Toyda belə oynamağı qadınlara yaraşdırmırlar...

toyda-bele-oynamagi-qadinlara-yarasdirmirlar
Oxunma sayı: 4183

Rəsmi “Azərbaycan” qəzetinin oxucu məktubları bölümündə Bakı şəhər sakini Səbinə İsmayılovanın maraqlı məktubu dərc olunub. “Qafqazinfo” xəbər verir ki, paytaxt sakini qadınların toylarda kişi kimi rəqs etməsinin  əleyhinə çıxış edib.  

Onun sözlərinə görə, Azərbaycan milli rəqsi fərdi, cüt, qrub şəklində ifa, eləcə də mövzu rəngarəngliyi ilə zəngindir: “Yəni, hər rəqsin öz təyinatı, yeri, məqamı və ən başlıcası, mənası var. Eyni zamanda, milli folklorumuzda kişi və qadın rəqsləri hərəkət elementlərinə görə fərqlidir. Azərbaycan milli rəqslərində qadın quş kimi uçub, sona kimi süzüb - zərifliyi, incəliyi ilə ətrafa gözəllik, nəciblik saçıb. Kişilərin rəqs mövzuları və hərəkətləri isə cəsarət, mərdlik, igidlik elementləri ilə seçilib.

Əvvəllər toylarda gözəl rəqsi ilə diqqət çəkən kişi və ya qadın az olardı. 

İnsanların digərlərindən fərqlənmək istəyi rəqslərdə də özünü bürüzə verir: kişilər rəqslərini qadın, qadınlar da kişi hərəkətləri ilə “zənginləşdirirlər”. İndi toylara rəqs qrupları da çağırılır. Onların arasında qadınlar da olur. Onlar da kişi kimi şıdırğı rəqs edirlər. 

Özü də bu texniki-dinamik hərəkətlər heç bir məna daşımır, yalnız fiziki əzələ oynatmalarından ibarət olur. İncə hiss, qadın zərifliyi  ifadə etməyən belə mənasız və sərt hərəkət yığını kənardan çox kobud görünməklə yanaşı, fərqinə varmasaq da, estetik zövqü korlayır.

Yeniyetmə və gənclərin belə “rəqs” vərdişləri ilə böyüməsi sonda milli rəqslərimizin yad ünsürlərlə kirlənməsinə, mahiyyətini itirməsinə, unudulmasına gətirib çıxara bilər. Bu hal artıq “ənənə”yə döndüyündən  milli rəqslərimizin qorunması, yaşadılması, təbliği haqqında da düşünməliyik.

O cümlədən nəzərə almaq lazımdır ki, qadınların kişi hərəkətləri ilə kişi rəqsi ifa etməsi onların “bacarığını” göstərsə də, Azərbaycan qadınına xas cəhətləri, incəlikləri gözdən salır. Kişilərin isə əzilib-büzülüb “zərif” əcaib hərəkətlərlə özlərini ifadə etmələri onların cəngavər ruhundan xəbər vermir.

Odur ki, milli rəqslərin xalqımızın maddi-mənəvi sərvəti olduğunu unutmamalı, onları mahiyyəti üzrə qoruyub inkişaf etdirməliyik”.