““1 manatlıq” taksilər yollarda xaotik vəziyyət yaradır”

““1 manatlıq” taksilər yollarda xaotik vəziyyət yaradır”
Oxunma sayı: 1401

“Bakıda qanunsuz sərnişindaşıma vasitələrinin mövcudluğu və onların yaratdığı mənzərə leqal sərnişindaşımalara ciddi maneə törədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O qeyd edib ki, sərnişinlərin “1 manatlıq” taksilərdən istifadəsi yollarda xaotik vəziyyət yaradır: ““20 Yanvar” və “Koroğlu” metrostansiyaları istiqamətində hər gün axşam və səhər saatlarında xaotik vəziyyət müşahidə olunur. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakının müxtəlif kəndləri istiqamətində hərəkət edən avtobuslar var. Amma insanlar metrodan çıxıb müəyyən bir məsafəni qət edərək həmin mübadilə mərkəzinə getmək istəmir və “1 manatlıq” taksilərdən və ya digər qanunsuz sərnişindaşıma vasitələrindən istifadə edir. Nəticədə həm yolda xaotik vəziyyət baş verir, həm daşıyıcı sərnişin itirir. Daşıyıcı sərnişin itirəndə də onun gəlirləri azalır. Elə görünür ki, həmin ərazidə avtobus yoxdur. Əslində isə belə deyil. Həmin sərnişinlər Nəqliyyat Mübadilə Mərkəzinə yönəlsə, onları daşımaq üçün avtobus da olacaq. Bu gün Bakıda istehsalat bazalarında kifayət qədər avtobus var”.

M. Ağayev əlavə edib ki, bəzi hallarda qanunsuz sərnişindaşıma vasitələri dayanacaqların ətrafında süni tıxac halı yaradır ki, avtobusların o məntəqələrə giriş-çıxışında çətinlik olur. Nəticədə sərnişinlər həmin “1 manatlıq” taksilərdən istifadə edirlər.

Gülnar Əliyeva