12 yaşlı uşaq magistral yolda maşın sürərkən saxlanıldı - Video

12-yasli-usaq-magistral-yolda-masin-surerken-saxlanildi
Oxunma sayı: 3465

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən videomüşahidə  kameraları vasitəsilə yollara nəzarət zamanı Bakı-Qazax yolunda hərəkətdə olan “VAZ 21723” markalı nəqliyyat vasitəsi diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, sükan arxasında azyaşlının olduğuna dair şübhələr yaranıb və həmin avtomobil Kürdəmir rayonu ərazisində yerləşən stasionar postda yol-patrul xidməti əməkdaşları tərəfindən dayandırılıb.

Məlum olub ki, avtomobili həqiqətən də 12  yaşlı uşaq idarə edib. Uşağın atası ilə profilaktiki söhbətlər aparılıb və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Valideyn özü də yol verdiyi əməldən peşmanlığını ifadə edib.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yeniyetmə məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək bəzən gizlin, bəzən də valideynlərinin xəbəri ola-ola avtomobil sürməsi halları mövcuddur:

“Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.

Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq”.