Vəfa Quluzadənin kitabı çıxıb

vefa-quluzadenin-kitabi-cixib
Oxunma sayı: 1080

“Media forum” saytı “Musavat.com”a istinadla bildirir ki, kitaba Vəfa Quluzadənin məqalələri, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri vəzifəsində çalışdığı müddətdə və 1999-cu ilin payızında Qarabağ münaqişəsi üzrə beynəlxalq vasitəçilərin qəbul etdirmək istədiyi məğlubiyyətçi sülhə etiraz olaraq istefaya gedəndən sonra verdiyi bəyanatları, müsahibələri, şərhləri daxil edilib.

Vəfa Quluzadə ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı şübhəsini heç vaxt gizləməyib. Onun fikrincə, Minsk qrupu yalnız vasitəçilik təqlidi ilə məşğuldur. Müəllif hesab edir ki, vasitəçi ölkələr təcavüzkarı sakitləşdirmək mövqeyi tutur, ondan Azərbaycanın işğal olunmuş ərazisindən çıxmağı tələb etmir.

Kitabın ayrı-ayrı bölmələri Vəfa Quluzadənin Azərbaycan-Türkiyə, Azərbaycan-Amerika, Azərbaycan-Rusiya, Azərbaycan-İran əlaqələri ilə bağlı fikirlərinə həsr olunub. Kitabda Vəfa Quluzadənin neft və demokratiya, Azərbaycanda daxili siyasi proseslər, ümumilikdə demokratiya məsələləri ilə bağlı baxışları da əksini tapıb. Nəşrə müəllifin Rusiya-Çeçenistan müharibəsi ilə bağlı qiymətləndirmələri də yer alıb.

Vəfa Quluzadə kitabını vaxtsız dünyasını dəyişmiş oğlu Muradın xatirəsinə və Azərbaycanın gəncliyinə həsr edib.

Kitab “Elm və təhsil” nəşriyyatında Azərbaycan dilində 1000 nüsxədə dərc olunub və “Əli və Nino” mağazalar şəbəkəsində satışa çıxarılıb.

“Yol ayrıcında” Vəfa Quluzadənin ikinci kitabıdır. Onun “Düşmənlər və dostlar arasında” adlı məqalələr və müsahibələr toplusundan ibarət ilk kitabı 21-ci əsrin əvvəlində rus dilində dərc olunub.

“Yol ayrıcında” kitabının redaktoru və ön sözün müəllifi tanınmış jurnalist Elşad Paşasoydur.