“Siz bu qədər yaşamaq üçün nə qədər susmusuz?”

siz-bu-qeder-yasamaq-ucun-ne-qeder-susmusuz-
Oxunma sayı: 752

Rekviyem

əgər gülüş əvvəlki tək yaraşmırsa dodağına
sabahların qiyməti artıb olursa dünəndən baha
və əgər
ciblərinin gücü çatmırsa sabaha,
o biri günə, o biri sabaha, sonrakı sabaha?
barmaqlarının gözləri baxmaqdan qorxursa
mətbəxdəki bıçağa,
şkafdakı babadan qalma silaha
bax, onda
ölə bilməmək ölməkdən daha çox ölməkdir....

elə ki, ümidlər, arzular, istəklər
çamadını toplayıb getdi,
yəni ki, daha burdakı işin bitdi,
çoxdandır ki, pəncərələr pərdəylə qapalı
və çoxdandır ki,
güzgüdəki üzü tüklü adam təkdir
bax, onda
ölə bilməmək ölməkdən daha çox ölməkdir...

Susmaq Dərsi

Dodaqları varıydı əl-barmaq izi...
Apardılar unutmağa
hərfləri öyrətdilər
yer qalmadı həyata...

unutmaq danışdı lövhələr önündə
qiymətlər yazıldı...
təbaşirlə pozdu, silgiylə yazdı gələcəyini
sıfır vur sıfır cavab susmaq.
get-gedə müəllimlərinə bənzədi dodaqları
Nyuton səsli kitablar CAZİBƏ QÜVVƏSİ çığıranda
köhnə paltar qutusunda
naftalin udmağa başladı uçmaq arzusu...
Adam oldu, adam
vurma cədvəli tək əzbərlədi susmağı
indi istəyirsən gecəyarı oyadıb soruş :
necə olacaq ?
oyanıb gözlərini ovuşduracaq
susacaq,
susacaq,
susacaq...


Depresiya

Qadın variantı.

əjdaha iştahıyla yemək,
işıq sürətiylə kökəlmək
ağlamaq ki,
kökəlirəm.
Bütün şampunlardan saçı tökülmək,
qocalmaq bütün güzgülərdə .
Divana pərçimlənmək,
seriallara ağlamaq.
Göz yaşı tökmək günəbaxan tumlarının üstünə.
göydələnlər tikmək tumlardan boşqablarda
yerini dəyişmək mebellərin,
qaytarmaq sonra.
Yeməyi istiotlu bişirmək,
acılamaq evdəkiləri.
küsüb öz otağına getmək.

Kişi variantı.

siqaret yandırmaq,
bir qullab çəkmək,
filosofanə bir ədayla azad etmək tüstünü .
Zəng vurmaq bir dosta ki,
gedək bu gün içək...

...içmək,
bir mahnı tapmaq telefonda
gözünü yumub başını yelləmək ki,
çox kədərliyəm.
Evə gəlmək birtəhər
acıqlanmaq evdəkilərə ki,
siz yenə tum çırtlayırsız...


Sükutdan oğurluq

Oğurlandı, 30 saniyə oğurlandı
mərhum üçün olan bir dəqiqəlik sükutdan
bir dəqiqə çəkmədi bir dəqiqəlik sükut...
Onun yoxluğu üçün olan sükutdan
oğurlayıb böldülər öz aralarında.
İndi onlar məsələn bu qədər yaşayacaqlar :
67 il 15 saniyə.

uzunömürlülük beləmi olur ?
siz bu qədər yaşamaq üçün nə qədər susmusuz?


Şillə

Ucuz, sığortasız bir qazın
O qızı qəlbimi qırdığı yerdə.
Üstünə adicə bir cümlə yazın,
Bu oğlan ölməyib durduğu yerdə.

Qəlbini qırmadım ürəkqıranın,
Aldım salamını aravuranın,
Əli qırılaydı saat quranın,
Vaxtı sənsizliyə qurduğu yerdə.

Çıxırıq, sonuncu pillədi ölüm,
Şamda öləziyən şölədi ölüm,
Atadan övlada şillədi ölüm,
Gül bitər atanın vurduğu yerdə...