Yay futbol məktəbinin məşqləri davam edir

yay-futbol-mektebinin-mesqleri-davam-edir
Oxunma sayı: 897


“Qafqazinfo” xəbər verir ki, Bakcell şirkəti ilə “Mançester Yunayted”in birgə əməkdaşlığı nəticəsində “Mançester Yunayted” futbol Akademiyasının müəllimləri aşağı yaş qrupundan olan futbolçularımıza təlim keçmək üçün Bakıya gəliblər. Azərbaycanın 5 müxtəlif regionundan olan ən bacarıqlı futbolçular seçilərək Bakıya gəlib və “Bakcell Arena”da təşkil olunmuş “Mançester Yunayted” yay futbol məktəbinin təlimlərində iştirak etmək hüququ qazanıblar. İyun ayının 24-dən başlayan və bu ayın 28-nə kimi davam edəcək yay məktəbinin əsas məqsədi 5 ən bacarıqlı futbolçunu seçib 1 həftəlik İngiltərəyə “Mançester Yunayted” klubunun düşərgəsinə göndərməkdir.

Təlimlər zamanı “Mançester”dən olan müəllimlərin uşaqlara xüsusi qayğı ilə yanaşmaları və öz futbol taktikalarını azyaşlı futbolçularımıza aşılamaqları xüsusi ilə diqqət çəkən məqam olub. Bakcell şirkətinin “Mançester Yunyated” klubu ilə aralarında olan razılığa əsasən yaxın illər ərzində Bakıda “Mançester Yunayted”in futbol akademiyası yaradılacaq. Məhz bu səbəbdən belə yay məktəblərinin təşkil olunması olduqca vacib xarakter daşıyır.

İngilis klubunun Bakıda olan müəllimləri də bu təlimlərdən xüsusi ilə razı qaldıqlarını dilə gətiriblər. Müəllimlərdən biri olan Polla söhbətimiz zamanı o, bu təlimin çox vacib olduğunu və uşaqların gələcək kariyeralarına müsbət təsir göstərəcəyini bildirib: “Biz bura “Mançester Yunayted” nümayəndələri olaraq gəlmişik və müxtəlif yaş qrupundan ibarət uşaqlara futbol təlimləri keçirik . Təlimlər həm çox ciddi, həm də əyləncəli keçir. Uşaqların hər birinin simalarında xüsusi bir təbəssüm var ki, bu da olduqca vacib bir fakdır. Demək, onlar bu işdən zövq alırlar və böyük həvəslə onlara verilən tapşırıqları yerinə yetirirlər. İnanıram ki, bu uşaqların əksəriyyəti gələcəkdə yaxşı futbolçular olacaq və ölkə futboluna yaxşı mənada xidmət göstərəcəklər”

İqbal