Unuda bilmədiyim sevgi...

-unuda-bilmediyim-sevgi
Oxunma sayı: 2528


-Mən sənə neylədim axı?

-Sən mənə heç nə eləmədin, ata. Sadəcə sevgini əsirgədin. Yadındadı, bibim qızlarının üzündən öpürdün, saçlarını tumarlayırdın. Kənardan baxırdım. Həsəd aparırdım bibim qızlarına. Sənsə ağzına gələni deyib qovurdun məni. Onlar məndən artıq deyildi. Öz atalarından görmədiyi sevgini, qayğını görürdülər səndən. O vaxtlar gərəksiz, lazımsız olduğumu düşünürdüm. Həyat, o qızları da, məni də eyni vaxtda böyütdü. Böyüməyən təkcə onların baxışı oldu. Sənin təhqirlərindən sonra mənə tənə ilə baxan baxışları...

Heç böyümək də istəmirdim.

Hər şey verdin mənə, sevgidən başqa... Sevgi aclığı çəkə-çəkə böyüdüm-bir qarnı ac, bir qarnı tox yaşamaq şansım da olmadı...

İndi yaşlaşmısan. Ürəyin ağrıyır. Keçirdiyin infarktdan sonra sənə sevgim daha da artıb. Atamsan. Səni itirmək qorxusu ilə yaşayıram. Həmişə var olmanı arzulayıram. Təkcə kölgən bəs edir ki, ürəyim yananda sənə sığına bilim. Nəfəsin bəs edir ki, onunla mən də nəfəs alım.

Atasız böyüyən Səmanın didərgin baxışlarını, kədərli üzünü görəndə gəlib sənə sığınmaq istəyirdim uşaq olanda. Amma... Yenə qovacağından qorxurdum.

Bir də o qorxu böyüdü mənimlə. 

Bunu niyə yazdım, bilirsən? İstəyirəm ki, atalar oxusun bu yazını. Övladlarına sevgi korluğu çəkdirə-çəkdirə böyütməsinlər. Doysun övladları sevgidən. Dadına doyum olmayan sevgidən...

Bibim qızları çoxdan unudub sənin onlara olan sevgini.

Mənsə unuda bilmirəm...