Yaşamaq üçün Anadolunu seçmərəm...

yasamaq-ucun-anadolunu-secmerem
Oxunma sayı: 1447

Sahilə İbrahimova

Əvvəlcə qısa giriş: “Financial times” qəzetinin Türkiyə-Avropa münasibətlərindən bəhs etdiyi məqaləsini oxudum, Cumhuriyyət qəzetinin məhkəməsi ilə bağlı xəbərlərlə tanış oldum. (Məhkəmə Türkiyədə senzuranın qaldırılmasının ildönümündə baş tutacaqdı.) Məlum olan budur ki, Aİ Türkiyənin 2016-cı il çevrilişindən sonrakı siyasətindən - qanunun aliliyi, insan haqları və media azadlığının vəziyyətindən razı deyil, əksinə çox rahatsızdı, Türkiyə isə Aİ-na qatılmaqdan əl çəkmir, bu arzusunu gerçəkləşdirməməklə razılaşmır. 

Yazıçı dostlarım qədər Türkiyəyə bələd olmamışam heç vaxt, nə daxilini, nə xaricini araşdırmışam xüsusi. Bəlkə də ehtiyac yaranmayıb, Türkiyə haqqında məlumatlar məxsusi səyim olmadan qulağıma gəlib çatıb. Çoxunu qıcıqlandıra bilər, İstanbulu Konstantinopolu sevdiyim üçün bəyəndiyimi də etiraf edim. Tarix fakultəsini bitirdiyimə, uzun müddət Roma ilə yatıb, Bizansla durduğuma keçin keçmişpərəstliyimi. Türkiyə deyəndə çoxundan fərqli olaraq ağlıma İstanbul gəlmir həmən, köyləri, kürd sorununu, törə savaşlarını, erkən nikahları, tulumlu qadınları, partilərarası radikal dialoqları xatırlayıram. Türkiyə türkcəsində yazdığım ifadələrlə sizi imtahan etdiyimi düşünün. Türkiyə türkcəsi ilə yazmaqla, danışmaqla nə qədər anlaşılırıq, nə qədər anlada bilirik olanları, olacaqları? Bir müddət əvvəl “Türkükmü, türklüyümüz nə qədərdir” sualları yerli gündəmimizi başına götürdü. Arif Rəhimzadənin kontekstdən çıxarılaraq qabardılan ifadəsi insanları rahatsız etdi. Kimsə türk olduğunu daha bərkdən bəyan etdi, başqası fars kökünü xatırlatdı, digərləri düşünməyə başladı. Mən onda İstanbulda “Sustainablity-onların dilində sürdürəbilirlik” konfransında idim. Türkiyənin bir çox uğurlu və tanınmış biznes və incəsənət nümayəndəsinin qatıldığı konfransda cəmi bir il öncə multikulturalizmi ilin ən önəmli xətti seçmiş ölkəmizdə milli identifikasiyanı qəzəblə müzakirə etməyin yaxşı hal olmadığını düşündüm. “Kim hansı dildə, hansı dində rahatdırsa, orda dursun, yaxud olduğu yeri dəyişsin, hətta heç nəyi bəyənmirsə, qoy yenisini yaratsın.” Hazırda dünya bu yaşam xəttini dəstəkləyir, tolerantlıq bunu nəzərdə tutur. Əlbəttə, antropoloji göstəricilərim əksini desə də (türklər sarışın, alagöz olur deyirlər) mən də özümü türk toplumuna daha yaxın saymışam həmişə. Lakin günlərin bir günü türk olmaq istəməyəcəyimə, ondan vaz keçməyəcəyimə zəmanət verə bilmərəm.

Fərqli ölkələrdə müxtəlif adlarla məşhurlaşan musiqi yarışmasında (Türkiyədə “o səs Türkiyə”) müğənnilər səsini bəyəndikləri sadə iştirakçını öz komandalarına almaq üçün dəridən-qabıqdan çıxırlar, səbəb: qalib olmaqdan ötrü güclü komanda yığmalıdırlar. Sərhədlərin qismən açıq olduğu, miqrasiyanın genişləndiyi bir dövrdə ölkələr vətəndaş üstündə, yaxşı vətəndaş üstündə dəridən-qabıqdan çıxmalıdır. İnsan vətənini özü seçməli, mənsub olduğu topluma qatılmaq haqqına yiyələnməlidi. Ölkələr isə onları seçsinlər, onların sərhədləri daxilində yaşamağa üstünlük versinlər deyə bir-birləri ilə rəqabət aparmalıdır. 

