Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı uzman plastik, rekonstruktiv və estetik cərrah Araz Salmanovdur. Müsahibimiz abdominoplastika (qarın gərmə) əməliyyatı haqqında suallarımızı cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
Arayış
Uzm. Dr. Araz Salmanov 2002-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-2010-cu illərdə Türkiyə Respublikasında İzmir Dokuz Eylül Universitetinin Plastik, estetik və rekonstruktiv cərrahiyyə kafedrasında uzmanlıq təhsili alıb. O, Türkiyə Plastik Cərrahiyyə Dərnəyi, Balkan Plastik Cərrahiyyə Dərnəyi və Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin üzvüdür. Hər il Avropada plastik cərrahiyyə üzrə keçirilən beynəlxalq tədbir və təlimlərdə iştirak edir. Dr. Araz Salmanov bütün növ plastik əməliyyatları peşəkarlıqla icra edən yüksək təhsilli mütəxəssisdir. Hazırda Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir.
-Abdominoplastika əməliyyatı nədir?
-Bu, qarın nayihəsinin estetikası ilə bağlı bir əməliyyatdır. Abdominoplastika qarın nayihəsində sallaq şəkil almış artıq dəri və piylərin götürülməsi, həmçinin qabağa doğru çıxmış qarın əzələlərinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilir.
-Bu əməliyyat necə həyata keçirilir?
-Abdominoplastika ümumi narkoz altında icra olunur. Qasığın üst tərəfində, bikininin altında qalan nayihədə qısa bir kəsikdən dəri altına daxil olunur və qabırğa qövsünə qədər dəri qarın üzərindən sərbəstləşdirilir. Daha sonra artıq dəri və piy qatı götürülərək qarın gərilməsi həyata keçirilir. Onu da qeyd edim ki, abdominoplastika zamanı heç bir şəkildə qarın boşluğuna daxil olunmur və daxili orqanlar cərrahi müdaxiləyə məruz qalmır. Plastik cərrah boşalmış, qabağa çıxmış əzələləri tikərək bir-birinə aplikasiya edir. Beləcə qarın daxildən gərilmiş vəziyyətə gətirilir.
-Hansı hallarda abdominoplastikaya ehtiyac yaranır?
-Abdominoplastika daha çox estetik məqsəd üçün həyata keçirilən bir əməliyyatdır. Qadınlarda, xüsusilə də ikinci uşağı dünyaya gətirəndən sonra qarın nayihəsində dəri sallanması, toxumaların önə çıxması kimi qeyri-estetik hallar müşahidə olunur. Onu da qeyd edim ki, bu, təkcə estetika ilə bağlı deyil. Sallaq dərinin altında tez-tez tərləmələr, dermatit kimi başqa problemlər də yaranır. Abdominoplastika qadınların həm də bu kimi şikayətlərini aradan qaldırır.
-Daha çox hansı yaş qrupunda olan xanımlar sizə müraciət edir?
-30-40 yaş arası xanımlar daha çox müraciət edirlər. Qeyd etdiyim kimi, adətən, ikinci hamiləlikdən sonra qarın nayihəsində problemlər ortaya çıxır. Bundan ciddi narahat olan xanımlar var. Psixoloji baxımdan da bədəndə bu kimi estetik qüsurların yaranması qadınlara mənfi təsir göstərir. Xüsusilə də özünə güvən hissini aşağı salır. Xoşbəxtlikdən xanımların abdominoplastika ilə istədikləri bədənə sahib olmaq kimi bir fürsətləri var.
-Abdominoplastika üçün müraciət edən kişi pasiyentləriniz də olurmu?
- Qarın nayihəsində yaranan problemə görə müraciət edən kişilər də var. Amma çox az olur. Onlarda icra etdiyimiz abdominoplastika qadınlardakından fərqlənir. Müəyyən səbəblərə görə kişilərə bu əməliyyatı tövsiyə etmirik. Ancaq seçilmiş kişi xəstələrində abdominoplastikanı həyata keçiririk.
-Liposaksiya ilə eyni vaxtda abdominoplastikanı da icra etmək olar?
-Pasiyentlərin böyük əksəriyyətində abdominoplastika ilə yanaşı, liposaksiyanı da icra edirik. Kök insanlar istisnadır. Çünki artıq çəkisi olan pasiyentlərdə bu əməliyyatı icra etməyin əhəmiyyəti yoxdur, bir nəticə vermir. Lakin əks-göstərişi olmayan hər 10 xəstədən 9-da hər iki əməliyyatı eyni vaxtda həyata keçiririk. Liposaksiya ümumi nəticəyə müsbət təsir edir, abdominoplastikanın effektini artırır. Xüsusilə də bel, kürək nayihələrinin incəlməsində, formaya salınmasında böyük rolu var. Bir sözlə, liposaksiya sayəsində kiçik kəsiklərlə böyük nəticələr əldə edə bilirik.
-Qeysəriyyə əməliyyatı ilə birgə abdominoplastikanı da icra edən cərrahlar var. Bu, nə dərəcədə doğrudur?
-Bəli, təəssüf ki, belə hallar baş verir. Bunu doğru saymıram. Elmi cəhətdən də əsaslandırılmayıb. Bu barədə heç bir elmi məqaləyə rast gəlməmişəm. Yanlış bir hal olduğunu əminliklə demək olar. Çünki uşaq dünyaya gətirən qadının immun sistemi çökmüş vəziyyətdə olur. Bu cür xanımları əlavə cərrahi travmaya məruz qoymaq doğru deyil. Digər tərəfdən, bildiyimiz kimi doğuşdan 6 ay sonrakı müddətdə qarın nayihəsində ciddi dəyişikliklər baş verir. Bu dəyişiklikləri nəzərə alaraq abdominoplastikanı icra etmək mümkün deyil.
-Abdominoplastikanın hansı riskli və çətin tərəfləri var?
-İstənilən cərrahi prosedurların, o cümlədən estetik əməliyyatların müəyyən riskləri, fəsadlaşma ehtimalları var. Bu, əsasən, pasiyentin yaşı, sağlamlıq göstəriciləri ilə bağlıdır. Xəstə sağlam və yaşı azdırsa, bu ehtimallar çox aşağı olur. Təxminən 1-3 faiz civarından hesablanır. Lakin kök və yanaşı xəstəlikləri olan pasiyentlərdə mümkün risklər daha yüksəkdir. Xüsusilə də qarın nayihəsində daha öncə cərrahi prosedur keçirmiş, qarında çapığı olan insanlarda fəsadlaşma ehtimalı çoxdur. Qarın dərisinin qidalanması pozulmuş xəstələrdə abdominoplastikadan sonra nekroz, yara yerinin gec bitişməsi kimi hallar yarana bilər. Əsl peşəkar plastik cərrah bu kimi ehtimalları nəzərə alır və ortaya çıxan fəsadların öhdəsindən gələ bilir. Eləcə də həm qan laxtası, həm də piy parçaları ilə olan emboliyaların baş verməsi də mümkündür. Odur ki, istənilən estetik əməliyyatla bağlı ancaq işinin mütəxəssisi olan plastik cərrahlara müraciət etmək önəmlidir.
-Peşəkar plastik cərrahı necə seçmək lazımdır? Özünü plastik cərrah adlandıran həkimlərin sayı gündən-günə artmaqdadır.
-Bu, səhiyyəmizdə ciddi bəladır. Plastik, estetik və rekonstruktiv cərrahiyyənin ali təhsilini almadan, sadəcə kurs keçməklə bu gün plastik cərrah kimi fəaliyyət göstərən həmkarlarımız var. Bir həkimin peşəkar plastik cərrah olması üçün onun bu ixtisas üzrə ali təhsil alması şərtdir. Əks halda heç bir peşəkarlıqdan söhbət gedə bilməz. Məhz bunun nəticəsidir ki, plastik cərrahiyyə xətaları ilə bağlı bizə müraciət edən pasiyentlərin sayı durmadan artır. Bəzən elə ağır fəsadlarla gəlirlər ki, yaranmış problemi tam aradan qaldırmaq mümkün olmur. Odur ki, sağlamlığınız sizin üçün dəyərlidirsə, araşdırmadan plastik cərrah seçməyin.
-Hansı abdominoplastika xətaları ilə qarşılaşırsınız?
-Təəssüf ki, cərrahi xətalarla çox qarşılaşırıq. 99 faiz hallarda qeyri-ixtisas həkimlərinin icra etdiyi plastik əməliyyatlar olur. Bəzən abdominoplastikanı başqa bir əməliyyatla qarışıq salırlar. Elə bilirlər ki, qarnın aşağı hissəsində sallanmış dərini kəsib götürmək abdominoplastikadır. Daha çox estetik qüsurlarla rastlaşırıq. Pasiyent əməliyyatdan razı qalmır, istədiyi nəticəni əldə edə bilmir. Eləcə də qarın nayihəsində eybəcər, xoşagəlməz çapıqların yaranması, yara yerində nekrozun baş verməsi, yaranın bitişməməsi və açılması kimi hallar da baş verir.
-Bəzən çox eybəcər tikiş izlərinə rast gəlirik. Sizin etdiyiniz əməliyyatlarda isə yara izi, demək olar, itir, qalmır. Bu, daha çox nə ilə bağlıdır?
-Abdominoplastika əməliyyatından sonra bikini olan hissədə xətt şəklində bir çapıq qalır. Bu çapığın qalınlığı, görünüşü müxtəlif səbəblərdən asılıdır. Əlbəttə ki, həkimin cərrahiyyəsi ilə də bağlıdır. Əgər cərrah toxumalarla kobud rəftar edir, toxumaları kəsib götürərkən, yaxud da tikərkən çox əzir və travma verirsə, çapıqlar da eybəcər qalır. Həmçinin hansı tikiş materiallarından istifadə edilməsi də önəmlidir. Bəzi tikiş materialları ciddi çapıqlar yaradır. Bunu yalnız peşəkar plastik cərrah müəyyən edə bilər. Onu da qeyd edim ki, çapıq orqanizmlə də bağlıdır. İnsanların təxminən 6 faizi qalın çapığa meyilli olur. Cərrah nə etsə də, belə pasiyentlərdə çapıq izi qalın və kobud qalır. Bu kimi hallarda çapıqlarla bağlı da ayrıca prosedurlar tətbiq edir, mümkün qədər yara izini azaltmağa çalışırıq.
-Abdominoplastika əməliyyatı olunmaq istəyən xanımlara nələri tövsiyə edərdiniz?
-Reproduktiv funskiyanı tamamlamağı məsləhət görərdik. Yenidən ana olmağı düşünməyən xanımlar plastik cərraha müracət edə bilərlər. Bir az öncə də qeyd etdiyim kimi, əsas şərt peşəkar cərrah seçimidir. Unutmayın ki, bəzi plastik əməliyyat xətalarının tam geriyə dönüşü olmur və insanda ömürlük estetik qüsur yarada bilir. Odur ki, işinin mütəxəssisi olan plastik cərrahlara müraciət edin. Yalnız bu halda sağlam və təhlükəsiz gözəlliyə sahib ola bilərsiniz.
Qeyd: Maraqlananlar Uzm. Dr. Araz Salmanovla (051) 971-55-09 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/plastikcerraharazsalmanov feysbuk və “plastik_cerrah_araz_salmanov” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.

