Vahid bilet sistemi nə deməkdir?

vahid-bilet-sistemi-ne-demekdir
Oxunma sayı: 2785

Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

O qeyd edib ki, bu sistem təkcə onlayn bilet mexanizminin ikitərəfli tətbiqini deyil, ölkənin avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alınmasını, şəhərlərarası nəqliyyat xətləri ilə şəhərdaxili nəqliyyat xətlərində istifadə edilən bilet sisteminin inteqrasiyasını təmin edən bir sistem olacaq:

“Vahid bilet sistemi gələcəkdə yerüstü ictimai nəqliyyat növləri arasında da inteqrasiyanı təmin edəcək özül yaradacaq. Bununla yanaşı, taksi, eləcə də qeyri-müntəzəm daşımalarda yeni platformanın yaradılması istiqamətində yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparılaraq onları vahid platformada birləşdirmək, bu sistemin iştirakçıları arasında olan münasibətləri tənzimləmək, onların dövlət qarşısında olan öhdəliklərini, vəzifələrini vahid bir məkanda nizamlamaq planlaşdırılır. Sözügedən sistemin Vahid Milli Taksi Platforması şəbəkəsində birləşdirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, bir neçə gün öncə DANX-nin rəisi Həbib Həsənov da taksi və qeyri-müntəzəm daşımalarda yeni platforma yaradılacağını bildirmişdi.