“Tərtəmiz Avropa”

tertemiz-avropa
Oxunma sayı: 648

O dövrdə Avropa hər kəsin ağılı, şəxsiyyəti, düşüncəsi, heysiyyatı olduğunu dərk edib hüquqlarını tanıdığı halda, bizdə Sabir “fəhlə, özünü sən də bir insanmı sanırsan” yaxud “tərpənmə amandır, bala, qəflətdən ayılma, açma gözünü, xabi-cəhalətdən ayılma!” deyərək acı həqiqət ilə zavallı millətə səslənirdi. Qəflət yuxusunda şirin-şirin uyuyanların heç ayılmaq istəməməyinə qızaraq, bu cür həqiqətləri gözə soxub, qısqanclıq yaratmaq məqsədi ilə bizə Avropanı ən mükəmməl və layiqli nümunə göstərir, onların inkişafına həsəd aparırdılar. Demokratiya, insan hüquqları, azad söz, azad fikrin ən dəyərli sərvət olduğunu bəyan edən Avropa!
Elə indi də Avropa bu dəyərlərin ən dəyərlisi olduğu qənaətindədir. Hətta o qədər dəyərli ki, kimsədə cinsini dəyişib əks cins olmaq istəyi baş qaldırsa, ətraf bunu tamamilə normal qarşılayır. Hələ üstəlik dəstək də verir. Kimsənin eyni cinslə evlənmək arzusu, bunu rəsmiləşdirmək iddiası olsa, azaddır, yol da açıqdır. Hər şey qanunidir! Təki hər şey qanuni olsun! İstədiyini et! Bunu üstəlik digərlərinə də tövsiyə edirlər, yəni bizim kimi vaxtilə “kirdən paltarının rəngi məlum olmayanlara”. Etsin, etməlidirlər də. Bizim nə qədər avropapərəst, Avropaya can atdığımızı görürlər axı!

Daha nə edirlər?

“Demokratiya beşiyi” Fransa Avropanın hər şeyi qanuniləşdirmək ənənəsinə sadiq qalaraq “erməni soyqırımı” və onu tanımayanların cəzalandırılmasını rəsmiləşdirmək qərarına gəlib. Bu ayrı məsələdir ki, söhbət ermənilərdən gedirsə, bir yazıçının dediyi kimi, “qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər.” Bu danılmazdır. Amma bu, Avropanın atdığı addımdır. Bu, söz və fikir azadlığının carçısı Avropanın qərarıdır. Bu haqq-ədalət keşikçisi Avropanın münasibətidir. Bu, konkret olaraq “erməni soyqırımı olmayıb” deyənlərin susdurulmasıdır, hələ üstəlik “soyulmasıdır.” (Bilmirəm, bəlkə də bu qeyri avropalılar üçün nəzərdə tutulur.)

Bilmək istəyirik! Bu addımın doğruluğunu, demokratik dəyərlərə xələl gətirilmədən atıldığını sübuta yetirmək üçün hansı əsaslar mövcuddur? Avropa hansı həqiqətlərə söykənib belə qanun qəbul edə bilir? Bura axı demokratiyanın anasıdır. Hər şey demokratik, ədalətli şəkildə olmalıdır. Fransa hər kəsin istədiyini deyə bilən, düşündüyünü danışmaq hüququ olan Avropa ölkəsidirsə, bu boyda qanun onun boğazına dirənib, nəfəsini kəsəcək axı?!

Haqqa, həqiqətə söykənən Avropa niyə özü haqqa ədalətə göz yumub, hər kəsin bildiyi, başa düşdüyü səbəblərə görə bu işə dəstək verib öz xeyrini güdür, öz mənafeyindən çıxış edir. Niyə bizim – vaxtilə “üstü-başı kirli” məsumların başına elə erməni azğınları tərəfindən açılan real, dəlilli-sübutlu, yaşayan canlı şahidlərin yaddaşına həkk olunan müsibətləri görmür, 20 ildir görməməzlikdən gəlir, amma heç bir fakt, heç bir araşdırma, suçlu tərəfin şərh və sübutlarına baxmadan, əhəmiyyət vermədən bu boyda hoqqaya imza atmaq eşqinə düşür? 1915-ci ildə baş verən (hansı ki, hec nə ilə sübutunu tapmayıb) bir hərəkətə istədiyi kimi don geydirib, qanunla da hədə-qorxu gəlir, amma cəmisi 20 il yaşı olan bir faciənin bir soyqırımın, lentlərə, yaddaşlara həkk olunmuş bir dəhşətin üstündən saymazyana atlayıb keçir?! Məgər Xocalıda yaşayanlar insan deyil? Məgər dinc əhali ilə “məzələnərək”, körpələri qanına bulamağa, hamilə qadınları alçaltmağa, namusunu ləkələməyə, bətnindəki dölünü vəhşicəsinə məhv etməyə, meyidlərin cəsədlərini təhqir etməyə qadir erməninin etdikləri soyqırım deyil?

Maraqlıdır, Üzeyir bəy sağ olsaydı, bu vəziyyətə necə qiymət verərdi? Deyərdimi ki, “amandır, Avropadan gen gəzin, demokratiyanın havasından başı dumanlanan bu tərtəmizlər başlarını itiriblər artıq, nəyin haqq, nəyin nahaq olduğunun belə fərqində deyillər”?..