Burdan bayquşlar çıxmalıydı, qəhrəmanlar yetişdi...

burdan-bayquslar-cixmaliydi-qehremanlar-yetisdi
Oxunma sayı: 1374

Əzmkarlıq, mübarizə, hədəf və bunu reallaşdırmaq üçün istək heç zaman maddiyatla ölçülə bilməz. Belə mənzərələrə həyatdan çox idmanda şahid oluruq. Mövzumuz futbol olduğu üçün idmanın bu növündə madiyyatı üstələyən istəklərin insanlara hansı sevinci və şoku yaşatdığından danışacağıq.

Ötən il İngiltərə çempionatında mübarizə aparan “Lester Siti”nin xarüqələr yaratmasını, cari mövsüm Almaniya Bundesliqasında ikinci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanan “Leytspiq”in 8 illik tarixində bu qədər uğurlu olmasını, Avropanın ən kasıb ölkələri siyahısına aid olan Albaniyanın qitə birinciliyinə vəsiqə qazanmasını misal çəkmək kifayətdir...

Tarixdə ilk dəfə dünya çempionatı Azərbaycana bu qədər yaxın gəlib. Rusiyada keçiriləcək mundiala getmək ümidimiz seçmə mərhələnin başlanğıcında var idisə, ardıcıl 3 məğlubiyyətdən sonra bunun uzun illər arzu olaraq qalacağını dərk etmək çətin olmadı. 

Bizə ən yaxın çempionata gedə bilmədiyimiz halda Yaxın Şərqdə müharibənin alovlarının dünyaya səs saldığı Suriyada futbol üzrə milli komanda sürprizlərini davam etdirir. Ev oyunlarını keçirmək üçün stadion tapmayan suriyalılar yenə səfərə yollanırlar. 7600 km aralıda - Malayziyada rəqiblərini qonaq edən yığma bundan əvvəlki mərhələlərdə meydana çıxdığı 15 görüşdən 8-də qələbə qazanıb, 2-də heç-heçə etmişdi. Lazım olan nəticə əldə edən asiyalılar son mərhələ üçün İran, Cənubi Koreya, Özbəkistan, Qətər və Çinlə A qrupunda yer alıb. 

Keçirilən 8 turdan sonra suriyalılar 9 xalla 4-cü pillədə yer alır. İranın liderlik etdiyi qrupda Cənubi Koreya 2-ci, Özbəkistan 3-cüdür. Onların 2-ci pillə ilə 4 və 3-cü yerlə 3 xal fərqi var. Sonra iki tur qalsa da, şanslar tükənməyib. İndiyə qədər keçirdiyi 8 oyunda 2 qələbə qazanan Suriya yığması, 3 oyunda bərabərliyə imza atıb, 3 matçda isə meydandan məğlub ayrılıb. Maraqlıdır ki, eyni qrupda yer alan və futbola kifayət qədər maliyyə ayıran Çin və Qətər suriyalılardan geridə qalır. Qətər 5-ci, Çin isə sonuncu-6-cı pillənin sahibidir. 

Son illər Çin klubları ölkə çempionatının inkişafı üçün böyük pullar sərf edir. Dünyanın bir çox məşhurlarına kifayət qədər yüksək məbləğdə maaş təklif edərək ölkələrinə aparırlar. Daxili çempionatda ulduzların “döyüşü gedir”.  Lakin görünən odur ki, güllələrin, terror təhlükəsinin qorxusu ilə keçirilən Suriya çempionatı daha effektlidir. 

Azərbaycan kimi Suriyada da çempionat Premyer Liqa adlanır. Liqada isə çempionatımızdakı komandaların sayından 2 dəfə çox – 16 komanda mübarizə aparır. Hazırda davam edən liqada 19 tur geridə qalıb. “Əl Ceyş” komandası liderdir. Hansı ki, bu komanda 1947-ci ildə yaranıb və bugünə qədər Suriyanın əsas liqasında çıxış edir. 10 dəfə ölkə çempionu olan Şam təmsilçisinin sonuncu birinciliyi 2003-cü ildə olub. Cari mövsüm isə onlar yenidən gücünü bərpa edərək turnir cədvəlinin zirvəsində yer alıb. Komanda oyunlarını “Abbasiyə” stadionunda keçirir. Maraqlıdır ki, arenanın tutumu 45 min nəfərlikdir. 

İkinci pillədə yer alan “Teşrin” klubunun da tarixi “Əl Ceyş”lə eyni ilə təsadüf edir. 2 dəfə ölkə çempionu olan komanda futbol yox idman klubudur. Komandaya məxsus “Əl Əssad” stadionunun tutumu isə Tofiq Bəhramov adına Respublika stadionundan 3500 nəfər artıq yerə malikdir. 

Üçüncü pillənin sahibi “Əl İttihad Halebi” komandasının əsası 1949-cu ildə ildə qoyulub. 6 dəfə ölkə çempionu olan komandanın stadionu “Hələb Beynəlxalq Arena”sı 53 min nəfər tutuma malikdir. 

Sadaladıqlarımız kimi digər komandalar da qədim tarixə malikdirlər. 4-cü pillədə yer alan “Əl Vəhdət” klubu Suriyanın ən qədim komandasıdır. 1928-ci ildə yaradılan klub 1 dəfə ölkə çempionu olub. 

“Əl Vəhdət”lə “Əl Ceyş” komandaları İtaliyanın “İnter” və “Milan” klublarlı kimi eyni şəhəri təmsil etməklə yanaşı eyni stadionda da ev oyunlarını keçirirlər. 

Hətta sonuncu pillədə yer alan “Əl Hürriyə” komandası belə 1952-ci ildə yaradılıb. Komandaya məxsus “Əl Hamadaniah” stadionunun tutumu isə 20 min nəfərlikdir. 

Suriya milli komandasının əksər üzvləri də daxili çempionatda çıxış edirlər. Yalnız bir neçə futbolçunun adını qeyd etmək olar ki, onlar Suriyaya yaxın olan ölkələrdə top qovurlar. Oman, Qətər kimi ölkələrdə oynayan bir neçə oyunçu var. 

Göründüyü kimi dünya nəhənglərinin xarablığa çevirdiyi ölkədən ən azı əhaliyə bir qədər sevinc bəxş edən 23 nəfərlik futbolçu heyəti var. 23 milyon əhalinin təsəllisi də elə bu 23 xarablığdan çıxan qəhrəmandır...

Elsevər