“Yoxsulluq 49 faizdən 5 faizə düşüb”- - İlham Əliyev+Fotolar

yoxsulluq-49-faizden-5-faize-dusub-
Oxunma sayı: 1031


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda çıxışında deyib.

Dövlət başçısı bu səfərdən sonra İran-Azərbaycan əlaqələrinin inkişafının davam edəcəyini bildirib:

“Bizim təmaslarımız çox əhəmiyyətlidir, dəyərlidir. Biz daim bir-birimizin yanında olmuşuq, bir-birimizə dəstək, arxa olmuşuq. Bu gün isə iki suveren, müstəqil dövlət kimi biz öz münasibətlərimizi bu möhkəm tarixi əsaslar üzərində qururuq”.

Prezident İlham Əliyev bu ilin aprelində İran İslam Respublikasına rəsmi səfərindən də danışıb:

“Əminəm ki, bu səfərin də nəticələri çox dəyərli olacaq. Bu gün burada toplaşan insanlar iş adamlarıdır. Onların böyük maliyyə və biznes imkanları var. Biz çox istəyirik ki, iqtisadi əməkdaşlıq da siyasi əməkdaşlığın səviyyəsinə qalxsın. Buna nail olmaq üçün yaxşı imkanlar var. Hökumətlərarası komissiya çox fəal işləyir. Komissiyanın hər iki həmsədri bu işlərə çox böyük məsuliyyətlə yanaşır və biz artıq gözəl nəticələri görürük. Dünən və aprel ayında imzalanan çoxsaylı sənədlər gələcəkdə iqtisadi sahədə daha da böyük imkanlar açacaq. Biz çox istəyirik ki, iş adamlarımız bir-biri ilə daha da sıx əlaqədə olsunlar. Azərbaycanda müxtəlif sahələrdə yüzlərlə İran şirkəti fəaliyyət göstərir. Onlar üçün Azərbaycanda gözəl şərait yaradılıbdır. Hesab edirəm ki, onlar öz fəaliyyətindən razıdırlar”.

Dövlət başçısının sözlərinə görə, bu, özlüyündə onu göstərir ki, xarici investorlar Azərbaycanın gələcəyinə inanırlar: “Əks təqdirdə Azərbaycana bu qədər vəsait qoyulmazdı. Hər il təxminən 20-25 milyard dollar sərmayənin qoyuluşu növbəti illərdə də gözlənilir. Biz çox istəyirik ki, İran şirkətləri Azərbaycana daha da böyük həcmdə sərmayə qoysunlar, eyni zamanda, Azərbaycanın özəl və dövlət şirkətləri İrana sərmayə yatırsınlar. Dünən cənab Prezident ilə bu məsələləri müzakirə etmişik. İnfrastruktur, sənaye layihələri, digər xidmət sektorları üzrə böyük imkanlar var”.

İlham Əliyev qeyd edib ki, həm İranın, həm Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir: “Biz özümüzü təmin edən ölkələrik: “Xarici kreditlərdən asılı ölkələr deyilik. İqtisadi müstəqillik əlbəttə ki, ölkələrimiz üçün çox böyük mənfəətdir, o cümlədən siyasi mənfəətdir. Çünki iqtisadi müstəqillik olmadan ölkə tam müstəqil siyasət apara bilməz. İran və Azərbaycan beynəlxalq arenada müstəqil siyasət aparan ölkələrdir. Hesab edirəm ki, biz bu baxımdan bəzi ölkələrdən böyük dərəcədə fərqlənirik”.

