“Ağ çiçəyim”in rəhbərinin 650 min pulu necə oğurlandı?

ag-ciceyimin-rehberinin-650-min-pulu-nece-ogurlandi
Oxunma sayı: 10934

Verilən məlumatdan gül biznesi ilə məşğul olan zərərçəkmişin hansı şirkətlə əlaqəli olmasını öyrəndik. Yanvarın 10-da baş vermiş cinayət zamanı maskalılar Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan 59 yaşlı Akif Həmzəyevin evinə daxil olub ona bıçaqla xəsarət yetiriblər. Sonra onlar içərisində 650 min manat olan seyfi qarajda olan “VAZ-2121” markalı avtomobilə qoyaraq qaçırıblar. Cinayət hadisəsindən təxminən 3 ay keçəndən sonra iş adamının evində baş vermiş cinayətlə bağlı Kamran Cəbiyev və Səbuhi Tağıyev Salyan rayonu ərazisində idarə etdikləri “BMW-X5” markalı avtomobildə tutulublar. Daha sonra isə villanı onlara nişan verən Murad Muradov və daha 3 nəfər tutuldu.

Dəstə üzvləri cinayət yolu ilə əldə etdikləri pula “BMW-X5”, “Range Rover”, torpaq sahələri, mənzil alıblar. "Dostlar" hətta avtomobillərinə də sonu 90 -- 666 olan dövlət nömrə nişanı alıblar. Daha sonra isə Dubay şəhərinə istirahətə gediblər. Onlar cinayətdən əldə etdikləri pulu əyləncələrinə xərcləyiblər. Hətta bahalı yaxtanın bir sutkalıq kirayəsi üçün 7 min dollar pul ödəyərək kef çəkiblər.

Cinayət hadisəsi baş verən zaman zərərçəkmiş Akif Həmzəyevin gül biznesi ilə məşğul olduğu bildirilmişdi. Əldə etdiyimiz məlumata görə, Akif Həmzəyev Azərbaycanda artıq brendə çevrilmiş “Ağ çiçəyim” gül şirkətinin rəhbərlərindən biridir.
Şirkətdən də Akif Həmzəyevin rəhbər olmasını təsdiqlədilər. /Milli.az/