Ağdamda “Vətən haqqı-Ana haqqı” kitabının təqdimatı oldu - Fotolar

agdamda-veten-haqqi-ana-haqqi-kitabinin-teqdimati-oldu
Oxunma sayı: 1829

Bu gün Ağdam Muğam Mərkəzində “Azərbaycan bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun müəllifi olduğu, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilən, Birinci Qarabağ müharibəsində iştirak edərək orden və medallarla təltif edilmiş ağdamlı döyüşçülərdən bəhs edən “Vətən haqqı-Ana haqqı” adlı kitabın təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir zamanı kitabda bəhs olunan döyüşçülər haqda hazırlanmış videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər təqdim olunan kitabın mahiyyətindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kimi nəşrlərin müstəsna rol oynamasından, eyni zamanda orden və medallarla təltif olunmuş ağdamlı döyüşçülər haqqında kitabda bədii-publisistik yazıların yer almasından bəhs ediblər.

Tədbirin sonunda kitabın müəllifi “Azərbaycan bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlu çıxış edərək mərasimin təşkilinə görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və iştirakçılara öz minnətdarlığını bildirib, şəhid ailələrinə və qazilərə kitablar hədiyyə edilib.