“Aİ-nin qərəzli bəyanatları vasitəçi roluna xələl gətirir” - Ceyhun Bayramov

ai-nin-qerezli-beyanatlari-vasiteci-roluna-xelel-getirir
Oxunma sayı: 2407

11 dekabrda xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı “Şərq Tərəfdaşlığı” çərçivəsi də daxil olmaqla Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, habelə regiondakı cari vəziyyət müzakirə mövzusu olub.

Görüşdə Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Son etimad quruculuğu tədbirlərinin iki ölkə arasında normallaşma prosesinə müsbət təsiri qeyd edilib.

Xarici işlər naziri normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Buna baxmayaraq, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatların sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirdiyini vurğulayıb. 

Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulmasının Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yol olduğunu vurğulayıb. 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə mövzusu olub.