“Avtobusla gedirdik, səhər tezdən, hardasa 5-ə işləmiş oyandım. Yuxulu-yuxulu pəncərədən boylananda Eyfel qülləsini gördüm. O hislərimi heç cür ifadə edə bilmərəm. Parlaq işıqlarla Eyfel çox ecazkar və əzəmətli görünürdü. Ötən həftəki partlayışlardan sonra işıqları söndürülən Eyfeli də gördüm, elə bir yaşının üstünə yaş gəlib. Qocalıb, bir o qədər də beli bükülən qocalar kimi yerə doğru sıxılıb. Bax, bu hisləri ifadə etmək isə digərindən daha çətindir”.
Rəcəb Səfərovun 18 yaşı var və artıq 14 ölkə gəzib. Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşunaslıq fakültəsinin üçüncü kurs tələbəsi olan Rəcəb uşaqlıqdan səyahəti çox sevdiyini bildirib. Səyahəti sevməsinə səbəb isə gözləmədiyi zamanlarda maraqlı stüasiyalarla qarşılaşması və həyatına yeni rənglər qatmasıdır. Çox hissəsini dərsdə və yaxud işdə keçirdiyimiz ilin ən azı bir həftəsini özümüzə hədiyyə edə bilərik deyən Rəcəb səyahətlərində başına gələn maraqlı məqamları “Qafqazinfo”nun “Azərbaycanlıların səyahət macəraları” layihəsi üçün qısa nəql edib.

Səfərlərində xarici qızların sevimlisi olan Rəcəbin maraqlı səyahət macərası:
Yay kursu üçün Almaniyaya getdiyimiz ilk günlər olardı. Səhər saat 8 idi və biz hardasa bir saata kursda olmalıydıq. Qrup yoldaşım dedi ki, çox acam çörək yeməmiş heç hara gedən deyiləm. Qərara gəldik ki, çörək almaq üçün mağaza axtaraq. Yolda qarşımıza çıxan bir neçə nəfərdən mağazanın yerini öyrənməyə çalışsaq, hamısı tez-tez danışırda və elə sağa dön, sola dön, düz get deyirdi. Əlqərəz uzaqda mağaza görüb sevinərək o tərəfə qaçdıq. Ancaq sevincimiz çörək qiymətlərini görənə kimi çəkdi. 3 avroya, 2 avroya çörək olar? Qrup yoldaşım qayıtdı ki, satıcıya de, mən 30 qəpiklik Bakıxanov çörəyindən istəyirəm. Biz gülüşürük, satıcı da pərt-pərt bizə baxır. 2 avromuzdan keçib bir çörək alandan sonra siqaret istədik. Satıcı bu dəfə də şəxsiyyət vəsiqəsi istədi. Biz nə bilək axı mağazaya gedəndə sənəd-sünədlə getməlisən, qurban olaram ölkəmizin “ştuçnu” siqarətinə. Nə isə, böyük bir günah işləmiş hissi ilə çörəyimizi qucaqlayıb qayıtdıq evimizə.
Bir azərbaycanlının xaricdə axtardığı birinci şey çörəkdirsə, ikinci şey də iynə-sap olmalıdır.

Heidelberq qəsrinin şanını çox eşitmişdik, dedik nə qədər gec deyil, gedək görək. Bilmirəm, pul verib getdiyimiz kursdan qaçdığımız üçün, ya necə qəsrə çatan kimi güclü yağış yağmağa başladı. Yaxınlıqdakı zoğal ağacının altında bir az gözləsək, kəsər deyə düşündük. Ancaq nə kəsmək, yağış daha da şiddətlənməyə başladı. Gördük yağış kəsən deyil, dayanacağa tərəf qaçmağa başladıq. Biz tramvaya minəndə tamam suyun içində idik. Qəribəsi o idi ki, ətrafda bizdən başqa islanan yox idi, elə bil yağış bircə bizim üstümüzə yağıb. Dedim indi hamı bizə baxar, biri də baxmadı. Biz də sözün əsl mənasında suyumuz süzülə-süzülə evə getdik. Bakıda hava isti olduğu üçün cəmi iki şalvar götürmüşdüm, onlardan biri əynimdəki idi, birinin də geyəndə “zamok”u xarab oldu. Dostuma dedim, gözlə, iynə sap tapıb gəlirəm. Düzü, almanların soyuq insanlar olduğunu çox eşitdiyim üçün qorxa-qorxa bir neçə qapının zəngini basdım. Kim olduğumu və nə istədiyimi soruşub biganə halda məni yola saldılar. Fikirləşdim ki, ölüm ayağında da olsan, almanların qapısını döymək ağılsızlıqdır. Yol kənarında bir kişi gülləri becərirdi, dedim bir də şansımı belə sınayım. Dərdimi deyən kimi içəridən həyat yoldaşını səslədi. Əlimdəki şalvar alıb lazımınca tikən xanım mənə uzadıb gülümsədi. Elə sevinmişdim ki. O an ölkədən, şəhərdən asılı olmayaraq hər yerin həm mehriban, həm də soyuq insanının olduğunu anladım.
Parisin dərdi var, Paris xəstədir.
Könül intizarda, göz yol üstədir...
Avtobusla gedirdik, səhər tezdən, hardasa 5-ə işləmiş oyandım. Yuxulu-yuxulu pəncərədən boylananda Eyfel qülləsini gördüm. O hislərimi heç cür ifadə edə bilmərəm, sadəcə onu deyim ki, uşaqlığımdan adını əzbərə bildiyim bu ecazkar qüllə indi bir neçə metr yaxınlığımızda idi. İnana bilmirdim ki, Parisdəyəm. Parlaq işıqlarla Eyfel çox ecazkar və əzəmətli görünürdü. Ötən gün partlayışlardan sonra işıqları söndürülən Eyfeli də gördüm, elə bir yaşının üstünə yaş gəlib. Qocalıb, bir o qədər də beli bükülən qocalar kimi yerə doğru sıxılıb. Bax, bu hisləri ifadə etmək isə digərindən daha çətindir. Videolarda gözüm “Disneyland”da növbə gözlədiyim insanları, Eyfel qülləsinə daha ucuza bilet almaq üçün yaşımızı 13 dediyimiz qadını, qarşısında bir xeyli oynadığımız küçə musiqiçisini və bu kimi onlarla Parislini axtardı. Heç birini görməməyimin onların sağ olduğundan xəbər verdiyinə inanıram. Onsuz xəyalını qurduğum Parisə ayaq basan kimi xəstəlik məni yaxalamışdı. Ancaq vəziyyətindən asılı olmayaraq şəhər səni gəzməyə vadar edir. Mən də 39 dərəcə qızdırmam olmasına baxmayaraq bütün muzeyləri gəzdim, görəcəyim yerləri gördüm. Eyfeldə olanda vaxtın necə keçdiyini hiss etməmişik. Bir də baxdıq ki, saat 2-ə işləyib. Nə qədər taksiyə yaxınlaşsaq da, fransız dilini bilmədiyimiz üçün bizi otelə aparan olmadı. Ax bu milliyyətçilik.
Baden-Baden mavi gecələrini mənə göstərmədi...
