“Şükür ki, ikisi də oğlandır” - Diniyev oğulları ilə

“Şükür ki, ikisi də oğlandır”
Oxunma sayı: 3347

Azərbaycan yığmasının sabiq baş məşqçisi, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev “Qafqazinfo”ya müsahibə verib. Təcrübəli mütəxəssis bu dəfə müsahibəyə tək gəlməyib. Övladları - atasının yolunu davam edən Kərim və Coşqun Diniyevlər də futboldankənar həyatlarından, meydanda mübarizələrindən, birlikdə necə oynamaqlarından danışıblar:

- Oğlanlarınızın futbolçu olmasını istəyirdiniz?

- Desəm ki, istəyirdim yalan olar. İstəmirdim desəm, o da yalan olar. Çünki mənim üçün onların istəyi önəmli idi. Hər ikisinin futbola marağı böyük idi. Başqa uşaqlar maşın və ya digər oyuncaqlarla oynayanda bunlar topla yatıb-dururdular. Hər ikisi uşaq yaşlarından başlayıblar məşq etməyə. Onların bu dərəcədə peşəkar olacaqlarını gözləmirdim. Çünki hər uşaq valideynin yolu ilə gedə bilmir. Başqa sahələrdə bunu çox görmüşük. Mənə lazım idi ki, onlar enerjilərini sağlam bir yerə yönəltsinlər. Mən sadəcə istiqamət verdim, amma onlar peşəkar oldular. 

- Futbolu sırf atanıza baxıb sevmisiz, yoxsa...?

- Kərim Diniyev: Biz gözümüzü açandan evdə top görmüşük. Elə baxırdıq ki, atamız məşqə getdi, məşqdən gəldi. 6-7 yaşımızda artıq biz də maraq göstərməyə başladıq. Elə o yaşdan da məşq etməyə start verdik. Gördüyümüz, bildiyimiz bu idi, başqa yolumuz da yox idi. 

- Atanız futbol həyatınızda məşqçi kimi nə qədər rol oynayıb?

- Coşqun Diniyev: Ən əsası bu gün futbol oynamağımın səbəbkarı atamdır. 6-7 yaşında futbola insanda sadəcə həvəs olur, onu peşə kimi düşünmürsən. 15-16 yaşına gələndə isə bizə hər şeyi atam başa saldı. Onun rolu həqiqətən çox böyükdür. 

- Sizin oynadığınız, ilk məşqçilik etdiyiniz vaxtlar Azərbaycanda futbol o qədər də yüksək səviyyədə olmayıb. Düşünmədiniz ki, övladlarınızı başqa sahələrə yönəldəsiniz?

- Mənim onların peşəkar futbolçu olacağına ümidim böyük deyildi. İstəməklə reallıq tamam başqa şeydir. Onlar futbola başlayanda nəzərə almışdım ki, istedadları olmasa, mütləq bu yoldan ayırım. İkinci variantı həmişə düşünürdüm. Özüm futbolun içində olduğum üçün onların istedadlı olduğunu sezmişdim. Əgər hər hansında bir balaca çatışmazlıq olsaydı, fərqli addım atacaqdım. O zaman  onları təhsilə yönəldəcəkdim. Amma onlar buna imkan vermədilər. 

- Kərim, atanızın baş məşqçi olduğu komandada - “Kəpəz”də oynamısınız. Onun rəhbərliyi altında çıxış etmək necə hissdir?

- K.D: Qəribə hissdir, amma məsuliyyətlidir. Komandada məşqçin, evdə atandır.  Belə halda sən klubun içində daha məsuliyyətli olmalısan. Daha çox çalışmalısan ki, deməsinlər baş məşqçinin oğludur, yola verir. İkiqat məşq etmək lazım gəlir. Artıq-söz söhbət olmasın. Düşünürəm ki, 2 il yarım bir yerdə işləsək də, belə bir problem olmadı. 

- Ş.D: O, sənə elə gəlir (gülür).

- Coşqun, atanızın rəhbərliyi altında oynamaq istərdinizmi?

Suala Şahin Diniyev cavab verir:

- Çətin o, mənim rəhbərliyim  altında futbol oynayardı. Kərim başqa, Coşqun başqadır. Coşqunla yola getməzdim, böyük ehtimalla məşqlərdən qovardım. Ya o, mən deyəni edəcəkdi, ya mən o deyəni. Çox davamız olacaqdı. 

- K.D: Bir dəfə məni də məşqdən qovub. Komanda yoldaşlarımdan biri ilə mübahisə elədim, səhv məndə olmasa da məşqdən qovdu. 

