Sabunçuda Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün yeni inzibati bina istifadəyə verilib

sabuncuda-ehalinin-sosial-mudafiesi-merkezi-ucun-yeni-inzibati-bina-istifadeye-verilib
Oxunma sayı: 638

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu günə qədər ölkənin 39 rayon və şəhərində Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binaları əsaslı şəkildə təmir olunub, 33 rayon və şəhərdə yeni inzibati binalar inşa etdirilərək yerli qurumların istifadəsinə verilib. Bu sahədə görülən işlər bir tərəfdən nazirliyin yerli strukturlarında çalışan kollektivlərin normal iş şəraitində işləməsinə, eyni zamanda onların “Vahid Pəncərə” prinsipi üzrə əlaqəli fəaliyyət göstərməklə sosial müdafiə tədbirlərini daha effektli təşkil etməsinə, vətəndaşlara xidmətin yaxşılaşmasına şərait yaradıb. Yaxın vaxtlarda isə Bakının Suraxanı və Xəzər rayonlarının ƏSMM-lərinin yeni inzibati binalarla təmin edilməsi nəzərdə tutulur.

Xüsusi layihə əsasında tikilmiş yeni inzibati binalarda Nazirliyin müvafiq bölgə üzrə yerli strukturları birgə yerləşdirilib və bunun nəticəsində həmin qurumların mərkəzlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı ilə bağlı informasiya mübadiləsini təmin etmək üçün fibrooptik xətlər əsasında qurulmuş lokal şəbəkə fəaliyyət göstərir. Nazirliyin mərkəzi serveri ilə birbaşa əlaqəsi olan bu sistem bölgələrdən məlumatları dərhal qəbul etməyə, əhalinin sosial müdafiəsi ilə bağlı məsələləri operativ həll etməyə imkan verir.

Nigar Məmmədli