Ramil Usubov hesabat verdi

ramil-usubov-hesabat-verdi
Oxunma sayı: 644

Qafqazinfonun məlumatına görə, Daxili işlər naziri Ramil Usubov hesabat məruzəsində deyib ki, 2012-ci ildə əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 266-dan 236-ya enib: “Hesabat dövründə bütün subyektlər üzrə qeydə alınmış 21 897 cinayətin 94%-i və ya 20 675-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Onların 88%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12%-ni ağır və xüsusilə ağır növlər təşkil edib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib”.

Nazir qeyd edib ki, cinayətlər törətmiş 12 526 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib: “İstintaqdan və məhkəmələrdən yayınan 2148 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi 71 nəfərin və bu təşkilata üzv ölkələrin axtardığı 27 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarışa elan edilmiş şəxslərin 67,4%-i tutulub.

649 ağır və xüsusilə ağır cinayət, o cümlədən 15 qəsdən adam öldürmə, 61 quldurluq və 56 soyğunçuluq törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə saxlanılan 713 odlu silah və 35 minə yaxın patron götürülüb, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 100 nəfər məsuliyyətə cəlb olunub. Nəticədə odlu silahla törədilən cinayətlərin sayı 57 fakt təşkil etməklə 2011-ci illə müqayisədə 22% azalıb”.

Ramil Usubov nöqsanlara da toxunub: “Vətəndaşlarla kobud rəftara görə 70, sürücülərin hüquqlarının pozulması ilə bağlı 45 fakt aşkarlanıb və 255 əməkdaş barəsində ciddi intizam tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə bağlı şəxsi heyət arasında aşkarlanmış 54 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 81 əməkdaşdan 51-i xidmətdən xaric edilib, 24-ü tutduğu vəzifədən azad olunub, 6-sı barədə digər intizam tənbehləri tətbiq edilib”.