- C.D: Atam fərqli fikirdə olsa da, mən onun komandasında oynamaq istəyərdim. Düz deyir ki, çətin yola gedərdik, amma oynamaq istəyərdim. Məni Kərimə baxanda ərköyün böyüdüb. Emosiyalarımı saxlaya bilmirəm, həmişə biruzə verirəm. 

- Azərbaycan futbolunun bugünkü vəziyyəti sizi düşündürmür? Oğlanlarınızın da olduğu çempionatın vəziyyəti ürəkaçan deyil..

- Haqlısız. Həqiqətən bu gün futbolumuzun vəziyyəti məni düşündürür. Tunelin sonunda işıq görünmür. Çox istəyərdim ki, fərqli düşüncələrə sahib olaq. Amma heç kim sabaha proqnoz verə bilməz. Bu gün üçün narahatam. Uşaqlarım ailə başçısıdır və onların da gələcəyi məni düşündürür. Mənim himayəmdə olsalar, özümü düşünərdim. Fərqli vəziyyətdəyik. Övladlarım da daha uğurlu olmağa çalışır, daha yaxşı yerlərə getməyi fikirləşir. Pessimist deyil, optimist olmaq lazımdır. Sabah olacaq-olmayacaq bilmirəm, amma bugünkü vəziyyətdən düzgün istifadə etmək lazımdır. 

- İki qardaş meydanda çox üz-üzə gəlmisiniz. Qardaşınıza qarşı mübarizə fərqli hisslər yaradırdımı?

- K.D: Qismət elə gətirdi ki, Coşqunun oynadığı “Qarabağ” 10 oyundan 9-nu bizə qarşı matçda qələbə ilə başa vururdu. Bu da ona üstünlük verirdi. Məni daim qıcıqlandırırdı, meydanda da söz atışmalarımız olurdu. İlk oyunlarda qəribə gəlirdi. Sonradan isə adi hal oldu, sonradan qıcıqlandırmağı da o qədər təsir etmirdi. 

- C.D: İlk vaxtlar daha maraqlı idi. Uşaqlıqdan bəri bu maraqlı idi. Kərim başqa komandada, mən başqa komandada, əmimoğlu hakim və atam tribunada... Çox maraqlı mənzərə idi. Elə olurdu ki, meydanda üz-üzə gəlirdik və mən bilərəkdən onu vururdum ki, qıcıqlansın. Xeyli söz atışmaları olurdu. Evə gələndə maraqlı söz-söhbət olsun deyə meydanda mübarizə aparırdıq. 

- Daha çox qələbə qazanmaq qıcıqlandırmaqda da üstünlük verirdi?

- C.D: Demək olar ki, danışa bilmirdi yanımda. Ancaq oyundan qabaq iddialı  olurdu. 

- Şahin müəllim, ailənizdə xeyli idmançı var. Bacınız oğlu Eldəniz Əzizli güləşçi, qardaşınız oğlu Ramil Diniyev futbol hakimi. Hər tərəfə baxıb idmanla əlaqəli kimisə görmək sizi yormur?

- Ş.D: Yorucu deyil. Onların hamısında həvəs yaradan mənəm. Eldənizin güləşçi kimi yetişməyində mənim əməyim var. Ramilə gəlincə, o, futbol oynayırdı, amma istedadı kifayət qədər deyildi. Ona görə də hakim oldu. Məncə, yaxşı hakimdir.

- Eldəniz Əzizli həmişə sizin haqqınızda danışır. Deyir ki, dayım bugünkü səviyyəyə gəlməyimdə ən böyük pay sahibidir...
 
- Ş.D: Bilirsiz, mən sadəcə istiqamət vermişəm. Əziyyəti onlar özləri çəkiblər.  Onların öz əməyi mütləq qeyd olunmalıdır. Yaxşı tərəfləri görürük, amma pis tərəfləri var. Məsələn, Kərim “Terek”də günlərlər ac qalıb, Coşqun Türkiyədə gedib qayıtmağa bilet tapmayıb. Bunlar kiçik epizodlardır və belə əziyyətlərə qatlanıb peşəkarlaşıblar. İradələri var və bunun sayəsində özlərini sübut ediblər.  Hər adama dəstək olmaqla ortaya nəsə çıxmır. O qədər futbolçu olub ki, dəstəkləmişəm, amma heç nə olmayıb sonuçda. 

- Kərim, Ramil Diniyev hakim kimi yəqin ki, oynadığınız matçlara təyinat alıb. Heç ona etiraz etmisiniz?

- K.D: Mən etiraz etməmişəm. Çünki xasiyyətim elədir ki, çox emosiyalara qapılan insan deyiləm. Amma Coşqun edib. Boğaza yığmışdı Ramili. 

