Nənəmdən atamın dəqiq doğum tarixini soruşanda, dəqiq tarixi yadımda deyil, amma axırıncı çərşənbədə doğulub - deyərdi. Sonralar, əlim internətə çatanda baxdım, 1952-ci ildə axırıncı çərşənbə 18 marta düşür. Bu il 18 martda atamın 61 yaşı tamam olur! Ağlım kəsən gündən indiyə qədər atamla fəxr etmişəm. Mən birinci sinifə qəbul olunan ili atamı məktəbimizə direktor təyin etdilər. Həmin günü anamdan da çox mən sevinirdim. Atamın direktor olması ilə o qədər fəxr edir və bunu elə bariz şəkildə üzə verirdim ki, axırda atam dözməyib anama dedi ki, qızını başa sal, çox forslanmasın, adi kənd məktəbində direktoram də, partiya katibi deyiləm ki. Amma bu sözlərin mənə bir xeyri olmadı. Bir dəfə kənd klubuna hindi filmi gətirmişdilər. Bilet almağa pulum yox idi. Bildim ki, evdə istəsəm də verməyəcəklər ki, yaşına uyğun deyil, baxma. Odur ki, heç kimə ağız açmadan biletsiz kluba girməyə cəhd etdim. Qapıda nəzarətçi məni saxladı: -Bilet? - Yoxdu. - Onda olmaz. - Mən direktorun qızıyam. Elə şəstlə dedim ki, nəzarətçi gülüb əlini qapıdan çəkdi.
Ancaq sonralar bildim ki, mənim belə forslanmağıma atama bir qonaqlığa başa gəlib. O, 20 qəpiyin əvəzində 20 manat xərcə düşsə də, həmişə olduğu kimi, mənə heç nə demədi. Sadəcə anama; "bu qızın axrı nə olacaq?" - deyib, başını bulayıbmış. Onu dünyada hər kəsdən güclü, hamıdan uca bilirəm. Birinci kursda oxuyanda bir neçə aylıq təqaüdümdən yığıb atama köynək almaq istədim. Satıcı oğlan köynəyin hansı ölçüdə olmasını soruşanda çaşdım. Atamın köynək ölçüsünü bilmirdim. - Atam hündürboy, cüssəli kişidir - dedim Satıcı yaxınlıqdan təsadüfən keçən hündürboy bir kişini göstərib soruşdu: - Atan bu kişi kimi olarmı? -Yox, ondan ucadır. Satıcı seçib bir köynək verdi. Evə gəlib köynəyi əmimə göstərəndə güldü. Atamın ölçüsündən iki ölçü böyüyünü almışdım. Səhəri günü köynəyi dəyişməyə gedəndə, satıcı oğlan da qımışdı: - Bilirdim dəyişməyə qayıdacaqsan. Bütün qızlar atasını hamıdan hündür, hamıdan güclü bilir. Atam heç vaxt məni döyməzdi, danlamazdı. Lakin heç əzizləməzdi də. Birinci kursun ilk smestri kəndə tətilə gələndə alnımdan öpdü. Ona qədər məni nə vaxt öpdüyünü də xatırlamırdım. Sonra da yalnız “əla” yazılmış qiymət kitabçamı götürüb, aynəbəndin o biri başına getdi. Onun ovcunda əzişdirdiyi cib yaylığını gözlərinə yaxınlaşdırdığını görəndə anam da ağladı - sevindiyindən. Amma atam kimi göz yaşlarını gizlətmədi. Özü də atam kimi bir dəfə alnımdan yox, iki dəfə üzümdən öpdü.
Sonralar bu səhnələr tez-tez təkrar olunurdu. Atama o hissi yaşatmaqdan ötrü Axundov kitabxanasında ac-sussuz oturub dərsə, imtahanlara hazırlaşdığım günlər saysız olurdu. O isə, mən kəndə gələndə bütün tətil müddəti qiymət kitabçamı cibində gəzdirib, bütün dost-tanışına göstərərdi. Universiteti bitirəndə, BDU- nun rektorluğu tərəfindən valideynə təşəkkür məktubunu ona verəndə isə , heç göz yaşlarını gizlətmədi də.
Atamın yüzlərlə şagirdi olub və bəzisi indi atamla çiyin-çiyinə işləyir. Onlara atamı şəxsən təbrik edə biləcəklər. Mənimsə bu şansım yoxdur.Odur ki, təbrikimi yazımla bildirmək istədim. Ad günün mübarək, dədə!
Son xəbərlər
Son Xəbərlər