Üzgün “gümüş”, yarıcan “bürünc”

uzgun-gumus-yarican-burunc
Oxunma sayı: 663

Elsevər Məmmədov

Çempionatın bəlkə də ən maraqlı oyunu Qəbələdə oldu. PFL-in təşkilatçılığı ilə yollandığımız Premyer Liqanın son səfər matçında bir-birindən gözəl 7 qolu izləyəcəyimiz də ağlımıza gəlməzdi. Böyük əhəmiyyət kəsb etməyən matçın startında Rauf Əliyevin vurduğu qol “İnter”in qalan gümüş medal ümidlərini dirçəltdi. Lakin Rikardinyonun əla kombinasiyasından hesabın bərabərləşməsi və ardınca gələn 2 qol “gümüş” və “bürünc”ün ünvanını aydınlatdı. 

Kapitan Nizami Hacıyev, əsas qapıçı Səlahət Ağayev və mövsümü demək olar ki, bütünlüklə meydanda keçirmiş Tərlan Quliyevin “Neftçi”yə keçidinin an məsələsi olması onların komandanı ikincilik döyüşündə yalnız buraxmasına gətirib çıxarmışdı. Mövqelərdəki axsamaların çətinlik yaratdığı görüşdə buraxdığı qollara baxmayaraq, “İnter” yarıcanla hesabı bərabərləşdirə bildi. Lakin mövsümün gənc istedadlarından olan Tellurun vurduğu qol sonuncu oldu. Beləcə sona bir tur qalmış çempionatı bitmiş saymaq olar. 

Ən maraqlı məqamlar isə medalların təqdim olunması zamanı yaşandı. Əvvəlcə kürsüyə daha aşağı əyarlı medal qazanan “İnter” gəldi. Mövsümü gərginliklə keçirən bakılıların “bürünc”ü “qızıl”a bərabər saydıqları sevinclərindən açıq-aşkar hiss olunurdu. Maddi problemlərlə “döyüşən” paytaxt təmsilçisi çempionatdakı mübarizədən də alnıaçıq çıxa bildi. Haqq etdikləri mükafatı da sevinclə boyunlarından asaraq geri döndülər. 

“Qəbələ”nin futbolçuları ikincilik medallarını almaq üçün kürsüyə qalxdıqlarında ürəksiz olduqlarını gözlərindən oxumaq çətin deyildi. Xüsusən ötən il Avropa Liqasında komandanı çiyinlərində daşıyan Filip Ozobiç, Nika Kvekveskiri, Teo Uiks, Baqali Dabo və Dmitri Bezotosnının boynuna asılan medalı kürsüdən düşən kimi çıxarıb əlində sallaması birinciliyin əldən getməsinin gətirdiyi kədərin göstəricisi idi. Futbolçuların ardınca medalı oğlunun boynuna asdıran baş məşqçi Roman Qriqorçukun çəkilib bir kənarda durması çox şeydən xəbər verirdi. Ukraynalı bəlkə də bütün mövsümü gözünün önünə gətirdi. Hakimin səhvlərinə bir də söydü, etdiyi səhvləri bir də düşündü, qol epizodlarını sağa-sola xərcləyən fubolçularını bir də danladı. Əlindən nə gəlirdi? Bəlkə də düşünürdü ki, kaş lenti bir az geri qaytara bilərdik. 

Kənara çəkilib oğluna yağışlı Böyük Qafqaz dağlarını göstərən Qriqorçuk bəlkə də artıq Azərbaycan kubokunun finalında qalibiyyəti və könülsüz gümüş medal aldığı kürsüdəki kubok sevincini düşünürdü. 

Klub prezidenti Tale Heydərovun mükafatların veriləcəyi oyuna gəlməməsi, vitse-prezident Fariz Nəcəfovun komandanın Azərbaycan çempionatları tarixində ən yaxşı medalını boynuna asmadan stadionu tərk etməsi yaranan mənzərənin təzahürü idi.

Amma “Qəbələ”nin çempionluğunu itirməsində hakimlərin günahı nə qədər var idisə, əleyhlərinə nə qədər qərar verilmişdisə, bir o qədər də komanda günahkar idi. “Mançester Yunayted”ə tarixinin ən uğurlu günlərini yaşadan əfsanəvi məşqçi Ser Aleks Ferqyüssonun daha bir ifadəsi tam bu mövsüm üçün “qırmızı-qaralar”ın əyninə biçilib. Dahi çalışdırıcı deyirdi ki, “çempion olmaq üçün böyük komandaları udmaq lazım deyil, kiçik komandalarla oyunlarda xal itirməmək lazımdır”. Mövsümə nəzər salsaq, əyalət təmsilçisi çempion “Qarabağ”a nisbətdə “3-lük”dən kənarda qərarlaşan komandalarla oyunda daha çox xallar itirib. “Qarabağ” isə əksinə daha çox qələbə qazanıb. Məhz bu amillər “Qəbələ”ni tarixinin ən böyük zəfərinə yaxın olduğu ildə tituldan məhrum etdi. 

Komandanın tarixinin ən uğurlu məşqçisi Qriqorçukun da birincilik arzusu elə arzu olaraq qaldı. Bunun üçün təkcə son 5 oyunda itirilən xallara nəzər etmək kifayətdir. “Qəbələ”yə iki dəfə Avropa Liqasının qrup mərhələsinin sevincini yaşadan 53 yaşlı mütəxəssisin tarixi nəticəyə imza atması isə Naxçıvanda keçiriləcək kuboka qaldı. Bizi orda da çempionluq savaşı qədər maraqlı olacaq oyun gözləyir!