“Mən 40 il pilot, gəmi kapitanı qismində AZAL-da fəaliyyət göstərmişəm. Hadisə baş verəndən sonra heyətin hansı çətinliklə üzləşdiyini çox yaxşı bilirəm. Bu hadisədən sonra mən bəlkə də 100 dəfə özümü o heyətin yerinə qoymuşam. Düşünmüşəm ki, mən həmin vəziyyətdə nə edərdim. Heç bir cavab tapa bilməmişəm. Bu günə qədər də təəccüblənirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov “J2-8243” reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində deyib.
“Poçt markası bəzən kiçik bir kağız parçası kimi görünə bilər, amma əslində o, bir ölkənin, millətin tarix və mədəniyyətinin daşıyıcısıdır. “J2-8243” reysinin anımına həsr olunmuş poçt markasının buraxılışı həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühüm mənəvi əhəmiyyət daşıyır.
Ölkədən-ölkəyə göndərilən, fərqli ünvanlara çatan, gördükcə insanı düşündürən və tarixi özündə daşıyan bu kiçik nişanlar illər sonra albomlarda qalır, nəsildən nəsilə ötürülür. Bu mənada “J2-8243” reysinə həsr edilən markaların dövriyyəyə buraxılması xatirəni uzunömürlü edən, onu geniş ictimaiyyətə çatdıran çox dəyərli bir addımdır. Biz düşünmüşük ki, oradan əldə olunan məbləğ şəhid ailələrinə, xüsusilə də onların övladlarının təhsilinə yönəldilsin”, - İ.Əmirov qeyd edib.
“Bu gün burada yad etdiyimiz hadisə təkcə bir aviasiya qəzası deyil. Bu, zamanında hansısa detalları gizlədilmiş, səbəbləri tam aydınlaşdırılmamış, lakin nəticələri ilə çoxsaylı insan talelərinə toxunmuş ciddi faciədir. Belə hadisələrin təhlili yalnız texniki deyil, eyni zamanda institutsional məsuliyyət tələb edir.
Beynəlxalq təcrübə göstərir ki, bu tip hadisələr üzrə istintaq prosesləri şəffaf aparılmalı, təhlükəsizlik standartları açıq şəkildə müzakirə olunmalı və müvafiq beynəlxalq qurumların tələblərinə uyğun şəkildə qiymətləndirilməlidir. Bu baxımdan, belə hadisələrin araşdırılması üçün müstəqil və səlahiyyətli komissiyaların fəaliyyəti vacibdir.
Qəzanın baş verdiyi ərazi və texniki detallar ətrafında səsləndirilən fərqli versiyalar onu göstərir ki, məsələyə yalnız bir istiqamətdən baxmaq mümkün deyil. Hadisənin bütün aspektləri - texniki, insan faktoru və sistem səviyyəsində risklər - kompleks şəkildə dəyərləndirilməlidir. Eyni anda bir neçə əsas sistemin sıradan çıxması təsadüf kimi qiymətləndirilə bilməz və bu, əlavə izah tələb edən məqamdır. Bu cür hadisələr bizə bir daha xatırladır ki, aviasiya sahəsində təhlükəsizlik daim yenilənən yanaşma, ciddi nəzarət mexanizmləri və davamlı təhlil tələb edir. İkinci nəsil təhlükəsizlik sistemlərinin tətbiqi, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və məlumatların gizlədilmədən paylaşılması gələcəkdə oxşar faciələrin qarşısının alınması baxımından həlledici rol oynayır”, - o əlavə edib.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər