“Rəşad hücumun birinci halqasıdır” - Boretsdən Sadıqova dəstək

resad-hucumun-birinci-halqasidir
Oxunma sayı: 2923

7 il Azərbaycanda “Neftçi” və “Bakı”nın formasını geyinmiş Vadim Borets “Şerif” - “Qarabağ” matçı və Rəşad Sadıqova tənqidlər haqqında danışıb.

“Qafqazinfo” 42 yaşlı keçmiş futbolçunun Sport24.az-a müsahibəsini təqdim edir:

- “Şerif” doğma klubunuz olub, “Qarabağ” isə ölkəmizdəki uzunmüddətli karyeranızdan yaxşı tanıyırsınız...

- Bu duel mənə çox maraqlıdı. Görürsünüz də, həyatda necə olur, futbolda yenidən yollarımız kəsişir. “Qarabağ”ı bu yay izləmişəm. Çempionlar Liqasında daha çox irəliləməyini istərdim. BATE-ylə matçlarına televiziyadan baxdım. “Qarabağ”ın keçməsi üçün azarkeşlik edirdim. Məncə, “Qarabağ”ın bir az bəxti gətirmədi.

- Bəs kimi qələbəyə daha şanslı sayırsınız?

- Oyunadək şanslar bərabər olur. Hər iki tərəf güclü komandadı, öz ölkələrinin çempionlarıdı. "Şerif"ə də, "Qarabağ"a da uğurlar, yaxşı oyun arzulayıram. Fikrimcə, maraqlı, sərt mübarizə olacaq. Qarşılaşmaları böyük maraqla gözləyirəm.

- Rəşad Sadıqovun BATE-yə qarşı hər iki oyunda ötürmədə etdiyi səhvi nəylə əlaqələndirərdiniz?

- Rəşad Sadıqovun müsahibəsini oxudum. Deyib ki, onun üzündən uduzdular. Ancaq bununla razılaşmıram. Çünki məğlubiyyət hamınındı, qələbəni komanda qazanır. Rəşad müdafiəçi olsa da, nə qədər vacib qollar vurub, dəfələrlə komandasını xilas edib!

Futbolda səhv normaldı. Rəşadı ruhdan düşməməyə çağırıram, ona dəstək oluram. Sadıqov əla futbolçudu, əla insandı!  Futbolçu kimi çox bəyənirəm. O, əsl kapitandı, əsl liderdi, həyatda heç vaxt kiminsə arxasında gizlənməyib. Bəli, səhv edib, bunu açıqlayıb. Kim səhv etmir ki? Hamı. Futbol həyatında hər şey olur. Dünyada heç bir futbolçu, heç bir insan yoxdur ki, xətaya yol verməsin.

Başa düşürsünüz, “Qarabağ”ın oyun üslubu belədi. Həmişə topla, çox ötürmələrlə oynamağa çalışır. “Barselona”, “Mançester Siti” kimi topa nəzarətə böyük üstünlük verir. Bu zaman səhvlər, top itkiləri olur. Rəşad da “Qarabağ”da hücumu başlayan ilk həlqədi.

- Yəni, Sadıqovun futbolçu karyerasını bitirməli olması haqda baş qaldıran fikirlərlə razılaşmırsınız...

- Əlbəttə, razılaşmıram. Rəşad neçə ildi futbol oynayır, bundan sonra da hələ nə qədər müddət - 40 yaşınadək çıxış edə bilər. Bir daha qeyd edirəm ki, “Qarabağ” kombinasiyalı futbol oynayır, oyunçuları topla olanda ötürmə vermək üçün meydanda bir-birlərini axtarırlar. Bu zaman ötürmənin düzgün verilməməsi olan şeydi.