ADNSU-da Çingiz Cuvarlı adına auditoriya açıldı

adnsu-da-cingiz-cuvarli-adina-auditoriya-acildi
Oxunma sayı: 1978

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 İllik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində akademik Çingiz Cuvarlı adına İxtsaslaşdırılımış auditoriyanın açılış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı,  "Azərenerji" ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, AMEA-nın Fizika İnstitutunun laboratoriya rəhbəri, akademik Arif Həşimov, AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi Kamil Qurbanov, Azərbaycan Texniki Universitetinin dosenti Qara Həsənov, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov, “CBM ENGİNEERİNG” MMC-nin direktoru Zülfüqar Nurubəyli, prorektorlar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

ADNSU-nun “Elektromexanika” kafedrasının dosenti və Çingiz Cuvarlının aspirantı İlham Rəhimli Azərbaycan elektrofizika məktəbinin banisi, dünya energetika elminin tanınmış simalarından olan Çingiz Cuvarlının həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına qısa məlumat verib.

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı  prezident İlham Əliyevin ADNSU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamından danışıb və 100 illik çərçivəsində keçiriləcək tədbirlərdən söz açıb. ADNSU-da görkəmli şəxsiyyətlərin adına auditoriyaların olduğunu deyən rektor M.Babanlı Çingiz Cuvarlının adına olan bu çoxfunksiyalı auditoriyanın həm dərs otağı, həm də laboratoriya kimi bir ilk olduğunu deyib.

Qeyd edək ki, Çingiz Cuvarlı adına auditoriya ADNSU-nun Energetika fakültəsinin (EF) “Elektromexanika” kafedrasının balansında tələbələrin ixtiyarına verilib.

Elə bu gün ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Energetika” fakültəsinin təqdimatı əsasında universitetin bakalavriatura və magistratura səviyyələrində təhsil alan və ən yüksək tədris göstəricilərinə sahib olan 2 tələbəyə Çingiz Cuvarlı adına təqaüdün təqdim olunmasına dair Elmi Şuranın növbəti iclası qarşısında vəsadət qaldırıb.