yem axtarır
bəbəklərimdə...
Yatıb nəbzim, durub qəlbim, dincəlir qanım.
Səsi gəlmir vəd oluna mələklərin də
Hanı bunun odu, suyu, alma bağları?!

Uşaqların ruhlarından doğulan quşlar?!
Bir az qumdu, bir az torpaq buranın varı,
Bir də başım üstündəki laybalay daşlar...

Niyə belə qəfil düşdü yağış mövsümü?
Qorunmağa balaca bir çətir də yoxdu
Bu nə idi, çürüyürəm, yoxsa leş kimi?
Tərs kimi də üstümdə heç ətir də yoxdu...

Belə qonaq evi olar?
Bəsdi sən Allah!
Gör qar basınca otağımın damı sökülür...
Həşəratlar dabanımı qıdıqladıqca ,
Gülmək tutur,
Uğunmaqdan ətim tökülür...

Bədənimi tükmü basıb?
Bəs niyə yaşıl?
Bərbər əli gəzən yerdə quzu dişləri
Suvarırlar, becərirlər sonra yeyirlər
Buranın da varmış demə əcəb işləri?

Hə beləcə yer üzündən uzaqlaşıram,
Bir az otda, bir az suda donuram yenə,
Yavaş-yavaş əriyirəm, torpaqlaşıram,
YERLƏŞİRƏM, asta-asta dönürəm yerə...