Nüsrət Kəsəmənlinin qanadı sınmış xanımı

nusret-kesemenlinin-qanadi-sinmis-xanimi
Oxunma sayı: 14330

Onun ölümü qəfil oldu. Ondan yeni sevgi şeirləri gözlərkən, o hamını qoyub getdi. Və aradan 9 il keçdi. “Qafqazinfo” olaraq bu gün heç bir təqdimata ehtiyacı olmayan sadəcə Nüsrət Kəsəmənlidən danışacağıq, elə ömür-gün yoldaşı ilə bərabər onun həyat yoluna boylanacağıq.

Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli 1971-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində işləyir. Özünün dediyi kimi bura ona həm də ev kimidir, həm təhsil alıb, həm də işləyir. Nüsrət Kəsəmənli 5-ci kursda oxuyarkən, o da BDU-nun 1-ci kursunda təhsil alırmış.

“Ailədə kişi yoxdursa, qadın qanadı sınmış quş kimidir”

Şairin ölümündən 9 il keçsə də, xanımı hələ də barışa bilmədiyini deyir: “Elə bilirəm ki, hər an evdədir və içimdə onunla danışıram. Təsəvvür edin yemək hazırlayan zaman fikrimdə Nüsrətlə söhbət edirəm. Onun ölümü mənim üçün qəfil oldu, nə xəstəliyinin ağırlığı ilə, nə də ölümü ilə barışırdım. Elə bilirdim əməliyyat olunacaq, sağalacaq...Çətinliklərə gəlincə isə əgər bir ailədə kişi rəhmətə gedibsə, qadın qanadı sınmış quş kimidir. Nə qədər mən ailənin hər şeylə təmin eləsəm, nəyə nail olsam da, iki qanadım yox, bir qanadım var və çapalayıram. Razıydım ki, o yaşasın, sağ olsun ona qulluq edim. O adı qəbul edə bilmirəm... Həyat yoldaşı rəhmətə getmiş qadın. Onun yoxluğunun qəbul olunmasını istəmirəm. İstəməzdim ki, oğlanlarım atasızlığı hiss etsin. Kişi olmayanda qadın qorxaq olur. Hər şeyimiz var, o qorxaqlıq hissi isə qanıma hopub. Təsəvvür edin qapı belə döyüləndə deyirəm ki, Nüsrət yoxdur, görəsən, qapını açım-açmayım? Adi kran xarab olanda düşünürəm ki, bu niyə belə oldu? İndi evi su basacaq. O evdə olanda güc alırdım ondan. Ailə başçısı olanda qadın özünü rahat hiss edir.

“Nüsrət deyirdi ki, qoy nə olursa, olsun azərbaycanlıların yanında olsun”

Nüsrət Kəsəmənlinin müalicə üçün niyə məhz İranı seçdiyinə Rəhilə xanım belə aydınlıq gətirdi: “Son mənzili İran oldu. Hətta bəzi dostları “Gərək İrana deyil, başqa ölkəyə aparardınız” dedilər. Düzü dövlət həmin an bütün xərcləri öz üzərinə götürmüşdü. Nüsrət haranı istəsəydi, ora aparırdılar. O da İranı seçdi. Mən özüm Türkiyəyə gedək dedim, O, isə İrandan əl çəkmədi, xüsusilə də Təbrizdə olmağı çox ona xoş idi. Deyirdi ki, qoy nə olursa olsun azərbaycanlıların yanında olsun. Özümü orada rahat hiss edəcəm. Sonra gördük ki, həqiqətən haqlıdır. İnanmazsanız onun qulluğunda necə dururdular. Onu necə yola saldılar. Hər səhər tələbələr çiçəkləri qaldığımız xəstəxananın şüşələrinə yapışdırırdılar və biz həyətə belə baxa bilmirdik. Hər səhər həmin gülləri təzələyirdilər. Nüsrət onda deyirdi ki, bax buna görə Təbrizi seçdim.

Xəstəliyinin 1 ildən çox çəkdiyini deyən Rəhilə xanım şairin əvvəllər bir dəfə infarkt keçirdiyini və başına dolana-dolana qoruduğunu, daha sonra böyrəklərinin işləmədiyini deyir.

“Nüsrətə qardaş, dost deyənlər indi bizi tanımırlar”

Nüsrət Kəsəmənlinin dostlarını, sənət adamlarını Rəhilə xanımdan soruşduğumuza peşman olduq desək ən doğru söz olar: “Tam səmimi deyirəm ki, Nüsrət o adamları ki, özünə yaxın bilirdi, həmin insanlar indi elə bil bizi tanımırlar. Onlar Nüsrətin ailəsinə qarşı o qədər laqeyd oldular. Əgər mənim bu sözümdən incisələr, onlardan xahiş edin ki, sizi Nüsrətin məzarının üstünə aparsınlar. Nüsrətə dost deyənlər sizi ora aparsa, məzarının yerini tanısa, mən onlardan üzr istəməyə hazıram. İnsana təsir edir də, bütün günü sənə qardaş deyən, evindən çıxmadığın kəs, indi səni tanımır. Təsəvvür edin Nüsrət sağ olanda gecə vaxtı zəng vururdular ki, ay Nüsrət tez gəl, sənsiz boğazımızdan tikə getmir. Təəssüf ki, biz həmin adamları da Nüsrətlə bərabər itirdik. Hansı ki, Nüsrət dəfn olunanda xalqa göz yaşlarını göstərərək biz də ondanıq, onun yoldaşıyıq kimi təqdim edirdilər. Hətta bir dostu var idi, adını çəkməyəcəyəm. Özü oxusa, payını götürəcək və biləcək kimdir. Bir işimiz düşmüşdü ona, yüngül bir problem idi. Həmin “dostu” dedi ki, indi vacib işim var gözləyin. Biz bir müddətdən sonra yenə zəng vurduq, o isə sonra xəbər edəcəyini dedi. O xəbər, bu xəbər üstündən 9 il keçib. Onlar başa düşmürlər ki, biz heç kimdən pul istəməyəcəyik. Hamımız işləyirik şükür Allaha. Bir daha deyirəm ki, Nüsrətdən ötrü özünü xalqa tanıdıb, biz “üçümüz” beləyik deyənlər, indi ortada yoxdurlar. Amma heç gözləmədiyimiz insanlar bizə elə köməklik göstərdilər ki, onlardan biri də Zəlimxan Yaqubdur. Zəlimxan müəllimin bizə etdiyi köməyi insanın ən yaxın adamları edə bilərdi.

“Nüsrət Kəsəmənlinin üzv olduğu Azərbaycan Yazıçılar Birliyi bugünədək bizi axtarmayıb”

Nüsrət Kəsəmənlidən sonra ailənin necə dolandığı barədə maraqlanırıq. Rəhilə xanımın müəllim olduğunu nəzərə alsaq aldığı məvacibin ehtiyaclarını ödəmədiyi onsuz da məlumdur. Bütün bunlara baxmayaraq Rəhilə xanım yaşayışlarından narazı olmadığını bildirir: “Heç kimdən maddi kömək istəməmişik. Nüsrətin ölümünün 3 mərasimini BŞİH öz üzərinə götürmüşdü. Ondan sonra isə heç kimdən heç nə görməmişik. O, son nəfəsinədək Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Amma bugünədək AYB bizi axtarmayıb. AYB təkcə Nüsrət Kəsəmənlini 60 illik yubileyini qeyd edib. Düzü, ağlımızdan da onlara müraciət etmək keçməyib. Özü yoxdursa, onlar bizə nə kömək etsinlər.

“İndi mən ailədə həm atayam, həm də ana”

Nüsrət Kəsəmənlinin hələ də çap olunmayan şeirləri var. Həmin şeirlərin çap olunmamasının günahını Rəhilə xanım özündə görür: “İndi mən ailədə həm atayam, həm də ana. Həmin əlyazmalar o qədər xırda yazılıb ki, 1 şeiri üzə çıxartmaq üçün gərək 1 həftə oturum, işləyim. Çap olunan və olunmayan şeirlərini səliqə ilə ayırmışam. İnşallah 70 illik yubileyinə qədər hamısını çap edəcəyəm. Həmin şeirləri arasında vəsiyyətlə bağlı şeir də var idi, elə bil tərki dünyanı əvvəlcədən duymuşdu.

“Mənə həsr etdiyi “Etiraf” şeiri çap olunanda mübahisəmiz düşdü”

Nüsrət Kəsəmənlinin ona həsr etdiyi və bütün oxucuların sevdiyi “Etiraf” şeirinə çox hirsləndiyini deyən Rəhilə xanım orada qeyd olunan etirafları qəbahət hesab etmədiyini deyir: “Hər kəs özünü yaxşı tanıyır, günahını hər şeyini bilir. Məni yaşadan da Nüsrət idi. “Etiraf” şeiri çap olunanda bizim mübahisəmiz düşdü. Bu məqamda “Etiraf” şeirini xatırlayırıq.

Ömür-gün yoldaşıma


Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Birce yol üzümə durmamısan heç.

Hər kəs taleyile gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsen.
İsti bir sevgiden yazmişam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...

Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacim olmusan.

Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən...

Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istide, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq...
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən ışıq-
Gözümün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Hətta iş yoldaşlarım mənə deyirdi ki, sən yeganə qadınsan ki, həyat yoldaşın səni tərifləyir, sən də əsəbləşirsən. Mən o qədər sirr saxlayanam, heç kəsə imkan vermərəm ki, ailə işimə qarışsın. Nüsrətə dedim ki, sən açdın bütün dünyaya bəyan elədin ki, mən nələr edirəm. O da cavabında dedi ki, kişilərin 90 faizi bu gündədir, mən onların dilindən etiraf edirəm, onlar bunu edə bilmir (Gülür).

“Ona deyirdim ki, nə edirsənsə, sənə hirslənə bilmirəm”

Bir şairin həyat yoldaşının çətin olduğunu etiraf edən Rəhilə xanım bütün bunlara rəğmən Nüsrət Kəsəmənlinin ailəyə necə bağlı olduğunu belə ifadə edir: “İçimdə gərgin olan anlarım çox olub. Nə qədər gecə saat 2-də, 3-də evə gəlmək olar. Çox hirslənirdim ona. Bilmirəm səbəbini, elə ki Nüsrət maşını ilə həyətə girirdi, bir az hirsim soyuyurdu, pilləkəndən çıxanda bir azda yaxşı olurdum. Qapını nə bərk döyərdi, nə də zəngi çalardı. Elə gözəl musiqi ilə ritmlə çalırdı ki, hirsim yox olurdu. Qapını açırdım arxasında gizlənirdi, elə bil oyun oynayırdı və deyirdi ki, “Əşi, görürsən də yenə də gec gəldim”. Özü-özünü günahlandırırdı. Zarafat edə-edə hər şeyi unudurdum. Həmişə ona deyirdim ki, ay Nüsrət, nə edirsənsə, sənə hirslənə bilmirəm (Gülür).

“Nüsrət deyirdi ki, kimlər həyatımda olubsa, sənin heç dırnağına dəyməz”

Qadın üçün həyat yoldaşının həyatında başqa qadınların olduğunu bilməyin necə bir hiss olduğunu, yəqin, qadınlardan başqa heç kim duya bilməz. Nüsrət Kəsəmənlinin həyatında olan qadınlarla maraqlananda Rəhilə xanım buna da özünə məxsus cavab verdi: “Mən bilirdim ki, hara getməyindən asılı olmayaraq evsiz 1 günü də olmayıb. Həyatında məndən başqa qadının olub-olmadığını deyə bilmirəm və ya hansısa qadını da günahlandıra bilmərəm. Mənim təsəllim o idi ki, Nüsrət öz dili ilə deyirdi ki, kimlər həyatım da olubsa, sənin heç dırnağına dəyməz. Bu sözdən sonra o kişi ilə üz-üzə gələn qadına nə deyim? Elə ondan ötrü evdə nə narazılıq salmağa, nə də qaşqabaq tökməyə dəyər. O qadın qiymətini bilsin və görsün ki, Nüsrət xanımını haralara qaldırıb və o hardadır?

Evə ailəyə o qədər bağlı olub ki, mən demirəm o məni incidib. Uşaqlara atadan çox qardaş olub. Elə bil mənim 3 oğlum var idi. O, həmişə oğlanlara deyirdi ki, mənimlə danışın ki, sirrinizi bilim, sizə yoldaş olum. Səmimiyyətinə görə ondan qətiyyən inciməmişəm. Gecə saat 2-də gəlsə də, inanın yadıma sala bilmirəm ki, gecənin o vaxtında bir dəfə əliboş olsun. Kasıb varlı həmişə əlində nəsə olurdu. Tutaq ki, gecə saat 2-də çörək alıb gəlirdi. Gülürdüm deyirdim ki, gecə saat 2-də bunu kim yeyəcək. O da deyirdi ki, fikirləşdim ki, evə necə gedim? Bu cür insanla mən evə necə narazılıq salım? Hardan gəlməsindən asılı olmayaraq, hətta yeyib-içib gələndə belə birinci mətbəxə keçəcəkdi. Qazanın ağzını açıb deyirdi, “bunu yeməmiş yatmaq olar”? Mən də onunla oturub yeyirdim. Danışıb- gülürdük, hirs filandan əsər-əlamət də qalmırdı. Bir də baxırdıq səhər açıldı..

“Gəlinlik fatasını o aldı, donu da mən tikdirdim”

Necə evləndikləri barədə maraqlananda Rəhilə xanım ilk vaxtlar maddi vəziyyətlərinin çox çətin olduğunu qeyd edir: “Maddi sıxntılarımız çox olub. O qədər imkansızlıq idi ki, fatamı Nüsrət tələbə vaxtı lotereya oynadığı puldan alıb, gəlinliyi isə mən tikdirmişdim. Mən həmişə deyirəm. Həyatımızda borclu olduğumuz isnanlar olub. Ailəmizi sözün hər mənasında qaydaya salana qədər bizə çoxlarə kömək edib. Onlardan biri də Nəsir İmanquliyevdir. Nüsrət birinci kursa qəbul olanda çox çətinliklə üzləşdi. Ev yox, qalmağa yer yox. Nəsir müəllim Nüsrəti 1-ci kursu qurtaranda işə götürmüşdü, sonra əyanidən qiyabiyə keçirtdi ki, əli çörəyə çatsın. O, bizə axıra qədər atalıq etdi. Evlənməyimizin elçiliyini, nişanını da özü etdi. Onun köməkliyi ilə bizə ev də verdilər.

“15 ildir ki, gözü yolda qalan anası”

İki oğul böyüdən Rəhilə xanım 15 ildir ki, həbs olunan oğlu Arazın yolunu gözləyir. 21 yaşında həbs olunan oğlunun yoxluğunu belə anladır: “Biz 15 ildir ki, özümüzə Araz, bəlkə, azadlıqda olsaydı daha da pis bir şey başına gələ bilərdi təsəlləsi ilə yaşayırıq. Hamının həyatında qaranlıq anlar olub, bizim də çıxacağımız bu idi. Asan deyil, neynəmək olar.
Araz Hüquq Fakültəsnin tələbəsi idi, iyulun 9-u diplomu müdafiə etməliydi, amma edə bilmədi. Həmin ayın 6-da qəsdən adam öldürmə maddəsinə görə, həbs olundu.

Rəhilə xanım isə oğlu Arazın günahsız olduğuna inanır: “Bu 15 il çox çətin olub. Mən yaşadım o illəri, mən caladım bir-birinə o illəri. O qədər çətin anlar olub ki...

Bu 15 il ərzində sevindiyi ən böyük şey Arazın oğlunun varlığıdır: Allaha şükür edirəm ki, səbr verdi bizə, dözüm verdi. Deyəsən yavaş-yavaş vəziyyətdən çıxıram. Rəşadın da öz ailəsi var, hər şeyi yaxşıdır.

“Nüsrət o dünyadan evə 1 manat pul da göndərməyib”

O, təkbaşına Nüsrət Kəsəmənlinin hüquqları üçün məhkəmələrə belə düşüb: “Nüsrət rəhmətə gedəndən sonra çətin işlərimin biri də, məhkəmələrdə çəkişməyim oldu. Özbaşına Nüsrətin kitablarını çap etməyə başladılar. Heç olmasa mənə deyə bilərdilər ki, istədiyimizdən çap etmişik. Amma onlar mənimlə çox kobud rəftar etdilər. Guya Nüsrət onlarla müqavilə bağlayıb. Məhkəmədə elə pafoslu danışıb qışqırırdılar ki, hətta nəşriyyatın xəzinadarı mənə dedi ki, Nüsrət müəllim yanıma gəldi müqavilə bağladıq.. Məlum oldu ki, bu hadisə 2005-ci ildə baş verib. Mən dedim ki, necə olur Nüsrət o dünyadan evə 1 manat pul göndərməyib, amma sizin yanınıza iki ildən sonra gəlib. O boyda kişini mənim gözümdən saldız. Elə pis vəziyyətdə qaldılar. Məhkəmə onları cərimələdi. Onlar düz etmədiklərini bilirdilər. Sadəcə inanmırdılar ki, mən bu qədər problemin içində belə mübarizə apararam.

“Elə hiss etdim ki, Nüsrət Kəsəmənli orden alıb”

Heç yerdə olmayan kitabının belə varlığını bizə açıqlayan həmsöhbətimiz “Kimə inanasan?” kitabın ancaq əlyazmalardan ibarət olduğunu bildirdi: “Mənim üçün ən böyük təsəlli prezident İlham Əliyevin fərmanı ilə yazıçıların əsərlərinin kiril qrafikasından latına keçirilməsi idi. Nüsrətin müasirləri arasında 2-3 nəfər siyahıya düşmüşdü. Nüsrətin də adının olmasına çox sevindim . Bu mənim üçün ən yüksək qiymət idi. Elə hiss etdim ki, o sanki böyük mükafat, orden alıb.

Günel Əbilova