Xiyar əyri bitərsə

xiyar-eyri-biterse
Oxunma sayı: 917

Bu “Ulduz” jurnalını Elçin Hüseynbəyli bizə verməyək ki, “Ulduz”u cıdır meydanına döndərək: Kimin “Ulduz”u bərk gedər. Yazılan yazıların gizli mətləbindən belə hasil olur ki, guya Aysel Əlizadə, II Qismət, Cavid Zeynallı istəmir ki, Kəramət yaxşı jurnal buraxsın. Əgər istəmirlərsə də (inamıram istəməyələr) deməli, qüsur onlardadı. Onda da belə əlhaya düşməyə nə hacət var?
“Ulduz” bu dəfə fərqli çıxıbsa, lap yaxşı. Vicdanı olan hər bir ədəbiyyatçı buna ancaq sevinə bilər. Vicdansız adamlarınsa sözünün əsəri ola bilməz

Gəlin açıq danışaq:

Bu cür dalbadal yazılar yazıb jurnalı çox məqaləylə məşhur etmək boş şeydi. Angelina Jolie dalını sığorta elətdirəndə bu xəbərdən 12.000 adda qəzet yazmışdı. Bu cür ucuz polemikaların ağzına ciddi ədəbiyyat daş basmaqdansa, əksinə, daha da “alovlandırır”. Mənim yazım isə elə bu özününucuzlaşdırmanın əleyhinədir.

Oturub düşünməkdənsə ki, bizim yazılarımızı oxumurlar, ictimai rəy deyilən şey çoxdan öz işinin dalınca gedib, əvəzində yalançı polemika oyunları qururuq. Biz sanki “Ulduz” jurnalını “bölüşdürə” bilmirik. Onsuz “bölüşdürə” də bilməyəcəyik, çünki E.Hüseynbəyli öz “payı”nı heç kəsə verən igid deyil.

Elvin Bakiroğlunun “Üz qabıqları” məqaləsi

E.Bakiroğlu, sən ya uzun müddət burda (ölkədə) olmursan, ya da olanda, sanki burda olmursan. Yazırsan ki, “Bizim ədəbi paparatsilərin bir şakəri var - əgər ortada sözün hər mənasında təqdirəlayiq bir iş varsa, bu işdə mütləq peşəkar bir imzanın barmağını gəzmək! Guya yaxşı bir romanı hər hansı istedadlı bir gənc özü yaza bilməzmiş! Guya gözəl bir bir şeiri ilhamlı bir gənc özü qoşa bilməzmiş!”. Açıq danış da: Sən cavan oğlansan indi sənin qılıncının dalı-qabağı kəsən vaxtıdı. Biz, əslində, bir az bədbəxt gəncliyik, siyasi fəaliyyətimiz yoxdu, ədəbi fəaliyyətimizdə də qız-gəlin “həyası” – qorxaqlığı var.

Beyninə vur, özü yazmamağı o adamlara deyirlər ki, onu görən, o adamla söhbət edən, yoldaşlıq edən adam baxır ki, mənimlə çayxanada çay içən bu adam evə gedib o sətirləri yaza bilməz. Mənim haqqımda niyə heç kəs demir ki, Fərid o yazını yaza bilməz? Çünki mən addım-addım inkişaf etmişəm, birdən “hop” deyə ortalığa atılmamışam. Kimi aldadırıq, onsuz hamı bir-birini tanıyır. Yəni söhbət gəzir ki, Kəramət Böyükçölün romanını və yazılarını atası Qəşəm Nəcəfzadə yazır. Amma nəyə görə demirlər ki, Anarın romanlarını Rəsul Rza, Elçinin hekayələrini İlyas Əfəndiyev, Alpay Azərin yazılarını Azər Abdulla yazıb. Yaxud Rövşən Ramizoğlunun tərcümələrini Ramiz Rövşən edib. Demirəm ki, od olmayan yerdən tüstü çıxmaz. Amma Kəramət gərək elə olaydı ki, deyəydilər ki, bu romanları Qəşəm müəllim yaza bilməz. Ona görə də Kəramət öz imicini düzəltməlidir, yoxsa heç kəs onun ağlına və yaradıcılığına inanmayacaq.

Kəraməti rayon uşağı olsam da Bakı da azdıraram, Kəramətsə “Çöl” romanında elə yerlərin adını çəkir ki, adam az qalır heyrət eləsin. Eləcə də, müharibənin elə detallarını yazır, bəzi adamlar müharibə vaxtı hələ şeyi ülgüc görməyən o uşağın – Kəramətin bu hadisələri xatırlamağına şübhə eləyir. Kəramət gərək ədəbi münaqişələrdən əl çəkib çoxlu kitab oxuya, öz düşüncələri formalaşa. Yoxsa hələ ona çox belə sözlər deyəcəklər. Kəramət indiki halıyla belə xarakterizə etmək olur: “Qəşəm Nəcəfzadə deyir ki, Kəramət sən hamını söy məşhurlaş, başqa şeylə işin yoxdu, mən sənin əvəzindən romanlar yazacam”. Kəramət, onu da bil ki, bunu məndən başqa sənə heç kəs qırmızı-qırmızı deməzdi, çünki mən istəmirəm ki, bu iyrənc xəmir çox su aparsın.