Hava dumanlı olduğu üçün Baden-Badenin mavi gecələrini görə bilmədim, ancaq şəhər sakit və gözəl olduğundan qocalanda dəyərləndirə bilərəm. Zürihdə yaşamağı isə sadəcə bir küp qızıl tapdıqdan sonra fikirləşə bilərəm. Şəhərdə acından ölsən, “al, bu sənə 5 manatlıq bir yemək” deyən olmaz. Güclə 3 franka bir şey tapdıq, o da balaca bir bulku çıxdı. Daha sonra iki gün də İtaliyada oldum, nəsə Roma heç vaxt mənə elə də maraqlı gəlməyib. Elə gedən günü planşetim oğurlandığı üçün günü bu gün də İtaliya sözü eşidəndə bədənimə qəribə bir ürpərti düşür. Bircə havası gözəl idi, Fransda, Almaniyada yay görə bilmədik. Yadıma düşmüşkən qeyd edim, şəkil çəkdirməyi çox sevən biri kimi İtaliyada adımbaşı bir şəkil çəkdirirdim. Düşünürdüm ki, palanşetim getdi, heç olmasa bir-iki şəklim olsun. Birində təzəcə poza vermişdim ki, bir fransız qadın “I am turist”, “I am turist” deyə gəlib yanımda durdu. Dedim nə olsun? Mən də turistəm. Bir az gülüşdük, sonra da mehriban bir şəkil çəkdirdik.

O ilbizlərdən sonra artıq yediyim hər makarona iki dəfə baxıram.
Vyanada olanda fərqli bir şey yeyək deyib Çin restoranına girdik. Çox ac olduğumdan, sözün düzü, o əcaib yeməklər də gözümə gözəl dəyirdi. Makarona oxşayan bir yemək nəsə dadlı göründü, həm də dedim ən azından bu nədir bilirəm, başqa şey istəsəm, birdən həşərat gətirərlər. Nə isə, yeməyimiz gəldi, iştahla yedim yarısını, bir də baxdım ki, makaronların buynuzları var. Tez yeməyin tərkibinə baxdım ki, səhərdən iştahla yediyim makaron yox, ilbizmiş. Qeyri-adi dadı olmadığı üçün elə də təəssüf hissi keçirmirəm. Ən azından indi hər yerdə deyə gəzirəm ki, ilbiz yemişəm.
Qatarın çatma vaxtı biletdə 21:13 yazılıbsa, qatar o dəqiqədə də stansiyada olacaq. Nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan.
20:00 qatarı ilə Frankfurta gedəcəkdik. Kitab almaq üçün uşaqlardan ayrıldım. Bir neçə kitab haqında oxuyurdum, hansını alım deyə seçim edirdim ki, bir də baxdım qatarın çıxmasına cəmi 4 dəqiqə qalıb. Həyəcandan gəldiyim səmti, qatarımı, hər şeyi unutdum. Artıq ümidimi üzüb yerə çökmüşdüm ki, uzaqdan uşaqların mənə əl etdiyini gördüm. Son bir dəqiqə qalmış qatara mindim və yerimdə əyləşdim. Əlimdəki Secret 365 Tagen kitabına baxıb bir neçə günə oxuyacağıma söz versəm də, hələ də oxuya bilməmişəm. Nə yalan deyim, çox ağır dildə yazılıb.

O boyda yol gedib avropalıları milli rəqsə oynatmamaq olar?
Artıq Heidelberqdə son günlərimiz idi. Qərara aldıq ki, doğruluq-cəsarət oynayaq. Bir qıza yoldan keçənlərlərin ətrafından dönərək milli rəqs oynamağı tapşırdıq. Əvvəl bir az çəkinsə də, sonradan ara qızışdı. Xarici vətəndaşlar da bizimlə birlikdə gülür, əl çalır, hətta bəziləri bilmədiyi bir rəqsə qoşulur, bizimlə birlikdə zümzümə də edirdilər. Sonda bir xanım bizə yaxınlaşıb bildirdi ki, saat 10-u keçib səs salmaq olmaz. Nə deyə bilərik, bu onların yazılmamış qanunlarıdır, bizim də borcumuz bu qanunlara əməl etməkdir. Əslində başıma gələn hadisələr çoxdur, hər ölkədə bir macəra yaşamışam. Ancaq hələ bu harasıdır, gələcək səyahətlərimin bundan daha maraqlı, macəra dolu olacağına böyük ümidlərim var.
“Qafqazinfo” son olaraq Rəcəb Səfərovun alman dili və digər dillər arasındakı fərqi göstərmək üçün hazırladığı qısa videonu təqdim edir:
Günel Hacı




