200 min uşağın təhsilə cəlb edilməməsi iddialarına - Ekspert cavabı

200-min-usagin-tehsile-celb-edilmemesi-iddialarina
Oxunma sayı: 2148

“Ötən günlərdə xəbər saytlarında ölkəmizdə 200 min uşağın təhsilə cəlb edilməməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru dosent İlham Cavadov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.  

O qeyd edib ki, 2022-2023-cü tədris ilində icbari təhsili (ümumi-orta təhsil) bitirən şagirdlərin sayı 140,558 nəfər olacaq.

İ. Cavadovun sözlərinə görə, bu rəqəm həmin şagirdlərin 1-ci sinfə başladığı zaman mövcud olan saydan (152,380 nəfər) təxminən 12 min nəfərədək azdır. Bu tipli azalma adətən beynəlxalq təcrübədə müxtəlif demoqrafik səbəblərlə izah olunur:

“Mövcud qanunvericiliyə əsasən, 15 yaşından sonra (ümumi-orta təhsil səviyyəsi) təhsil icbari xarakter daşımır və bu yaşdan yuxarı yeniyetmələrin bir qismi peşə, orta-ixtisas və ya ali təhsil alırlar, eləcə də qanunvericiliyə əsasən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.

Bildiyimiz kimi, aidiyyəti dövlət qurumları - Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları təhsildən yayınma halları ilə bağlı davamlı tədbirlər həyata keçirir və bu halların qarşısının alınması üçün maarifləndirici işlər görür”.