Təəssüf hissi ilə bildirim ki, son Türkiyə səfərimdən sonra yaxın gələcəkdə yaşamaq üçün ölkə seçiminə çıxsam, o yerin Anadolu olmayacağına əmin oldum. 

Etnik mənsubiyyətlə, anadan olma yeri ilə qürrələnmək, şüarlar səsləndirmək,  açıq-aşkar milli təəssübkeşlik etmək insanın acizliyini gözümdə daha çox böyüdür. İnsan yalnız aciz olanda çarəsizcəsinə bir toplumdan, bir qrupdan yapışıb qalır. Toplum şər qüvvəni təmsil etsə belə, insan bunu bilsə belə, ondan çıxmağa, daha ədalətli əraziyə keçməyə cəsarət etmir. Türklük, rusluq, azərilik, ümumiyyətlə millət anlayışı gələcək dünya üçün dekor xarakteri daşımalıdır. İnsan hansısa millətə mənsubiyyətini məhz onun folklorunu, incəsənətini, geyimini, mətbəxini sevdiyi üçün, bir də ədalətə verdiyi önəm üzərinə  təsdiqləməlidir. 

Türkiyə bir də Hollandiyanın radikal addımı ilə gündəmə gəldi bir müddət əvvəl. Bu dəfə bütün dünyada. Hollandiyanın Türkiyə təmsilçisini qapıda qoyması türklər daxil, bizi də hirsləndirdi. Sadə ifadə etsəm, bu, mənim də xətrimə dəysə də, qarşı tərəfə qıcıqlanmaqla yanaşı, həm də Türkiyənin bu vəziyyətindən, beynəlxalq nüfuzunun aşağı düşməyindən rahatsız oldum. Türkiyə beynəlxalq normalara zidd atılan addıma daha sivil, daha diplomatik cavab verməlidir deyə düşünürəm. Etiraz aksiyaları keçirib, Hollandiyanı söyməklə bu cür ciddi məsələni həll etmək olmaz. Elə bil siz qonaq gedirsiz, ev sahibi qapını açmır, sizinlə ünsiyyətə girmək istəmədiyini bəyan edir və əsaslandırır. Ya özünüzü sivilcə müdafiə edəcəksiniz, yaxud qarşı tərəf haqlıdırsa və siz onunla dostlaşmağa israrlısınızsa, iradlarını aradan qaldırmağa çalışacaqsız. Qarşı tərəfi söyməyiniz sizi haqlı duruma gətirməz. Qovulduğunuz yerdən qürurla uzaqlaşmalısınız. Tərkibində saxtalıq varsa belə, mükəmməl olmasa da, dünya liberalizmi, demokratiyanı dəstəkləyir. Bu, Qərbin seçdiyi inkişaf xəttidir. Biz nə qədər ikili standartdan gileylənsək də, bu, xətt təsdiqlənib və digərlərindən tələb olunur. Türkiyə Avropa Birliyinə, yaxud istənilən Qərb birliyinə yalnız qoyulan şərtlərə əməl edərək qoşula bilər. Bunun ayrı yolu yoxdur. Bu şərtləri yerinə yetirmədən təkrar-təkrar üzvlük müraciətləri etmək Türkiyəni daha pis göstərir fikrindəyəm. 

Hələlik Türkiyə ilə bağlı gündəmdən bunları deyə bilərəm. Bu arada qeyd edim ki, hazırda Atatürklə bağlı yaxşı bir film axtarıram: orta boylu, baxışları ilə adamın beyninə soxulub fikirlərini şəkilləndirən, ballarda rəqs edən, hərbi geyiminə taxdığı aksessuarları ilə qadınların ağlını başından alan başqanın göstərildiyi filmə baxmaq istəyirəm. Elə bir film ki, orda Atatürk olduğu kimi görünsün. Əsas obraz dünyavi dəyərlərə söykənən vətəndaş cəmiyyəti qurmağa çalışan adam olsun, sadə, pafossuz, öz dəyərini bilən. Bu obraz Türkiyəyə qayıtmalıdı. Yalnız o, yenə Avropanın qapılarını Türkiyənin üzünə taybatay aça bilər. “Sürdürəbilirlik” sözünə aydınlıq gətirim. Başladığınız hər hansı işi gələcəyə nə qədər çox daşıya bilirsinizsə, bir o qədər dayanıqlısız. Mən Türkiyəyə Atatürkün başladığı işi gələcəyə sürə bilməyi, bu yolda dayanıqlı olmağı arzulayıram. Aydn gələcəyə yol Atatürklərdən keçir. Ora başqa yol yoxdur.