E.Bakiroğlu yazır:

“Hələ sən bəri gəl, ay Şərif, bəri gəl görüm! Narazılıq edirsən ki, niyə jurnal Rafiq Tağının xatirəsinə ithaf olunmayıb? ... Ay Şərif, biz Rafiq Tağını səndən az istəmirik. ... Ay Şərif, hələ de görüm, Rafiq Tağının dəfn olunduğu o çovğunlu, tufanlı gün Kəramət Böyükçöl bu maşından düşüb o maşına minə-minə, nazik paltosunda tir-tir əsə-əsə axır ki, gedib görkəmli yazıçını 3-4 ədəbiyyat adamıyla birlikdə torpağa tapşıranda sən hardaydın?”.

Elvin belə fikri sənə kim deyibsə o adamdan min ağac uzaq dayan. Özün yazıbsansa, özünü təmizlə. Nəyə görə? Bu cür şeylərin bir adı var əclaflıq – yaxşılıqla qisas almaq. El arasında xeyirxahlığın tez-tez başa vurulmasına – fahişə qaxıncı deyirlər.

Bu cür şeylər haqqında ancaq susurlar. Sənin bu fikrindən belə çıxır ki, “biz ölsək cəsədimizi qaldıranlara minnət borcluyuq”. Etimad Başkeçid demiş “fələk çarxının işıq sürətiylə fırlandığı bir vaxtda”, hüzr yerinə getmək də olar, getməmək də. Min bir dərd var. tabutu aparanla, tabutu görməyənin Rafiq Tağını hansının daha çox sevməsininsə Haq-Təaladan özgə heç kəs bilə-bilməz.
Bir də ki, R.Tağı K.Böyükçölün “Çöl” romanın redaktoru olmuşdu və təbliğ etmişdi. Amma ölənəcən bunu dilinə gətirmədi, yüz il yaşasaydı da gətirməyəcəkdi. Çünki o nə E.Bakiroğlu, nə də elədiklərini aləmə çar çəkən başqası deyildi. O məhz R.Tağı idi.

Elvin, məqaləndə qeyri-etik yerlər var, Cavanşir Yusifli tərcüməçidir, tənqidçidir, bizim həmyaşıdımız deyil, uşaq-muşaq deyil. Deyirsən ki: “Ay Cavanşir müəllim, cavanlığınız bir yana, bəs şirliyiniz harda qaldı?”. Gərək belə deməyəydin. Bizim ədəbiyyatın əclaf düşüncəsi: “bizi tənqid edənlər, bizdən yazmayanlar bizdən deyil” sənin də beyninə işləyib. Cavanşir müəllim “Ulduz”u tərifləsəydi, onda cici olacaqdı hə?

Səxavət Sahil haqdasa deyirsən: Kəramətin “Ulduz”u barədə balaca bir yazı yazıb bütün respublikada məşhur oldun.

Səxavət 5-6 il əvvəl yazıb-pozanda sən və bugünkü bir çox yazarlar, yanınızdan qız ötüşən kimi dərhal çevrilirdiniz. Hələ “yumurtadan çıxmamışdınız”. Adam bir seçər-sonalayar ki, kim kimdir, kim haqqında nə deyir.

Narazılıq edirsən ki, hamı jurnalın üz qabığından yazır, buna səbəb bu cür ucuzluqlara getməyinizdir. Halbuki, bu dedi-qoduların, guya cavabların əvəzində jurnalın müzakirəsini keçirə bilərsiz. Nə qədər ki, intellekti boşboğazlıq əvəz edəcək, o qədər heç nə yaxşı olmayacaq. Mən bu yazını “Ulduz”un içindən də yaza bilmək gücündəyəm. Amma bu cür ucuzlaşdırmalar olduqca siz “ulduz” olub gündəmdə qalacaqsız, amma “Ulduz”u sevə-sevə oxuyan və içiylə maraqlanan olmayacaq. Allah səbir versin.

Son

Deyək ki, jurnalı R.Tağıya həsr etmək olmadı. Mən Kəramətə dedim ki, jurnalı R.Tağıya həsr elə, olmasa Zərdüşt Şəfiyə. Ya da, hər ikisinə. Biz “Ulduz”un bir nömrəsini rəhmətlik Fərhat Meteyə həsr eləmişdik, yaxşı da qarşılanmışdı. Kəramət bunu da eləmədi. Sağ olsun. Bu, əslində, gənclərin bir-birini öləndə belə “bağışlamamağıdır”. Bu yaxınlarda böyük bir yazıçıya sual verdilər ki, “Düşmənlərinizi bağışlayırsız?” adam qızıl-qırmızı “yox” dedi. Halbuki, İsa və Məhəmməd peyğəmbər buyurur ki, düşmənlərinizi bağışlayın. O yazıçı, hələ elə bilir ki, sualı soruşan jurnalistə yox dedi, ağlına belə gətirmir ki, Allaha və dinə yox dedi.

Yaxşılara və doğrulara “yox” deməyənləri xatırlaya-xatırlaya, yazıya nöqtə qoyuram.