Türkiyəli məşhur musiqiçi və yazıçı Mehmet Güreli təxminən 40 ildir mənəvi qızı hesab etdiyi aktrisa və yazıçı Görkem Yeltanı rəsmi olaraq övladlığa götürüb.
“Qafqazinfo” xəbər verir ki, İstanbul Ailə Məhkəməsi Gürelinin bununla bağlı müraciətini təmin edib.
Qərarla uzun illərdir davam edən ata-qız münasibəti hüquqi baxımdan da rəsmiləşdirilib.
Məlumata görə, Mehmet Güreli ilə Görkem Yeltanın yolları Yeltanın cəmi 9 yaşı olarkən kəsişib. Təhsil almaq üçün İstanbula gələn Yeltanla Güreli arasında zaman keçdikcə güclü mənəvi bağ yaranıb.
İllər ərzində onların münasibətləri yalnız ailə bağları ilə məhdudlaşmayıb, ikili sənət sahəsində də əməkdaşlıq edib.
Gürelinin ötən il səhhətində yaranan problemlər səbəbindən xəstəxanada müalicə aldığı vaxt Görkem Yeltan onun ən böyük dəstəkçilərindən biri olub.
Yeltanın müalicə müddətində Güreliyə yoldaşlıq etdiyi, onunla bağlı bütün lazımi prosedurları diqqətlə izlədiyi bildirilib.
Məhz bu dövrdə Güreli illərdir mənəvi qızı hesab etdiyi Yeltanı hüquqi baxımdan da övladlığa götürmək istəyini dilə gətirib. Yeltan da bu qərara razılıq verib.
Bundan sonra Mehmet Güreli İstanbul Ailə Məhkəməsinə müraciət edib. Ərizəsində Görkem Yeltanla təxminən 40 ildir ata-qız münasibətində olduğunu, çətin günlərdə daim onun yanında olduğunu və Yeltanın rəsmi olaraq qızı olmasını istədiyini bildirib.
Məhkəmə Gürelinin tələbini təmin edib.
Əsaslandırılmış qərarda Görkem Yeltanın uzun illər ərzində Mehmet Güreliyə qayğı göstərdiyi və Yeltanın həyat yoldaşının da övladlığa götürmə prosesinə razılıq verdiyi qeyd olunub.
Beləliklə, uzun illərdir ata-qız sevgisi üzərində qurulan münasibət məhkəmə qərarı ilə də rəsmiləşib və Görkem Yeltan rəsmi olaraq Mehmet Gürelinin övladlığa götürdüyü qızı olub.
Son xəbərlər
Son Xəbərlər