Dövlət başçısı bildirib ki, Azərbaycana növbəti illərdə də həm dövlət, həm özəl sektor tərəfindən böyük investisiya qoyulacaq: “Ona görə bugünkü biznes forumda Azərbaycanın gələcək planları da təqdim ediləcəkdir ki, İran şirkətləri hansı sahədə hansı işlər görüləcəyini bilsinlər. Çünki bizdə bütün işlər beşillik proqram əsasında görülür. Artıq üçüncü Dövlət Proqramı icra edilir. Birinci proqram 2004-cü ildə qəbul edilmişdi. Bu proqramlarda hər şey açıq-aydın göstərilir - hansı şəhərdə, hansı kənddə hansı iş görüləcək, nə vaxt görüləcək, bu işi görən dövlət qurumu hansıdır. Bu proqram mətbuatda da dərc edilib. Ona görə, hər bir şirkət üçün Azərbaycanda görüləcək işlər haqqında məlumat əldə etmək o qədər də çətin deyil. Hesab edirəm ki, bu formatda aparılacaq müzakirələr yeni kontraktların imzalanmasına gətirib çıxaracaq. Bir üstünlüyümüz də ondan ibarətdir ki, biz qonşuyuq və bizim aramızda heç bir tranzit ölkə yoxdur. Həm coğrafi nöqteyi-nəzərdən, həm bütün başqa mənalarda bizim aramızda heç kim yoxdur və ola da bilməz. Bu gün iki suveren dövlət öz gələcəyini müstəqil şəkildə qurur və heç bir üçüncü tərəf bizim aramıza girə bilməz. Biz buna imkan vermirik və verməyəcəyik. Baxmayaraq ki, belə cəhdlər var. Siz də yəqin ki, bunu izləyirsiniz, görürsünüz. Ancaq hər iki tərəfin güclü iradəsi heç vaxt imkan verməyəcək ki, münasibətlərimizə kimsə qarışsın, hansısa təxribat törətsin və beləliklə, öz istəyinə nail olsun. Bunun qarşısını alan hər iki dövlətin güclü siyasi iradəsidir və eyni zamanda, İran və Azərbaycan cəmiyyətlərinin bu siyasətə olan dəstəyidir. Bu olmasa, əlbəttə ki, işimiz yarımçıq qala bilər”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı son illər çox sürətli olub: “Son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bizim maliyyə vəziyyətimiz sabitdir. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Son on ildə büdcə xərcləri 20 dəfə artmışdır. Yoxsulluq 49 faizdən 5 faizə düşmüşdür. İşsizliklə bağlı çox müsbət addımlar atılmışdır. İndi işsizlik 5 faizdən aşağıdır. Bu iqtisadi sabitlik, maliyyə sabitliyi əlbəttə, bizə imkan verir ki, sürətlə inkişaf edək. Eyni zamanda, Azərbaycan beynəlxalq məsələlərin həllində müstəqil siyasət aparır. Beynəlxalq aləm Azərbaycanı dəstəkləyir. Əgər belə olmasaydı, biz dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməzdik. Yəni, gənc dövlət üçün bu, böyük bir nailiyyət idi, 155 ölkə bizə inandı, öz dəstəyini verdi və biz onların etimadını iki il ərzində doğrultmuşuq. İqtisadi müstəqillik bizə imkan verir ki, beynəlxalq məsələlərin həllində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatında öz mövqeyimizi müdafiə edək. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış beynəlxalq münasibətlər üçün də xüsusi əhəmiyyət kəsb edir. Harada ki, beynəlxalq hüquq, ədalət pozulur, orada əlbəttə, toqquşmalar da, müharibələr də, gərginlik də olacaq. Əgər dünyada beynəlxalq hüquq və ədalət pozulmasa, müharibə də olmayacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimizin uğurlu, inamlı inkişafı həm də ona görə daha da əhəmiyyətlidir ki, ətrafımızda bizi və dünyanı çox narahat edən proseslər gedir: “Bölgə alovlanıb yanır, həm Yaxın Şərqdə, həm Avropa qitəsində toqquşmalar gedir, qanlı müharibələr aparılır. Ona görə, belə geosiyasi vəziyyətdə inamla, uğurla inkişaf etmək üçün, ilk növbədə, xalqla iqtidar arasında birlik, güclü siyasi iradə olmalıdır və əlbəttə ki, biz özümüzü iqtisadi cəhətdən təmin etməliyik. Bizim xarici tərəfdaşlarla əməkdaşlığımız da çox müsbətdir. İran və Azərbaycan neft və qazla zəngin olan ölkələrdir. Burada da bizim maraqlarımız üst-üstə düşür. Biz dünən hörmətli cənab Prezident ilə bu məsələləri də müzakirə etdik ki, bu sahədə də əlaqələndirmə işlərimizi daha da yüksək səviyyəyə qaldıraq. Çünki neft və qaz hasil edən ölkələr kimi, əlbəttə, bizim maraqlarımız da üst-üstə düşür. Biz istəyirik ki, öz məhsullarımızı bazarlara ixrac edək. Əlbəttə istəyirik ki, qiymət də münasib, ədalətli olsun. Burada da ikitərəfli, bəlkə də gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün yaxşı imkanlar var.

Bir sözlə, demək istəyirəm ki, Prezident Ruhaninin Azərbaycana səfərini biz çox yüksək qiymətləndiririk. Biz cənab Prezidenti Azərbaycanda səbirsizliklə gözləyirdi”.