Abşeron İcra Hakimiyyətində əməliyyat keçirildi - Saxlanılan var - Foto

abseron-icra-hakimiyyetinde-emeliyyat-kecirildi
Oxunma sayı: 18070

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, korrupsiya ilə əlaqəli qanun pozuntuları barədə keçirilən əməliyyat zamanı saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq faktı təsdiq ediblər.

İctimaiyyətə əlavə məlumat veriləcək.

***

Baş Prokurorluq Abşeron Rayon İcra Hakimiyyətində keçirilmiş əməliyyatla bağlı məlumat yayıb.

Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.