- Nazim, deyəsən yeni duet ortağınız olacaq. Bu xanımla bizi də tanış edə bilərsiz?
- Hava Dolef İsraildən gəlib. O, İsraildə müğənni kimi çalışır və geniş tamaşaçı auditoriyası var. Hava xanımın həyat yoldaşı onun prodüseridir. Və o, Facebook sosial şəbəkəsində mənimlə tanış olub, səsimi dinləyib, xanımına da bu səsi təqdim edib.
Hava xanım: Bəli, həyat yoldaşım mənə Nazimin mahnılarını təqdim etdikdə onun səsi məni heyran etdi. Bu səsi dinlədikdə başa düşdüm ki, o hamı kimi oxumur. Nazimin yaradıcılığı diqqətimi çəkdi. Beləliklə tanışlığımız dostluğa çevrildi. Və Nazimlə bir layihə üzərində çalışmağa qərar verdik. İnanıram ki, bu layihə həm Azərbaycanda, həm də İsraildə maraq doğuracaq. Hər iki ölkədəki konsertlərimizə bir-birimizi dəvət edəcəyik. Bizim birgə diskimiz də işıq üzü görəcək.
- Bu Azərbaycana ilk gəlişinizdir?
- Xeyr, ikinci səfərimdi. Uşaqlıqdan Rəşid Behbudovu dinləmişəm. Həyat yoldaşım Murad Muxtarov Bakı yahudisidir. Mənə işlərimdə çox dəstək olur. Azərbaycan dilinə məhəbbəti isə mənə Dağıstanın xalq artisti, babam Abram Abdalimov aşılayıb. O Azərbaycan dilində mahnılar ifa edirdi. Vaxtı ilə Aygün Səmədzadə ilə çalışmışam. Ayaz Qasımovla duetimiz də var. İnanıram ki, bu dəfə də uğurlu layihə alınacaq. Onu da deyim ki, Azərbaycanı çox sevirəm.
Nazim: Biz Hava xanımla “Mən ölərəm ikimizin yerinə” adlı yeni bir mahnı üzərində işləyirik. Bu mahnını Flora Kərimova Mirzə Babayevlə birgə ifa edib. Adı çəkilən mahnıya ekran həyatı da veriləcək. Biz həm İsrail, həm də Azərbaycan dilində mahnılar ifa edəcəyik. Hava xanım Şövkət Ələkbərovanın əziz xatirəsinə “Onu bağışlamaq olarmı” kinofilmindən “Kor qızın mahnısı”nı da ifa edib.
- Şou-biznesdə hal-hazırki durum sizi qane edirmi? Baş verənlər Nazimi nə vaxtsa müğənni olmaqdan çəkindirməyib ki?
- Bəli, düz buyurduz. Bu gün şou-biznes aləmində heç kəs nə öz yerini, nə də çəkisini bilmir. 3-5 il səhnədə olmaq o demək deyil ki, sən artıq sənətkarsan.
Səndən həm yaşda, həm də təcrübədə böyük sənətkarlar var. Təəssüflər olsun indiki gənclər onlarla hesablaşmır, yekəxanalıq edirlər. Belə müğənnilərin hər hansı bir mahnısı hit olursa, elə bilir ki, artıq çox şeylərə nail olub. Ona görə də özbaşınalıq baş alıb gedir, qarşısı da alınmır. Lakin istər Rusiyada, istər Türkiyədə bunun tam əksinədir. Bu anlaşılmazlıqlardan ölçü götürülür.
- Nazim, yəqin ki siz də uşaqlıqda oxuduğunuz nağılların qəhrəmanına dönmək arzusunda olmusuz. Özünüzü hansı nağıl qəhrəmanı obrazında görürdüz?
- Adətən oğlan uşaqları özlərini Məlikməmmədə oxşatmağa çalışırdılar.
- Bu gün özünüzü Məlikməmməd kimi görə bilirsiz?
- Xeyr, mən özümü indi nağıl personajı kimi görmürəm.
- Saflıq itdiyi üçün?
- Bəli, saflıq itib, riyakarlıq, ikiüzlülük çoxalıb. Bu gün sənin üzünə gülən, sabah sənin arxanca danışır. Tədbirlərdə səni bağrına basıb üzündən öpənlər, üzünü çevirən kimi: “ əşşi o oxuya bilir”, - deyəcək qədər ucuzlaşıblar. Bax elə mən də çox yerlərdə insanların bu simasını görməmək üçün yoxam. Elə bilməyin ki, dəvət almıram. Sadəcə özüm getmək istəmirəm. Hətta bəzən yalan danışmaq məcburiyyətində qalıram. Bilirəm ki, o məclisdə kimlər ola bilər. Dəvət aldığım yerdən boyun qaçırmaq üçün səsyazma studiyasında olduğumu deyirəm. Lakin diqqətimi əsirgəmirəm. Həmin məclisə hədiyyəmi göndərirəm. Damla-damla qazandığım hörməti itirmək istəmirəm. Mənim üçün həyatda önəmli anam və ailəmdir. Istəmirəm onlar mənə görə xəcalət çəksinlər. Heç vaxt imkan vermərəm ki, kimsə anama: “ ay Zərifə xanım, oğlunun o qalmaqalda nə işi var idi” və ya uşaqlarıma “atan niyə qalmaqallarda iştirak edir” desin. Övladlarım ali məktəbdə təhsil alırlar. Istəmərəm nə anamın, nə də ailəmin başını aşağı edim.
- Şou-biznesdəki müğənniləri hansı qəhrəman qismində görürsüz?
- Heç kim öz ayranına turş demir. Hamı elə bilir ki, ondan yaxşısı yoxdu. Düşünür ki, ”super müğənniyəm”, “çoxlu fanat ordum var”,” mən olmasam Azərbaycan incəsənəti batar”. Təbii ki, bunlar yalnış fikirlərdir. Əvəzolunmaz adam yoxdu. Bizim böyük sənətkarlarımız olub və yenə də var. Rəşid Behbudov, Mirzə Babayev, Gülağa Məmmədov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Alim Qasımov, Zaur Rzayev və.s və.s. Görün bizə nə boyda sənət mirası qalıb. Amma o zirvədən hara gəlib çıxmışıq. Bugünki gündə mən qəhrəman deyil, qara qüvvə görürəm. Hansı ki, Azərbaycan musiqisini qaraya bürüyüb uçuruma aparır. Diqqət yetirin sosial şəbəkələrdə nələr yazırlar: “ Üzeyirlə başlanan musiqi Üzeyirlə də bitir” Üzeyir Hacıbəyov kimi dahi sənətkar və bu günün Üzeyiri. Əfsuslar… Acınacaqlı vəziyyətdir. Sənət cılızlaşır, ucuzlaşır. Ola bilsin ki, nə vaxtsa hər şey yerini tapacaq. Optimist olmağa çalışıram. Sənətdə yaxşılar o qədər azdır ki, onlar da pislərin içərisində bir qazanda qaynayıb itir. Fəlakət budur.
- Sabahdan qorxmursuz ki?
- Qorxuram, niyə qorxmuram ki. Qiyamət günü hər kəs öz əməlinə görə sorğu-sual olunacaq, cavab verəcək. Bu gün hamı “mən, mən” deyir. Hamı şeir, mahnı yazır. Musiqisi mənim, sözləri mənim, oxuyuram mən. Indi məmurların xanımları, iş adamlarının həyat yoldaşları, hər kəs şeir yazmağa başlayıb. Görəsən Tofiqin, Qara Qarayevin, Niyazinin vaxtında onlar hardaydılar?! Bütün Azərbaycan xalqı şair, bəstəkar olub.
- Heç ürəyinizdən keçməyib ki, nə vaxtsa siz də duyğularınızı sözə , nota köçürəsiz?
- Şeir yazmaq mənlik deyil. Amma bir-iki dəqiqəlik musiqi düşüncələrim var ki, onları da yalnız ailəm, yaxın dostlarım eşidə bilər.
- Hansı səhvlərinizi təkrarlamaq istəməzdiz?
- Təbii ki, səhvsiz insan yoxdur. Mənim də yanlışlıqlarım olub, var, olacaq da. Insan yaşadıqca yalnış addım da ata bilər. Və bundan kimsə sığortalanmayıb. Yaxşımızla, pisimizlə yaşayırıq bu həyatda . Ümumiyyətlə bu günə qədər nə səhv addımlarım olubsa, onları təkrarlamaq istəməzdim. Ola bilsin bilərəkdən bilməyərəkdən kiminsə qəlbinə dəymişəm, könlünə toxunmuşam. Bu Tanrının da xoşuna gəlmir. Bəzən elə olub ki, xətrimə dəyən kimsəni özümdən uzaqlaşdırmağa çalışmışam. Heç fərqinə də varmamışam ki, təkəbbürlük edirəm. Düşünməmişəm ki bəlkə o insanın mənə ehtiyacı var idi. Bu yalnış addımdır bilirəm.
