Ağ Ev ABŞ Konqresinə ünvanladığı rəsmi müraciətdə İrana qarşı həyata keçirilən hərbi əməliyyatların başa çatdığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona və Senatın müvəqqəti sədri Çak Qrasliyə göndərdiyi məktubda deyilir.
Amerika lideri müraciətində 28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatların artıq yekunlaşdığını vurğulayıb.
Tramp qanunvericilərə xatırladıb ki, aprelin 7-də elan edilən iki həftəlik atəşkəs rejimi sonradan uzadılıb və həmin tarixdən bəri ABŞ və İran qüvvələri arasında hər hansı birbaşa toqquşma və ya atışma halı qeydə alınmayıb.
Qeyd edək ki, fevralın sonunda ABŞ və İsrailin birgə başlatdığı hərbi müdaxilə aprelin 7-də atəşkəslə dayandırılmışdı. Aprelin 11-də İslamabadda tərəflər arasında birbaşa danışıqlar aparılsa da, bir sıra prinsipial fikir ayrılıqları səbəbindən uzunmüddətli sülh sazişi əldə olunmayıb.
Buna baxmayaraq, Tramp aprelin 21-də atəşkəs rejimini birtərəfli qaydada uzatmaq niyyətini açıqlamışdı. İran tərəfi isə dövlət televiziyası vasitəsilə bəyan edib ki, Vaşinqtonun bu addımını rəsmi olaraq tanımır və regionda öz milli maraqlarına uyğun addımlar atmağa davam edəcək.
Son xəbərlər
Son Xəbərlər