Türk müğənnisi Tərtərin fəxri sakini oldu

turk-mugennisi-terterin-fexri-sakini-oldu
Oxunma sayı: 1438


"Qafqazinfo"ya daxil olan məlumata görə, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək hər kəsi Ramazan bayramı münasibətilə təbrik etdi və öz səmimi arzularını ifadə etdi.

Hər kəsi Ramazan bayramı münasibətilə təbrik edən tədbirin təşkilatçısı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva hər kəsə bütün dualarına çatmalarını diləyib. Ramazan ayı və bayramının hikmətləri barədə çıxış edən millət vəkili Qənirə Paşayeva hər bir azərbaycanlının özü ilə bərabər ölkəmiz və millətimiz üçün də dualar etdiyini vurğulayaraq deyib: “Bizim hamımızın dualarımızda ölkəmizin stabilliyi, onun daha da inkişafı, millətimizlə bağlı ən gözəl arzular xüsusi yer tutub. Hamımıza bu istiqamətdə dualarımıza çatmağımızı diləyirəm”.

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva dövlətimizin hər zaman milli qəhrəman ailələri, şəhid ailələri, qaçqın və məcburi köçkün ailələrinə diqqət və qayğı göstərməsindən danışıb. Ön cəbhəmizdə yaşayan sizin kimi dəyərli və torpaqlarımızı öz canı ilə qoruyan bacı-qardaşlarımızla, ağsaqqal və ağbirçəklərimizlə birlikdə olmaqdan çox məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva bura onlarla birlikdə Türkiyənin tanınmış sənətçisi Başkalın da gəldiyini deyib: "Başkal bu konserti verməyə mənəvi haqqı olan bir sənətçidir. Başkal hər zaman Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna həssaslıq göstərmiş Türkiyənin görkəmli sənətçilərindəndir. Millət vəkili bildirib ki, Başkal bəy bu tədbir və konsert üçün təsadüfən seçilməyib, Başkal bəy Azərbaycanda heç vaxt olmaya-olmaya özünü həm də azərbaycanlı sayır, millətimizin ağrı-acısını içtən paylaşır, Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna həssaslıq göstərən bir sənətçi olub, Qarabağa həsr etdiyi sözü və musiqisi özünə aid “Ah Karabag” adlı əsər bəstələyərək ifa edib və ona çox gözəl bir klip də hazırladıb. O, bir millət, iki dövlət düşüncəsində olan bir sənətkardır və Azərbaycana qarşı hər zaman böyük sevgi ilə çıxış edir.”

“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib və “yaxından tanıdığı və ailə dostu olan Başkal bəyin bu gözəl konsertini Tərtər rayonunda veririk. İnşallah gələn konsertlərinizi birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə verəsiniz”, – deyib."

Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva "arzu edirəm ki, gələn il bu cür tədbirlərimizi Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək ", - deyib.

Sonra tədbir konsert proqramı ilə davam edib və Türkiyəli sənətçi Başkalın ifa etdiyi mahnılar tərtərlilər tərəfindən alqışlarla qarşılanıb və Başkal təkrar yenə də gələcəyini və çıxış edəcəyini deyib.