- Sizcə cənnətin qapıları üzünüzə açıqdır?
- Onu yalnız Allah bilir. Çiynimizdəki mələklər yaxşını, pisi yazir. Çalışıram əməlisaleh insan olum. Amma günahlarım da var. Ən azından arada bir olsa da içki içirəm, istəməsəm də idarə etdiyim toylarda içki məclislərində oluram. Bəzən xanımlarla hardasa əyləşib çay içirəm. Bu özü də bir günahdır. Allah keçsin günahlarımızdan.
- Çəkdirdiyiniz kliplər nə qədər sanballı, maraqlı olsa da oradakı xanımlar Arzu xanımı qıcıqlandırmır ki?
- Bir dəfə bir jurnalist evimizə zəng edərək Arzu xanımı yaxsıca qıcıqlandırmışdı. Həmin vaxt ailəmizdə bir balaca söz-söhbət də yaranmışdı. Amma bu söhbəti mən tez yatırtdım. Izah elədim ki, müğənniyəm. Məni sevən də var, sevməyən də . Nömrəmi tapıb zəng eləmək çətin deyil. Mənə ləkə yapışdıra da bilərlər, şantaj da edərlər. Axı nə üçün sən hər şeyə inanmalısan?! Bu mənim işimdir. Ətrafımda xanımların olması təbii haldır. Klip çəkilişlərim var, tədbirlərə gedirəm. Kimsə şəkil çəkdirə bilər, oturub bir fincan çay içmək istəyən də ola bilər. Pərəstişkarlarımın könlünü qıra bilmərəm.
- Sizcə bu Arzu xanıma xəyanət deyil ki?!
- Düşünürəm ki yox. Kiminçünsə bir sənətkar, insan olaraq maraqlıyamsa, onunla beş dəqiqə söhbət edə bilərəm. Əgər həmin adamı rədd etsəm, mənə nifrət edər. Bu pərəstişkarlarıma ən azı hörmətsizliyim olar. Amma kimsə bu an şəklimizi çəkib ondan istifadə edə bilər.
- Sizə elə gəlmir ki o an Arzu xanım sizi başa düşməyə də bilər?!
- Düz deyirsiz. 24 ildir evliyəm. Mənim həyat yoldaşım qəhrəmandı. Görün nə qədər müğənnilərimiz var ki, evlənib boşanıblar. Ərinin populyar olmağına dözə bilməyən o qədər xanımlar var ki, artıq qısqanclıq zəmnındə boşanırlar.
- Elə bir dözülməz xarakteriniz varmı ki, Arzu xanım ona da göz yumur?
- Var əlbətdə ki. Yaradıcı insanam. Adi bir misal gətirim. Yuxudan oyanarkən pozitiv əhval ruhiyyədə də olmaq olar, neqativ də. Bəzən görürsən səhərlər heç bir səbəb olmadan əhvalım pis olur. Eşidirəm ki, həyat yoldaşım uşaqlara: “sakit danışın atanızın keyfi yoxdu” deyir . Evdə səsimin tonundan bilirlər ki, əhvalım yoxdur və ona görə də çox sual vermirlər.
- Yuxularınız həmişə çin olur?
- Ümumiyyətlə, gec-gec yuxu görürəm. Amma maraqlısı odur ki, yuxunu görəndən bir müddət sonra gördüklərim həyatımda baş verir. Bacımla əkizik. Deyirlər əkizlər Allah- Təalanın sevdiyi bəndələridir. Bəlkə bu səbəbdən yuxularım çin olur, bilmirəm.
- Müğənni olmağınızı yuxuda görməmişdiz ki?
- Yox, yox müğənni olmağımı yuxuda görməmişəm. Atamı yuxumda görmək arzusu ilə yaşayıram… Onu 1998-ci ildə itirmişəm. Atam dünyasını dəyişəndə mən Azərbaycanda yox idim. Vətənə dönəndə onun ölümünün 3-cü günü idi. Ailənin tək oğluyam. Atamın dəfninə çata bilmədim. Onu son mənzilə çiyinlərimdə mən yola salmalıydım. Təəssüfki onunla xudafizləşmək mənə nəsib olmadı. 1998-ci ildən bəri heç vaxt onu yuxuda görməmişəm. Hətta bundan o qədər təsirlənmişdim ki, din adamlarıyla bu barədə söhbət edib səbəbini soruşdum. Dedilər ki, yəqin, səndən razı və arxayındır.
Mətanət Şamilqızı