- C.D: Bir oyunda ağzımdan bir söz çıxdı və baxdım ki, hakim əmimoğludur. Mənə dedi ki, “böyümüsən sən?”

- K.D: Ramil həmişə mənə deyir ki, “Coşquna de, az danışsın”.

- “İdmançılar ziyalı ola bilmir” fikri ilə razısınız?

- Ş.D: Qətiyyən, yox. O qədər kitab oxuyan, təhsili olan, dünyagörüşü yerində olan idmançılar var ki... Bu gün Kərimin, Coşqunun danışığında ziyalılıq varmı? Məncə, var. İdmançılar dünyada baş verənlərdən kənarda deyillər. O qədər idmançı var ki, danışanda necə savad sahibi olduğunu görürsən. Düzdür, təhsilə kifayət qədər vaxt ayıra bilməmişik amma həyata baxışlarımız heç kimdən geri qalmır. 

- Kitab oxuyursunuzmu?

- K.D: Kitabla aram o qədər  yaxşı olmasa da, məktəbdə 9-cu sinifə qədər əlaçı olmuşam. Hazırda ingilis və rus dilllərində sərbəst danışa bilirəm. Təhsillə bağlı ciddi problemim yoxdur. Dünyagörüşümüz də kifayət qədərdir, çünki işimizə görə xeyli ölkə gəzmişik, görmüşük. 

- C.D: Məndə bir az dərslərlə bağlı problemlər olub. Çünki 5-ci, 6-cı siniflərdə dərslərdən qaçırdım. Amma Kərim kimi mən də ingilis dilini bilirəm, dərdimi anlada bilirəm. Futboldan əlavə şeylərlə də maraqlanırıq, özümüzü cəmiyyət içərisində idarə etməyi bacarırıq. 

- İdmanda kifayət qədər qazanc var. Övladlarınızın qazancı sizi qane edirmi?

- Ş.D: Yenə hər iki tərəfdən ayrı danışacam. Kərim qazancının qədrini biləndir. Coşqun isə o qədər qənaətcil deyil, həyatın ritmini tuta bilmir. Dostu, tanışı, ehtiyacı olan kimsə yalandan olsa belə, ondan nəsə istəsə, sonuncu  pulunu da ona verər. Kərim isə əvvəlcə düşünər. Futbolçu həyatı qısadır. 35 yaşından sonra bitirirsən və əlində bir şey olmur. Ona görə də qazandığını elə yerə xərcləməlisən ki, sonradan sənə qayıtsın. Futbolu bitirəndən sonra yeni həyat yaşayırsan.  Dünyada o qədər ulduzlar olub ki, sonradan “bomj” vəziyyətinə düşüblər. İçkiyə, narkotik vasitələrə qurşanırlar. Deməli onlar qazancından düzgün yararlanmayıblar. Mən bu gün onlara vəziyyəti başa salmalıyam. Qəbul etdi və ya etmədi, bu, onun öz işidir. Çünki eyni yolu mən də getmişəm. 

- Şahin Diniyevi ata və məşqçi kimi bir-birindən fərqləndirən nədir?

- K.D: Həyatda da, futbolda da necə görünürsə, elədir. Fərqli deyil. Zarafatlarından qalmır, mehribandır, amma lazım olanda sərtdir. Övlad səhv edərkən ona əsəbiləşdiyi kimi futbolçuya da əsəbiləşməlidir. Allah hamıya belə ata qismət eləsin. Onunla bir yerdə olmaq fəxrdir. 

- “Qarabağ”ı karyeranızın zirvəsi adlandırırsız?

- C.D: Hələ ki, bəli. Amma cəmi 24 yaşım var və qarşıda çox şey dəyişə bilər.  Böyük klublarda oynaya bilərəm. İndiki halda Çempionlar Liqasının qrup mərhələsini, Avropa Liqasının qrup mərhələsini nəzərə alsaq, sizinlə razılaşıram. 

- Şahin müəllim, oğlunuz “Çelsi” ilə matçda meydana çıxanda nə hiss etdiniz?

- Ş.D: Bunu sözlərlə ifadə etmək çətindir. Dünyanın top komandasına qarşı meydana çıxmışdı. Mənim edə bilmədiklərimə övladım nail olursa, bu, böyük xoşbəxtlikdir. 

- Artıq eyni komandada çıxış edirsiniz...

