Varlı balaların Rəqsanə və viski xoşbəxtliyi

varli-balalarin-reqsane-ve-viski-xosbextliyi
Oxunma sayı: 5809

Azər Qismət

Elitar cəmiyyətin uşaqları. Adamlar onları belə adlandırır. Ancaq onlar elita deyillər. “Kübar” sözünü “elita” ilə əvəzləməyimə fikir verməyin. Bəzən kübarlığı əsilzadəliklə səhv salırlar. Adamlarımız elə düşünür ki, kim "qlamurnı" geyinirsə, bahalı otellərdə qalırsa, bahalı siqaretlər, heç kimin dadmadığı qidalar yeyirsə və ən əsası varlıdırsa, onlar elitardır.  Kökündən yanlışdır. Elita başqa nəmənədir. 

Təsüdüfən onların məclisinə düşmüşdüm. Yox, göydən hoppadan düşməmişdim. Belə məclislərə təsadüfi adam girə bilməz. Yaxınlaşmaq belə mümkün deyil. Məni dəvət edən adam, deyəsən, kitabla bağlı kiçik ideyamı beyninə oturtmuşdu. Elə içəri girmişdim ki, məclisdəkilər donub qaldılar. Necə deyərlər, məhəlləyə “çujoy” girmişdi. Baxışlarından “bu kəndçi hardan çıxdı” oxunurdu. Axı, bura qapalı zonadır, Marsın tədqiq edilməmiş hissəsidir, Antarktidanın buz qatının altındakı məskəndir.  Pıçıltılar artsa da, gülümsəyib irəli yeridim, hamı ilə birbəbir görüşüb əl sıxdım. Barmaqlarının ucu ilə salam vermələri bir başqa mövzudur. Onlar tanımadıqları, hələ hansı kateqoriyadan olmasını müəyyən etməmiş adama tam açılı ovucla salam vermirlər. Hələ baxaq görək kimdir, nəçidir, ümumiyyətlə insanlıq qrupuna daxildir, ya yox, ondan necə istifadə etmək olar, sonra ovcumuzu bütünlüklə açarıq. 

Məclisin hələ milliliyini tam itirməyən, hələ qınından çıxıb qınını bəyənən gənclərindən iki nəfəri ovcunu geniş açdı, adımı soruşdu, tanışlıq verdi. Hərçənd onlara elə gəlmişdi ki, belə adam məclisimizə düşübsə, görünür bizlərdəndir. Sadəcə, “Sehirli xalat” filmində deyildiyi kimi, geyimi qədimyanadır. Adi ağ köynəyi qara şalvarla geyinib. Klassik üslubda geyinən adam məclislərinə su səpmişdi. Ancaq bəziləri diqqətlə paltarıma baxıb nəsə pıçıldayırdı. Deyəsən, deyirdilər ki, bu kişi kreativdir. Keçmiş dəbi yenidən qaytarır. Ya da gecə hardasa qalıb, ev sahibinin paltarını geyinib gəlib. Ürəkləri yerinə gəldi. 

