Nərimanovun ayağı haqqında bir santimetr

nerimanovun-ayagi-haqqinda-bir-santimetr-
Oxunma sayı: 797

Elə zadlar var ki, açıb deməyin yeri deyil, çünki, başa düşülməyəcəksən, yaxşısı budur ki, qoy elə həmin zadlar üreyində zad kimi qalsın. Bunu o zaman anladım ki, 2 yaşlı nəvəmə nənəsi layla çalırdı ki, yatsın. Nəvəm də qayıdıb ona deyəndə ki, ay nənə, səs elemə qoy yatım. Onda bildim ki, elə zadların zad olmağı indiki zamanda halıma uyğundur. O zadı da bilirəm ki, Qulu Ağsəsin “Sənsən hər yer” şeirler kitabının adı Türkiyəli şair Atilla İlhanin “Kimi sevsəm sənsən” ve ya xalq şairi Fikrət Qocanın “sən mənim dünya boyda qəfəsimsən” şeiri ilə eynidir.

Amma demirəm, ağrımayan başımı niyə ağrıdım? Quluda və başqalarında belə-belə çox zadlar bilirəm, amma demirəm, onlar elə bilir ki, mən heç zad bilmirəm. Onu da bilirəm ki, bu gün ən populyar bir şairiin şeirinin gözəlliyi ancaq frazeoloji söz birləşmələrindən ibarətdir. Burda şairin məharəti yoxdur, dilin məharətidir, amma o da hər defə üzümə elə baxır, elə baxır, sanki gözü ilə deyir ki, vallah sən heç zad bilmirsən. Mən də ona deyə bilmirəm ki, sənin frazeoloji birləşmələrindən ibarət olan şeirlərinin boyu ancaq bir santimetr zad oldu, yuxari qalxmadı və böyük Sabir demişkən hamısı “bu boyda, bu boyda” qaldı. Buna da müqabil deyə bilirəm ki, Ramiz Rövşənin gəraylılarının hamısının boyu bir santimetrdi, bir notdadı, bir musiqidədi, ona gorə də Ramizin yüz gəraylısının yerinə bir gəraylısı olsa daha yaxşı zad olardı. Birdən Murad Köhnəqala elə bilər ki, bu zadlar ona məxsusdu, onu da Murada ərz eləyim ki, bu zad ilk dəfə Mirzə Cəlilə məxsusdu, ondan da qabaq tərəkəmə ləhcəsinə aiddir, lap ondan qabaq Azərbaycan dilinin incisidir. Nə isə bu zadı da zad elədim, keçim indi başqa bir zada. Allah tala Fizuli demişkən, çox əşyalarda çox sirrləri əyan eləyib, ancaq onların yerini bilməyi bizə nihan eləyib, kələfin ucunu gizlədibdi. İndi o nihanları dərk eləmək üçün o böyük Allah bizim idrakımızı bir santimetr kəm yaradıb, düz də eləyib, çünki belə şeylər onun ixtiyarındadır, bizlik deyil. Amma biləndə ki, cəmiyyət hadisələri bizlikdi və bu hadisələri dərk eləməkdən ötrü idarakımız bir santimetr geridə qalır , deməli, əsas məsələ bizim öz zadımızdadı. Şair Əli Kərimin “bir santimetr haqqinda ballada” poemasında əsas məsələ də elə bu zad haqqındadı. Yəni bir santimetr Çin səddi kimi çəkilib idrakımızın sərhəddinə…və doğulandan biz onu heç cürə zad eləyə bilmirik ki, bilmirik. O da yadımdadır ki, biz sagird olanda məktəb direktorumuz saçımızın uzunluğunu xətkeşlə ölcürdü, əgər bir santimetrdən uzundusa qayçı ilə saçımızı özü kəsirdi. O qədər kəsdi ki, axırda idmançılarımız hündürliyə tullananda dünya çempionu olmağımıza bir santimetr zad çatmadı. Bu azmış kimi balaca vaxtı sünnətimizi də bir santimetr kəsdilər və ola bilsin ki, biz bu bir santimetrə görə nəyəsə çatmadıq.

O çatmağımız zadın adını bilmirik, ona görə ki, bunu bilməkdən ötrü bir santimetr zadımız çatmır. Mən deputat seçkilərində ona görə seçilə bilmədim ki, bir santimetr zadım çatmırdı və onu da sonralar öyrəndim ki, mənim seçicilərimin özündə də bir santimetr zad catmırmış. Tələbə vaxtı keçid balını keçməkdən ötrü bir santimetrim kəm oldu və ümumiyyətlə göturəndə mən santimetr şikəstiyəm. Gənclik illərinde sevdiyim qızı zad eləmək əvəzinə, ona yazdığım şeirləri oxudum, aramızdakı bir santimetr sərhədi keçə bilmədim və bir də gördüm ki, qızın qulaqları məndə olsa da o biri terəfində oturan oğlan bir santimetri çox asanlıqla keçib, çox ustalıqla qızın dodaqlarını zad eləyir. Maşın alacaqdım, bir santimetr çatmadı. Oğlumu polisə düzəldəcəkdim, dedilər boyu bir santimetr zaddı, bu dərdi də ürəyimə saldım, uzun müddət zad elədim. Məni əsgərliyə aparmadılar, qonşumuzun qızlarının yanında çox pərt oldum, utandığımdan bir santimetr yerə girdim. Tay-tuşlarımın bəziləri əsgər gedəndə boylarından bir santimetr zad çatmırdı, ona görə də ordudan azad olunurdular. Mənim boyum hündüydü, bəs mənim çatmayan bir santimetr zadım nə idi? Açıb desəm gülərsiniz, lap zad eləyərsiniz, ağlınıza başqa santimetr zad gəlməsin, mənim santimetrim indiyənəcən məni çox incidib, əməlli-başlı zad eləyib. Əsgər getmək ərəfəsində zad zamanı kordioloqlar zad elədilər ki, ürəyimin qulaqcıqları arasında diametri bir santimetrə qədər anadangəlmə dəlik var, gərək əməliyyat olub ora qapansın, daha doğrusu zad olsun. Bunun üçün də çoxlu pul-zad lazımdır. Məsələn 10 min zad. Əməliyyat üçün 50 yaşına qədər topladığım parada həmişə bir santimetr çatmadı. Həyatda çox zadları bilirəm, Molla Pənah Vaqif demişkən “qaydasın bilirəm hər üsulların”.

Amma həmişə çatmayan bir santimetrin zadını çəkmişəm. Bir dəfə lap dəli oldum. Sən demə bir santimetrin artıqlığı da adamın başına bəla-zad gətirirmiş. 1979 cu ildə “Ulduz” jurnalının 11-ci sayında şeirlərim zad olunmuşdu. Jurnalın üz qabığında Nəriman Nərimanovla Leninlə yanaşı səkli var idi. Sən demə rəssam Nəriman Nərimanovun ayağını Leninin ayağından bir santimetr irəli çəkibmiş. Burda böyük bir zad eləyibmiş… Öyrəndim ki, həmin santimetrə görə rəssamı tutublar. Yerli dibli zad eləyiblər. Bunu eşidəndə uzun müddət mən özüm də zad elədim, üzülüb əldən-ayaqdan düşdüm, axırda əllərimi iki dəfə dizimə vurdum, bir dəfə başıma… əməlli-başlı zad oldum.