- K.D: Əvvəl düşünürdüm ki, o da bir futbolçudur və gələcək komandaya güc qatacaq. Amma indi fərqli fikirləşirəm. Bu, həm mənim üçün, həm onun üçün yaxşıdır. Məşqlərdə, oyunlarda səhvlərimizi bir-birimizə deyirik, Coşqun səhv etsə, öz səhvim kimi düşünürəm. Ona görə də məsuliyyətli bir şey sayıram bunu. 

- Komanda seçimi olarkən qardaşınızın “Sabah”da çıxış etməsi nə qədər rol oynadı?

- C.D: Böyük olmasa da rol oynadı. Qardaşım oynayır deyə komanda seçmək də düzgün deyildi. Lakin arzularımdan biri idi ki, qardaşımla birlikdə, eyni komandada başqa rəqiblərə qarşı mübarizə aparaq. 

- Övladlarınız komanda seçərkən ilk sizin fikirlərinizi soruşurlar? Məsələn, Coşqunun “Qarabağ”da qalmasını istərdiniz? 

- Əlbəttə ki, ilk mənim fikrimi soruşurlar. Düşünürəm ki, Coşqun düzgün addım atıb “Sabah”a keçdi. “Qarabağ” böyük klubdur və qələbələr qazanır. Amma mən istəyirəm ki, oğlum qələbə qazanılan yerdə pay sahibi olsun. Futbolçu inkişaf etmək üçün meydana çıxmalıdır. Təcrübəsi mütləq olmalıdır. 

- Şahin Diniyevin adı sizə harada kömək olub?

- C.D: Məktəb vaxtından belə kömək olub. Həmişə deyirdim ki, mən filankəsin oğluyam ehtiyatlı olun, ağıllı olun. Bu gün də köməyimə gəlir. Harasa işim düşsə, məni Coşqun Diniyev kimi yox, Şahin Diniyevin oğlu kimi tanıyırlar. Bu, mənə sərf edir (gülür).

- K.D: Hər yerdə kömək olub. Şəxsiyyət vəsiqəsini dəyişmək üçün getmişəm və baxıblar ki, Diniyev Kərim Şahin oğlu. Deyiblər ki, Şahin müəllimin oğlusunuz? Biləndə artıq mənim üçün böyük üstünlük olub. Atamın hörməti hər zaman var. Dövlət Yol Polisi əməkdaşları da buna görə bizə hörmət edib. 

- Hansı klublara azarkeşlik edirsiniz? 

- C.D: “Qalatasaray”ın dəlisiyəm. Harda olsam, oyununu izləyirəm. Mən orda oynamağı “Real”da oynamaqdan üstün sayıram. 
 
- K.D: “Fənərbaxça” azarkeşiyəm. Orda da bir-birimizə rəqibik. 

- Ş.D: Bu oyunlarda evdə skandallar olurdu. Ağlamağa qədər gedib çıxırdı. Kim özünü yaxşı aparsa idi, onun tərəfində olurdum. 

- Övladlarınız ayrı yaşayırlar?

- Ş.D: Bəli. Onlardan çox nəvələrim üçün darıxıram. Hərdən Lökbatana gedirəm ki, nəvəmi görüm. Doğrudan, az-az görürəm. Nənələr-babalar nəvədən danışanda kənarda dururam. Amma onların ayrı yaşamağı onların həyatını möhkəmləndirir. Amma nəvələr üçün çox darıxıram. Böyüsünülər, özləri gələcəklər. 

- Nəvələriniz də babalarının, atalarının yolu ilə gedəcəklər?

- Ş.D: Kərim demədi, amma oğluna mənim adımı qoyub. Onun üçün bu, bir markadır. Onu artıq bunların özlərinə buraxmışam. Nə istəyəcəklər, onu da edəcəklər. Seçimləri uşaqlardan asılı olacaq. 

- C.D: İki oğul atası Kərimdir ondan soruşun. Mənim qızım var. 

- K.D: Mənim sevdiyim bir sahə var - pilot olmaq. Övladlarımdan birini bu sahəyə yönəldəcəm və alınsa, əla olar. Olmasa da, seçimi özlərinə buraxacam. Birinin 2 yaşı var, digəri 4 aylıqdır. Böyüsünlər danışacağıq. İstərdim ki, ailəmdə pilot olsun. 

- Şahin müəllim, 2 oğlunuzun yerinə 2 qızınız olsaydı, yenə idmançı kimi yetişdirərdinizmi?

- İstəməzdim. Amma seçim yenə də onların olardı. Qadın idman növləri var: gimnastika və s. Əslində mentalitetə görə bu, bir az alınan məsələ deyil. Şükür ki, ikisi də oğlandır (gülür). 

Elsevər Məmmədov

Fotolar-Video: Pərvin Zeynal



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi