Xəbər verdiyimiz kimi, dünəndən başlayaraq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılıb. Satış Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir.
Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malik olsa da, ilk müraciət edənə satışın mümkün olduğu “erkən gələnə erkən xidmət” prinsipi əməliyyatda bəzi “sürpriz”lərə səbəb olub.
Belə ki, “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 min nəzərdə tutulsa da, ilk gün eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub.
Ümumilikdə isə 12 saat ərzində “Güzəştli mənzil” sisteminə 60184 müraciət edilib. Nəticədə, portal artıq yüklənməyə məruz qaldığı üçün müraciətlərin eyni anda qeydə alınmasında ləngimələr yaranıb.
Gün sonunda nazirlik yaranmış vəziyyətlə bağlı məlumat yayaraq baş vermiş texniki nöqsanların aradan qaldırıldığını bildirib.
Ancaq “Güzəştli mənzil” əldə etmək üçün sayta müraciət edən dövlət qulluqçularından biri “Qafqazinfo”ya müraciətində bildirib ki, portalda baş vemiş problem hələ də aktualdır:
“Saytda hansı ev satılıbsa, artıq o evin satışı dayandırılır və saytdan silinir. Mən sayta girəndə artıq çox az ev qalmışdı. Mən də üçotaqlı bir mənzili işarələdim. Elə o zaman bildiriş gəldi ki, 08.05.2018-ci il tarixinə kimi ərizəni təsdiq etməsəz, seçdiyiniz mənzilin üzərinə qoyulmuş məhdudiyyət götürülərək digər istifadəçilərə təqdim olunacaq. Ərizəni təsdiq etmək ünün yenidən sayta daxil olduğum zaman artıq həmin bölmənin silindiyini gördüm.
Müraciətçinin sözlərinə görə, onun kimi yüzlərlə adam bu gün axşam saat 24:00-a kimi ərizəni təsdiq etməsə, seçdikləri ev yenidən satışa çıxarılacaq.
“Qafqazinfo” məsələ ilə bağlı yenidən nazirliklə əlaqə saxlayıb. Bildirilib ki, məsələdən xəbərdardılar və sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər