107 minə görə həbs edilən ər-arvad bəraət aldı

107-mine-gore-hebs-edilen-er-arvad-beraet-aldi
Oxunma sayı: 4643

Külli miqdarda dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Aqşin Abdullayev və arvadı Leyla Abdullayevanın məhkəmə prosesi tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, 5 nəfərə ümumilikdə 107 min manat ziyan vurmaqda ittiham olunan ər-arvad özlərini təqsirli bilmir. Bakı Apellyasiya Məhkəməsində müttəhimlər əsassız olaraq həbs edildiklərini deyərək bəraətlərini tələb ediblər.

Məlumat üçün deyək ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. 1 il əvvəl elan edilmiş hökmə əsasən, A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 5 il azadlıqdan məhrum edilmişdi.

Yuxarı instansiya məhkəməsi bütün dəlil və sübutları tədqiq etdikdən, tərəflərin çıxışlarını dinlədikdən sonra birinci instansiya məhkəməsinin hökmünü ləğv edib.

Ziya Şirinovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, hökmdə iş üçün əhəmiyyət kəsb edən bütün hallar sübuta yetirilməyib. Qərara əsasən, A.Abdullayev və L.Abdullayevaya bəraət verilib. Ər-arvad məhkəmə zalından birlikdə azadlığa buraxılıblar.

Qeyd edək ki, cütlüyün 4 övladı var.

Sail Ağasəlim