Hələ milliliyini itirməyənlər yaxınlaşıb martini təklif etdilər. Ürəyimin çay istədiyini deyəndə yenidən köhnə fikirlərinə qayıtdılar ki, bu adam yüz faiz bizdən deyil. Qapını səhv salıb. Əgər bu adam martini təklifindən imtina edib çay istədisə, deməli elə indicə dağdakı alaçıqdan trassa düşüb, ordan da PAZ avtobusu ilə bura gəlib çıxıb. Daha doğrusu, bulvarda "karusel"ə oturub, o da çarxından çıxıb, kişi gumbultu ilə qapalı zonaya düşüb. Ancaq o iki nəfərin ürəyində nəsə qalmışdı ki, bu kişi özünü hiyləgərliyə vurub. Bu adam kreativdir. Kəndçi paltar geyinir, ürəyi çay istəyir. O iki şübhəli qalan gənc mənə yaxınlaşdı. Biri ağzında söz danışa-danışa imkan tapıb köynəyimin hansı brend şirkətin məhsulu olduğunu soruşdu. Bəlkə də "Armani"dən, "Versaçi"dən-zaddan deyərdim, əgər digəri barmağını köynəyimin boynuna salıb yarlığında nə yazıldığını oxumasaydı. Xeyli baxdı, bir şey qana bilmədi. Köynəyi “Sədərək”dən aldığımdan, qəribə yarlığa xeyli baxdı. Bu ya yeni brenddir ki, bizim xəbərimiz yoxdur, ya da qondarmadır. Ayaqqabının da altına baxardı. Yaxşı ki, əyilib ayqqabını ayağımdan çıxarmadı. Soruşdu ki, haranındır? Türkiyə istehsalı olduğunu dedim. Məndən kənara çəkilsələr də, içlərində şübhə qalmışdı. Ancaq məni dəvət edən adam deyəndə ki, filankəsəm, filan işlə məşğulam, əmin oldular ki, özgəyəm, kəndçinin yekəsiyəm, kənara çəkilib özləri deyib, özləri güldülər.
Məni dəvət edən adama kitab məsələsini bir də izah etdim. Ağlına batdı. Getmək istədim. Lakin ardıcıl “afərin” kəlmələrinə (“afərin” rusca deyilirdi) kənara boylandım. Bu afərinlər bəstəboy oğlanın şəninə idi. Bir azdan ona yaxınlaşanlar da məsələnin nə yerdə olduğunu bilib oğlana “afərin” dedilər. Hətta biri lap yaxınlaşıb üyüdüb-tökürdü ki, “sənə həsd aparıram, xoşbəxt adamsan”. Deməli, məsələ nə imiş.

Bəstəboy oğlandan soruşurdular ki, “sən həmin viskini almısan”? O da deyirdi ki, “məhz ondan almışam”. Adını çəkdilər. Sonra işə gəlib həmin viski barədə axtarış portalında məlumat öyrəndim. Söhbət 1937-ci il buraxılışlı “Glenfiddich” viskisindən gedirdi. Varlı bala onu 20 000 dollara alıb. Qapıdan çıxmağı ilə qayıtmağı bir oldu. Viskini gətirib nümayiş etdirdi. Ordakılar butulkaya elə baxırdılar ki, sanki Azərbaycanın dünyanın ən qədim yaşayış yeri olmasına dair arxeoloji abidə aşkarlanmışdı. Ancaq deyəsən, işlərində kiminsə paxıllığı tutdu. Həmin bir nəfər kiməsə zəng etdi ki, onun viskisini gətirsinlər. 20 dəqiqədən sonra onun da viskisini gətirdilər. Onun viskisinin adı “Tullamore dew” (Tullamor Dyu) idi. Yuxarı qaldırıb dedi ki, “bu viski İrlandiyanındır, özü də əfsanədir”. O birindən qurtarıb buna yaxınlaşdılar. Və onun da şəninə afərin səsləndi. İki qoçun başı bir qazanda qaynamadığı vaxtda, digəri İsveçrədən aldığı Uillis Nardin saatını nümayiş etdirdi. Ən son model olduğunu deyib lovğalanırdı. İnsan kateqoriyasına daxil olmayan mən yaddan çıxmışdım. Məni dəvət edən adam da onlara qoşulub sonuncu xarici səfərin təəssüratlarından danışırdı. Sonra söhbət biznesmen və müğənnilərin maşınlarının “zerkalnı” nömrələrindən düşdü. Məhz orda bildim ki, məsələn 666, 777, 888 tipli nömrələr onlara görə deyil. Hətta biri bunu belə izah etdi ki, “Rəqsanədə də o nömrədən olsun, bizdə də?” Belə deyib gülürdülər. Onların elitar cəmiyyətində isə 011, 055, 056 və sair tipli nömrələr əsas sayılır.

Qapıdan çıxanda yenə nəyəsə gülürdülər. Yüz faiz bildim ki, məndən danışmırlar. Çünki çoxdan unudulmuşdum. Bəlkə də gözlərinə mikrob, amöb, nüvə formasında göründüyümdən, necə getdiyimi görməmişdilər. Gedə-gedə yalnız onu düşünürdüm ki, necə də xoşbəxtdirlər. Özlərini cəmiyyətdən təcrid edən viski, avtomobil nömrəsi, brend paltarlar xoşbəxtləri...