30 il qabaq iyunun 4-də...

30-il-qabaq-iyunun-4-de
Oxunma sayı: 4010

Gəncədə adi bir gün idi. Günəşli, bir qədər sərin, ara-sıra çiskin yağış­lı gün. Amma illər, aylar keçir, həmin gün – 4 iyun yaddan çıxmır, xatirələr­də ağır, müharibə qoxulu gün kimi qa­lır. Çünki şəhər sakinləri həmin səhər yuxudan top-tüfəng səsləri ilə oyan­mışdılar və əvvəl nə baş verdiyini an­lamamışdılar. Amma bir azdan... 

Məlum oldu ki, hökumət qoşunları şəhərdəki hərbi hissəyə hücum ediblər və nəticədə çox ciddi qarşıdurma yara­nıb, ölən və yaralananlar olub. Gəncə hadisələrini araşdıran komissiyanın ye­kun protokolundan: “Şahidlərin mə­lumatından və komissiya üzvlərinin müşahidələrinə əsasən məlum olmuş­dur ki, 4 iyun 1993-cü il tarixdə, səhər saat 6 radələrində 130 nömrəli hərbi hissənin ərazisindən istifadə etməklə 709 nömrəli hərbi hissəyə tank, BMP, BTR və digər hərbi texnikalar vasitə­silə geniş hücum təşkil edilmiş, tank tırtılları altında kazarmada yuxuda olan əsgərlərdən 12 nəfəri əzilmiş və vəhşicəsinə məhv edilmişdir. Eyni za­manda, həmin kazarma top, minamyot və başqa silahlardan atəşə tutularaq tamamilə yandırılmış və daş-kəsək altında əsgərlərin cəsədləri qalmış­dır. Komissiyanın məlumatına görə, basqın zamanı 69 nəfər hərbi qulluq­çu və mülki şəxs öldürülmüş, 150-dən çox əsgər və zabit yaralanmışdır. Qarşı tərəfin cavab atəşi nəticəsində Bakıdan və ətraf rayonlardan gətiril­miş daxili qoşunların xüsusi təyinat­lı dəstələri tərksilah olunmuş, 1250 hərbi qulluqçu girov götürülmüş­dür...” 

Əslində həmin gün Gəncə sakinləri­nin təqviminə “qara gün” kimi daxil olub və əslində belə bir aqibəti hamı gözlə­yirdi. Çünki AXC-Müsavat iqtidarı ölkəni idarə edə bilmirdi. Səriştəsiz, iddialı adamlar xalqın və dövlətin taleyi üçün qətiyyən məsuliyyət daşımırdılar. 

...İqtidar qoşunlarının hücum etdiyi hərbi hissə yaşayış binalarının sıx ol­duğu, nəqliyyatın intensiv hərəkət etdiyi ərazidə yerləşir. Səhərin gözü açılmamış ora tanklar, BTR-lər yeritmək ağılsızlıq idi. Neçə-neçə cavan, qoca, uşaq hə­lak oldu. Sonrakı günlərdə Gəncə dö­yüş meydanını xatırladırdı. Hava limanı, şəhərin digər tikililəri dağılmışdı. 

Bəylər Nəcəfov, Gəncə hava lima­nının direktoru: 

– İyunun 3-də Gəncənin hava lima­nına TU-154 təyyarəsi enmişdi. Əvvəlcə başa düşməmişdik ki, bunlar kimdir, nəyə gəliblər. Təyyarənin içərisində 300-350 nəfərə qədər hərbi qulluqçu görəndə hiss etdik ki, böyük fəlakət baş verə bilər. Hər­bçilərin yarısı avtobuslara minərək, 709 nömrəli hərbi hissəyə getdi. Yarısını isə yolda, aeroportun yaxınlığındakı meşə­likdə şəhər sakinləri saxladılar. Burada Surət Hüseynovun da adamları var idi. Hava qaralmağa az qalmış atışma başla­dı. Gecə saat 2-də “Qrad” qurğularından aeroporta atəş açıldı, bir neçə obyekt məhv edildi. Aeroportun bu cür hücuma məruz qaldığını görən hərbçilərin bir his­səsi qaçdı.

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin rəhbərliyi ilə məsləhətləşdik ki, bizim YAK təyyarələrini də məhv edə bilərlər, onları Bakıya göndərmək lazım­dır. Gecə saat 4 radələrində Yevlaxdan təyyarəçilər gəldilər, YAK-40 tipli 3 təy­yarəmizi Bakıya apardılar. Təyyarəçilərə göstəriş vermişdik ki, işıqları söndürsün­lər, havadakı təyyarəni görmək mümkün olmasın, çünki onları da vura bilərdilər. İyunun 5-də səhər saat 9-a yaxın aero­portu yenə qrad qurğularından atəşə tut­dular, daha bir neçə obyekt dağıldı. Hava limanı xarabalığı xatırladırdı. Bakıdan, guya, köməyə gələn iqtidar qüvvələri də oradan qaçmışdılar.

...Gəncə hadisələri AXC-Müsavat ha­kimiyyətinin yarıtmaz və xəyanətkar si­yasətinin nəticəsi idi. Faktiki olaraq ölkə­də vətəndaş müharibəsi başlanmışdı. O günlərdə küçədə əlində avtomat silah oynada-oynada gedən adamları görmək adi hal almışdı. Axşam saat 6-dan sonra Gəncə ölü şəhər təsiri bağışlayırdı. Sa­kinlər qorxu içində idilər, həyət-bacada gəzişən və ya küçələrə, parka-xiyabana çıxan şəhər sakini görmək mümkün de­yildi. Ətraf rayonlarda da vəziyyət kritik şəkil almışdı. İqtidar nümayəndələri yer­lərdə hakimiyyətlərini qorumaq, adamları sakitləşdirmək əvəzinə, mövqelərini giz­lincə tərk edirdilər.

Artıq bir sıra ərazilərdə - Lənkəran­da, Qusarda, elə Gəncənin özündə və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirir­dilər. S.Hüseynovun nəzarətindəki 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olmuşdu. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfin­dən girov götürülmüşdü. Hətta onun si­lahlı birləşmələri Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlamış­dılar.

Ümumən, Azərbaycan həmin dövrdə indiki Sudanı, Liviyanı, İraqı, Əfqanıstanı və Yəməni xatırladırdı. 

Vətənin bu ağır günlərində Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyəti Gəncədə baş vermiş ha­disələrlə bağlı 1993-cü il iyunun 7-də bəya­nat yaydı. Sənəddə Azərbaycanda vətən­daş müharibəsinin başlandığı bildirilirdi.

Fuad Əliyev, akademik: 

– Heydər Əliyevin ölkənin “olum, ya ölüm?” dilemması qarşısında qaldığı bir vaxtda yenidən hakimiyyətə dəvət olun­ması və ulu öndərin xalqın gələcək taleyi­ni fikirləşərək dəvəti qəbul etməsi xəbəri Azərbaycanın hər yerində, o cümlədən, Gəncədə də böyük coşqu ilə qarşılandı. 

O günləri mən yaxşı xatırlayıram. Heydər Əliyev iyunun 13-də axşamüs­tü şəhərə gəldi. İnsan selinin o böyük şəxsiyyəti necə qarşıladığını sözlə ifadə edə bilmirəm. Hamının əli göydə idi, hamı “Heydər, Heydər” deyirdi. Sə­mimiyyətimə inanın, nə ondan əvvəl, nə də ondan sonra, mən Gəncədə bir o qədər insanın şəhərə çıxdığını görməmişəm.

Milli Qurtuluş Günü kimi Azərbay­can tarixinə həkk olmuş 1993-cü ilin 15 iyunu məhz Heydər Əliyev fenomeninə rəğbətin təntənə salnaməsidir. Vətənini, xalqını sevən, dəhşətli hadisələri gözləri ilə görən insanlar üçün bu gün əsl qəhrəmanlıq və şücaətin zəfər ta­rixidir. Bu unudulmaz tarixi yaradan, qoruyub saxlayan isə ulu öndər Heydər Əliyevdir.

Yadımdadır, 1997-ci il iyunun 15-də Heydər Əliyevin Azərbaycanda ilk dəfə rəhbər seçilməsinin 28-ci ildönü­mü münasibətilə Gəncədə, dahi şəx­siyyətin adını daşıyan parkda şəhər ziyalılarının geniş toplantısı keçirilirdi. Məhz, həmin möhtəşəm tədbirdə Gən­cə ziyalıları və şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən hər il 15 iyun tarixinin “Milli Qurtuluş Günü” kimi qeyd edilməsi təklif olundu. Əslində bu tarixi günü gəncəlilər Azərbaycanın dövlət müstəqilliyinin təminatçısı olan Ümum­milli liderə böyük məhəbbətlərinin tərənnümü kimi qəbul edirlər.

Beləliklə, xalqımız Azərbaycanın ağır və tarixən məsuliyyətli günündə ulu öndər Heydər Əliyevi Naxçıvandan Ba­kıya dəvət edir. Ümummilli lider Heydər Əliyev xalqın və respublikanın hakim da­irələrinin təkidli dəvətini qəbul edir, iyunun 9-da Bakıya gəlir və qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alır.

Bir faktı nəzərə çatdıraq ki, AXC-Mü­savat iqtidarı Ulu öndəri Bakıya dəvət etmək haqqında hələ Gəncə hadisələri­nin ertəsi günü düşünməyə başlamışdı. Dahi şəxsiyyətin özü isə bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi: “1993-cü ilin iyun ayında Azərbay­canda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmə­di. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərə­kat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiy­yəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir za­manda, əlacsız qaldı və mənə müra­ciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif tə­bəqələrinin nümayəndələri və ziyalı­ları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükədən xilas etdi. O döv­rdə baş verən hadisələr bir daha tarixi ger­çəkliyi üzə çıxarmış olur ki, böyük dövlət xadimi yenidən hakimiyyətə qayıtmasay­dı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı.

İyunun 9-da xalq, o cümlədən günlə­rini qorxu içində keçirən Gəncə sakinləri azacıq da olsa, dərindən nəfəs aldılar. Artıq hamı düşünürdü ki, Heydər Əliyev gəlibsə, demək qarşıdurmaya son qo­yulacaq. İyunun 13-ü günü bu inam bir qədər də artdı. Həmin günü bu sətirlərin müəllifi də yaxşı xatırlayır. Milli Məclisin iclasında Heydər Əliyevin bir qrup jurna­listin müşayiəti ilə Gəncəyə yola düşməsi xəbəri bütün şəhəri ayağa qaldırmışdı. Gəncəlilər ulu öndərin yolunu səbirsizlik­lə gözləyirdilər. Mən də gözləyənlər ara­sında idim.

Şər qarışana yaxın Heydər Əliyev şəhər icra hakimiyyətinin qarşısındakı meydana gəldi. Məlumat almışdım ki, bu­rada görüşü olmayacaq. Amma ulu öndər eşidəndə ki, meydanda on minlərlə adam onu gözləyir, onun üzünü görmək, səsi­ni eşitmək istəyir, o zaman burada ayaq saxladı. Aradan 30 il keçsə də, həmin görüşü yada salanda indi də həyəcan­lanır, özümü ələ ala bilmirəm. Bu səhnə xalqın öz liderinə olan məhəbbəti, inamı idi və onu kənardan seyr etmək necə də qürurverici idi! Siz inanırsınız, insanlar ağlayırdılar, bu sevinc göz yaşları idi.

O da yadımdadır ki, 5 il sonra, 1998-ci il oktyabrın 7-də elə o meydanda Gəncə seçiciləri ilə görüşən Heydər Əliyev hə­min günləri xatırlayaraq deyirdi: “Gəldim, ancaq öz üzərimə vəzifə götürmədim. Bir həftə mənimlə danışıqlar getdi. Bu­rada qan tökülmüşdü. Ona görə mən bütün çətinliklərə baxmayaraq, o vaxt həyatımın böyük təhlükə altında oldu­ğunu görərək, böyük riskə gedərək 1993-cü ilin iyun ayının 13-də buraya, Gəncəyə, qardaş qanı tökülən bu qə­dim diyara gəldim. Burada vəziyyətin nə qədər gərgin olduğunu gördüm. Eyni zamanda, gəncəlilərin mənə nə qədər dəstək verdiyini görərək Bakıya dönüb iyun ayının 15-də Ali Sovetin sədri vəzifəsini öz üzərimə götürməyə razılıq verdim. Məni Ali Sovetə sədr seçdilər”.

…Ertəsi gün Heydər Əliyev dağıdıl­mış hərbi hissəyə getdi, hadisə şahidlə­rilə, əsgərlərlə, komandirlərlə görüşdü, onları dinlədi.

Lap yaxınlıqda idim və bu böyük şəxsiyyətin hər sözünü aydın eşidirdim. Hamı istəyirdi ona yaxınlaşsın, ürək sö­zünü desin. Söhbətin şirin yerində əsgər­lərdən kimsə havaya qumbaraatandan atəş açdı və məqsəd nə idi, bilmədik. Səs o qədər dəhşətli idi ki, hamı qorxdu, hət­ta yerə sərilənənlər də oldu.Yaxınlığında olduğumdan aydın görə bildim ki, Heydər Əliyev heç gözünü də qırpmadı. Bircə astadan “Surət, sən bilərsən, bu nə idi?” deyib özünəməxsus şəkildə gülümsədi. S.Hüseynov isə bir qədər duruxub “yəqin əlində təsadüfən açılıb, Heydər Əliyeviç, cəzasını verərik” –deyə izahat vermək istədi...

Bəli, 30 il qabaq Ulu öndərin xilaskar­lıq missiyası Azərbaycanı fəlakətdən qur­tardı. Bu taleyüklü vəzifəni yalnız Heydər Əliyev kimi tarixi şəxsiyyət, təcrübəli si­yasətçi, vətənpərvər insan, güclü lider yerinə yetirə bilərdi. Heydər Əliyev Azər­baycanı fəlakətdən qurtarıb inkişaf yolu­na yönəltdi, müstəqilliyimizi əbədi etdi. 

Ata yolunu çox böyük sədaqətlə, uğur­la davam etdirən Prezident İlham Əliyev isə Azərbaycanı güclü dövlətə çevirə bil­di, onun ərazi bütövlüyünü bərpa etdi. Bu gün ölkəmiz dünyada sayılıb-seçilən dövlətlərdən biridir. Öz sözü, müstəqil siyasəti olan yenilməz dövlətimizlə hər bir azərbaycanlı fəxr edir. 

30 il qabaq vətəndaş müharibəsi ilə üzləşən dövlətimizin Heydər Əliyev kimi qüdrət sahibi, İlham Əliyev kimi davamçısı olmasaydı, taleyimizin necə olacağı hamı­ya aydın idi. Yaxşı ki, belə mübariz oğulları­mızın sayəsində Vətənimiz bu gün özünün işığı ilə bütün dünyaya şəfəq salır...

Hamlet Qasımov,

“Xalq qəzeti”