Xaçmazda bağçılığa dair sərgi - konfrans keçirilib

xacmazda-bagciliga-dair-sergi-konfrans-kecirilib
Oxunma sayı: 1384

Dekabrın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində bağçılıq sahəsində qabaqcıl təcrübənin və bu sahənin inkişafına göstərilən dövlət dəstəyi mexanizmlərinin sahibkarlara çatdırılması, eləcə də istehsal, emal, saxlanma və logistika üzrə dəyər zəncirinin yaradılması məsələlərinə həsr olunmuş regional sərgi-konfrans keçirilib.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, konfransı giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının Azərbaycan prezidentinin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb. 

Qeyd edilib ki, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, vergi yükü azaldılır. Reallaşdırılmış sistemli dövlət dəstəyi tədbirləri nəticəsində qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 900 mini ötüb, ÜDM-də özəl sektorun payı 80%-i, məşğulluqda isə 75%-i keçib. 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Abbasov ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verib, Agentliyin hazırda ölkə regionlarında, o cümlədən Xaçmaz və Siyəzəndə fəaliyyət göstərən “KOB dostları” vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərdiyini diqqətə çatdırıb. 

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva ətrafında yüzlərlə sahibkarı birləşdirən assosiasiyaların fəaliyyəti, rəqabətqabiliyyətli Azərbaycan məhsullarının istehsalının artırılması və ixracının genişləndirilməsi istiqamətində assosiasiyaların gördüyü işlər barədə danışıblar.